RU

Səkkizaylıq hamilə qadının öldü- mama-ginekoloq həkimlikdən uzaqlaşdırıldı

Öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib səhlənkarlıq etməsi nəticəsində Culfa rayon sakini, 8 aylıq hamilə Gülcan Allahverdiyevanın ölümünə səbəb olan Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinin mama-ginekoloqu Zülfiyyə Ağayevanın məhkəmə prosesi başa çatıb.

NOCOMMENT.az “Teleqraf”a istinadən xəbər verir ki, Culfa Rayon Məhkəməsində keçirilən prosesdə Z.Ağayeva Cinayət Məcəlləsinin 314.2-ci maddəsi üzrə təqsirli bilinib və onun azadlığı 2 il 6 ay müddətinə məhdudlaşdırılıb.

Bundan başqa, 58 yaşlı mama-ginekoloq 2 il müddətinə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutmaqdan məhrum edilib. Həkim peşə fəaliyyətindən isə ömürlük uzaqlaşdırılıb.

Ekspertiza rəyinə görə, Gülcan Allahverdiyevaya göstərilmiş tibbi xidmət ümumilikdə qüsurlu olub. Hamiləyə inyeksiya edilmiş dərman preparatları qeyd olunan dozada deyil, daha artıq dozada və əzələ daxilinə deyil, venadaxili inyeksiya edilməli idi. O da bəlli olub ki, çağırışa getmiş tibb briqadasının tərkibində ixtisaslı həkim olmayıb. Təcili yardım maşınında isə defibrilyator (şok – red.) cihazının olmaması da məhkəmədə təsdiqlənib.

Bundan başqa, hamiləliyin 33-34 həftəliyində müayinəsi zamanı onda zülal və arterial təzyiqin normadan yüksək olduğu qeyd edilib. Bununla əlaqədar hamiləyə daha geniş müayinələr aparılması lazım olsa da, həkim məsələyə səhlənkar yanaşıb.

Qeyd edək ki, Z.Ağayeva səhlənkarlıq edərək G.Allahverdiyevaya hamiləliyi dövründə qüsurlu tibbi xidmət göstərib, hamiləyə antenatal xidməti tam həcmdə aparmayıb, nəticədə, o, hiperkoaqulyasiya fonunda ağciyər arteriyası şaxələrinin trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığından ölüb.

Bundan başqa, Z.Ağayeva məhkəmədə “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”nın tələblərinə riayət etmədiyi üçün xəstəxanaya müraciət edən başqa bir hamilə qadının da uşağının ölümündə təqsirli bilinib.

Qeyd edək ki, G.Allahverdiyeva Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Избранный
22
18
nocomment.az

10Источники