RU

Deputat: “Şimal-Cənub”un ən səmərəli marşrutu Azərbaycandan keçir

Şimal-Cənub Nəqliyyat Dəhlizinin ən səmərəli marşrutu Azərbaycan üzərindən keçir.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Deputat deyib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi barədə fikirlər 1976-cı ildən meydana çıxıb:

“Çünki Hindistandan Rusiyaya, Baltikyanı ölkələrə, Ukrayna, Belarusa, Şərqi və Qərbi Avropa ölkələrinə yük daşımaları uzun bir dəniz yolu ilə 1,5 aydan çox bir müddətdə reallaşdırıla bilinir. Həm də Süveyş kanalında və digər boğazlarda daşımalar zamanı qarşılaşılan problemlər beynəlxalq yük daşımalarını daha riskli və bahalı edib.

Şimal-Cənub Nəqliyyat Dəhlizinin uzunluğu isə 7200 km olmaqla, bu dəhliz vasitəsilə yük daşımalarının müddətinin 45-60 gündən 20-25 günə, daşıma xərclərinin isə 30%-ə qədər azalacağı bildirilir. Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə ilkin mərhələdə yük daşımalarının 5 milyon ton, 2030-cu ilə qədər isə 30 milyon tona çatdırılması planlaşdırılır”.

Azər Badamov qeyd edib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ən səmərəli marşrutu Azərbaycan üzərindən keçən yoldur: “Çünki bu marşrut vasitəsilə böyük bir coğrafiyada yük daşımalarını dəmiryolu vasitəsilə həyata keçirmək mümkündür. Hazırkı vəziyyətdə Azərbaycan, Rusiya və İran arasında imzalanmış razılaşmaya əsasən, Şimal-Cənub Nəqliyyat Dəhlizinin Azərbaycan üzərindən keçən hissəsində dəmiryolları yenidən qurularaq müasirləşdirilib, Araz çayı üzərində yeni körpü inşa olunub, logistik mərkəzlər yaradılıb.

Bu marşrutda 162 km-dən ibarət Rəşt və Astara arasında dəmiryolunun tikintisinə Rusiyanın sərmayə qoyub tikintini davam etdirməsi və Fars körfəzinə qədər dəmiryolu çıxışının açılması razılaşdırılıb. Amma Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və Zəngəzur dəhlizinin reallığa çevrilməsi ilə dəmiryolunun Naxçıvan üzərindən Fars körfəzinə qədər mövcud marşrutlarla birləşməsi öz həllini tapmış olur. Yəni Rəştlə Astara arasında yolun tikintisinin nə zaman başa çatacağı məlum olmasa da, hazırkı vəziyyətdə Zəngəzur dəhlizi vasitəsilə Şimal-Cənub Nəqliyyat Dəhlizində daşımaların dəmiryolu vasitəsilə daşınmasında yeni imkanlar açılır.

Təbii ki, Ermənistan üçün də Şimal-Cənub Nəqliyyat Dəhlizinə Zəngəzur dəhlizi üzərindən qoşulmaq və tranzit ölkəyə çevrilmək imkanı yaranır. Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yaranmış yeni reallıqda Ermənistanın da iştirakı və Ermənistanla Pakistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar ilə dəhliz üzərində yerləşən ölkələr arasında bu marşrut vasitəsilə daşımalarla əlaqədar bir fikir ayrılıqları qalmır. Amma Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir tərəfinin başlanğıcında yerləşən Hindistanın bu marşruta qoşulmaq imkanları Modinin Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti üzündən məhdudlaşmış qalır. Çünki Azərbaycan-Pakistan münasibətlərinin dostluq və qardaşlıq səviyyəsində olduğuna görə Ermənistanı silahlandırması və beynəlxalq platformalarda ölkəmizə qarşı mövqe nümayiş etdirməsi Hindistanın Şimal-Cənub Nəqliyyat Dəhlizindən təcrid olunmasına gətirib çıxarır.

Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı möhkəm və sarsılmazdır. Regionda yaratdığımız yeni sülh gündəliyi Ermənistanla Pakistan arasında münasibətlərin də normallaşmasına yol açdı. Kənarda qalan isə Hindistandır. Bu, Hindistanın Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi çox vacib bir beynəlxalq nəqliyyat arteriyasından kənarda qalması deməkdir. Dünya tarixi sübut edib ki, hansı ölkə ədalətsizcəsinə digərlərinə qarşı qərəzli düşmənçilik siyasəti yürüdürsə, o ölkənin özü də iqtisadi cəhətdən səmərəli əməkdaşlıqdan kənarda qalmasını labüd edir”.


Telegram kanalımız
Избранный
18
3
yenisabah.az

4Источники