RU

Rusiyaya ağır maliyyə zərbəsi Norveç Kremlin pullarını müsadirə etmək üçün öz vəsaitini girov qoyur

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, Rusiyanın Qərb tərəfindən dondurulmuş maliyyə aktivlərinin Ukryanaya verilməsi istiqamətində xeyli addımlar atılsa da, Avropa bu vəsaitin bütünlükdə Ukraynaya verilməsində hüquqi əngəllərin olduğunu bildirir. Lakin məlum olur ki, Norveç bu problemin aradan qaldırılmnası üçün önəmli addım atmağa hazırdır.

“AzPolitika” xəbər verir ki, “The Times”-ın yazdığına görə, Norveç dondurulmuş Rusiya aktivlərinin Ukraynaya köçürülməsini təmin etmək üçün özünün suveren Sərvət Fondundan 100 milyard avro məbləğində girov ayırmağa hazırdır.

Məlum olduğu kimi, Euroclear depozitarının yerləşdiyi Belçika hazırda Rusiyanın dondurulmuş aktivlərinin (təzminat kreditləri) köçürülməsini bloklayır. Brüssel hüquqi nəticələrdən qorxur və digər Aİ ölkələrindən siyasi və maliyyə risklərini bölüşmələrini tələb edir.

“The Times” qəzetinin məlumatına görə isə Aİ üzvü olmayan (lakin NATO üzvü olan) Norveç bu məsələdə köməyə gələ bilər. Norveçin Sərvət Fondu dünyanın ən böyük milli sərvət fondudur. Onun dəyəri 1,7 trilyon avrodur və o, təbii resurslar, neft gəlirləri ilə maliyyələşdirilir. Müqayisə üçün qeyd edək ki, müharibə aparmaq, uzun illər silahlanmaq və korrupsiyaya batmaq əvəzinə, normal daxili və xarici siyasət aparsaydı Rusiyanın da müvafiq fondu Norveçinkinə yaxın səviyyəyə qalxa bilərdi. Lakin müharibə başlayanda Rusiya Milli Rifah Fondunda cəmi 100 milyard dollara yaxın likvid aktivlər var idi. 2024-cü ilin sonunda həmin məbləğ 50 milyard dollara düşmüşdü. Hazırda bu vəsaitin daha da azaldığı bildirilir. Qeyd olunur ki, Rusiya Milli Rifah Fondunun qalan likvid hissəsi də böyük büdcə kəsirini ödəmək üçün bu ilin sonuna qədər tamamilə tükənə bilər.

İndi sözügedən nəşrin yazdığına görə, bir sıra Norveç siyasətçiləri ölkənin Sərvət Fondundan 100 milyard dolları Belçikaya zəmanət vermək üçün girov kimi istifadə etməyi təklif edirlər. Bu ideya hazırda doqquz partiyadan dördü tərəfindən dəstəkləndiyi Norveç parlamentində geniş vüsət alır. Baş nazir Yonas Qar Störe təklifə açıq olduğunu bildirib və onun necə həyata keçirilə biləcəyi barədə hesabat istəyib.

Həmin girov qoyulacağı təqdirdə, Rusiyanın Qərb tərəfindən dondurulmuş aktivlərinin təkcə faiz gəlirlərini deyil, özünü bütövlükdə Ukraynaya vermək mümkün ola bilər. Bu isə Rusiya üçün olduqca ağır maliyyə zərbəsi olacaq. Yeri gəlmişkən, qeyd edək ki, bir çox Rusiya siyasətçiləri, o cümlədən Kremlə yaxın politoloqlar Rusiyanın Qərb tərəfindən dondurulan xaricdəki 300 milyard dollara yaxın vəsaitinin hansı yolla olursa-olsun zatən müsadirə olunacağını və ondan “əl üzmək” lazım olduğunu açıq deyirlər.

Rusiyanın dondurulmuş aktivləri və Ukrayna üçün təzminat krediti ilə bağlı qərar dekabr ayında veriləcək. Bundan əlavə, Norveç 2026-cı il büdcəsində Ukrayna üçün rekord həddə - 7 milyard dollar vəsait ayırır. Bu isə Almaniyanın bu yaxınlarda ayırdığı məbləğlə eynidir.

Beləliklə, Rusiya məlum çoxsaylı sanksiyalardan sonra növbəti ağır maliyyə zərbəsi alır. Bu isə məhz Vladimir Putinin başlatdığı işğalçılıq müharibəsinin daha bir ağır fəsadıdır.

C.Məmmədli

“AzPolitika.info” 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
38
azpolitika.info

1Источники