RU

"Şimal axınında partlayış: araşdırma Ukrayna üzündən Avropanı bölür" -   "The Wall Street Journal"

 
"Almaniya istintaqı "Şimal axını"nın partladılmasına görə Ukraynanın xüsusi hərbi dəstəsini şübhəli bilir..."
 
Avropa dəstəyinə təhlükə
 
"The Wall Street Journal" nəşrinin yazdığına görə, "Şimal axını" qaz kəmərlərinin partladılması ilə bağlı Almaniyada aparılan genişmiqyaslı istintaq gözlənilməz nəticəyə gətirib: alman detektivləri iddia edir ki, əməliyyatın arxasında Ukraynanın elit hərbi qrupu dayana bilər.
 
Moderator.az xəbər verir ki, üç il ərzində Almaniyanın federal polisinin Potsdamdakı qərargahında xüsusi istintaq komandası hər səhər toplanaraq, Baltik dənizinin dərinliklərində kimin sabotaj törətdiyini araşdırıb. İndi isə detektivlər belə nəticəyə gəlib ki, həmin əməliyyat Ukraynanın xüsusi təyinatlı hərbçiləri tərəfindən planlaşdırılıb və həyata keçirilib. Əgər bu versiya təsdiqlənsə, Avropanın Ukraynaya siyasi və hərbi dəstəyi ciddi şəkildə sarsıla bilər.
 
Diplomatik qalmaqal və siyasi gərginlik
 
İlk nəticələrdən biri Polşanın qərarı olub: Varşava Almaniyanın ekstradisiya tələbini yerinə yetirməkdən imtina edib. Almaniya şübhəli şəxsi öz məhkəməsində mühakimə etmək istəyib, Polşa isə onu "Rusiyanın müharibə iqtisadiyyatına zərbə vurmuş qəhrəman" adlandırıb.
 
Polşa baş naziri Donald Tusk məsələni istehzalı üslubda şərh edib: "Problem onun partladılması deyil. Problem onun ümumiyyətlə tikilməsi olub". Almaniyanın özündə də mövzu daxili siyasi qarşıdurmaya çevrilib. Sağ populist "AfD" partiyası enerji qiymətlərinin bahalaşmasını əsas gətirərək, Ukraynaya yardımı azaltmağa çağırır.
 
Məlum olduğu kimi, 2022-ci ilin sentyabrında partlayışlar "Şimal axını-1" və "Şimal axını-2" kəmərlərini sıradan çıxarıb. Bu kəmərlər Rusiya qazını Almaniyaya və Avropaya ötürüb. Qərb Rusiyanın gəlirlərini azaltmağı müzakirə edərkən, partlayışlar debatlara son qoyub. Qaz sızması nəticəsində atmosferə buraxılan CO₂ həcmi Danimarkanın illik emissiyasına bərabər olub. Əvvəlcə Rusiya günahlandırılıb. Kreml isə ABŞ-ı və Britaniyanı ittiham edib.
 
Əsas şübhəlilər, dəlillər və məhkəmə hazırlığı
 
Nəşr yazır ki, istintaq dəlillərini kirayə götürülmüş qayıqlardan, telefonlardan və videomüşahidə kadrlardan toplayıb. Alman polisi üç xüsusi təyinatlı ukraynalı hərbçi və dörd peşəkar dərinlik dalğıcına qarşı həbs orderi çıxarıb. Əsas sübutlardan biri radar skanerində çəkilmiş foto olub - üz tanıma proqramı vasitəsilə dalğıclardan biri müəyyən edilib və daha sonra sosial şəbəkə profili tapılıb.
 
Daha sonra hadisələr casus filmi kimi inkişaf edib. Dalğıclardan biri Polşadan Ukraynaya diplomatik nömrəli avtomobillə çıxarılıb. Sükanı Ukraynanın hərbi attaşesi idarə edib. Kiyev şərh verməkdən imtina edir. Digər şübhəli - UTX veteranı, 46 yaşlı Sergey K. İtaliyada həbs edilib. O, məhkəmə binasından çıxarılarkən üç barmaq işarəsi ilə Ukraynaya dəstəyini nümayiş etdirib.
 
Onun vəkili deyib: "Müştərim günahsızdır. Əgər nəsə edibsə, bu, Ukraynanın müdafiəsi üçün hərbi əməliyyatdır və bu səbəbdən hüquqi immunitetə malikdir". İndi ən böyük sual budur: İtaliya Sergey K.-nı Almaniyaya təhvil verəcəkmi? Berlində narahatdırlar ki, məhkəmə prosesi Ukrayna tərəfdarları və skeptikləri arasında diplomatik böhran yaradacaq.
 
"Şimal axını"nın partladılması artıq təkcə enerji layihəsinin sonu deyil, bu, Avropanın Ukraynaya münasibətini dəyişə biləcək siyasi mina kimidir. Məhkəmənin gedişi Qərbin birliyini möhkəmləndirə və ya onu parçalaya bilər.
Избранный
29
1
moderator.az

2Источники