RU

Paradda beynəlxalq iştirak çoxvektorlu müdafiə diplomatiyamızın təsdiqidir

2020-ci ildə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi Cənubi Qafqazda mövcud geosiyasi balansların dəyişməsinə səbəb oldu və regionda yeni təhlükəsizlik arxitekturası formalaşdı. İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin tətbiq etdiyi müasir döyüş taktikası, pilotsuz uçuş aparatlarının geniş istifadəsi, xüsusi təyinatlı bölmələrin yüksək manevr imkanları və hibrid əməliyyatlar beynəlxalq ekspert dairələri tərəfindən XXI əsrin hərbi təcrübələri sırasında nümunə kimi qiymətləndirildi. Bu Qələbə həm beynəlxalq hüququn bərpası baxımından siyasi legitimlik qazandı, həm də Azərbaycanı bölgədə əsas hərbi aktor kimi mövqeyini gücləndirdi.

Post-müharibə dövrünün diqqətçəkən hadisələrindən biri 8 Noyabr paradı oldu. Bu parad təkcə Silahlı Qüvvələrimizin modernləşmə səviyyəsinin nümayişi kimi dəyərləndirilmədi, o həm də Azərbaycanın regional və qlobal müttəfiqlik xəttini genişləndirən siyasi platforma kimi qabardıldı. Paradın ən önəmli elementlərindən biri isə Türkiyə və Pakistan Silahlı Qüvvələrinin birgə iştirakı oldu. Bu iştirak üç mühüm strategiyanı təsdiq etdi. Birincisi, Cənubi Qafqazda Azərbaycan–Türkiyə–Pakistan təhlükəsizlik əməkdaşlığının praktiki mərhələyə keçdiyini göstərdi. İkincisi, hər 3 ölkə hərbçiləri Azadlıq meydanında birgə addımlamaqla regionda yeni güc balansının formalaşdığına dair geosiyasi mesaj verdilər. Üçüncüsü isə bu addım İkinci Qarabağ müharibəsində əldə olunmuş nəticələrin beynəlxalq səviyyədə tanınmasını gücləndirən strateji elementlərdən biri kimi dəyərləndirildi. Bu üçtərəfli blok birgə təlimlərin genişlənməsi, müdafiə sənayesi üzrə kooperasiya, antiterror və kəşfiyyat məlumat mübadiləsinin dərinləşməsi üçün real imkanlar yaradır.

Paradda çoxsaylı ölkələrin yüksək səviyyəli hərbi-siyasi nümayəndə heyətlərinin iştirakı da Azərbaycanın çoxvektorlu müdafiə diplomatiyasının uğurlu nəticəsi kimi dəyərləndirilir. Tədbirdə Slovakiyanın Baş nazirin müavini və müdafiə naziri, Səudiyyə Ərəbistanının müdafiə nazirinin müavini, Serbiyanın Baş Qərargah rəisi, Qırğızıstan və Qazaxıstanın müdafiə nazirləri, Özbəkistanın müdafiə nazirinin müavini iştirak etdilər. Bu ölkələrin müxtəlif regionları təmsil etməsi Azərbaycan ətrafında formalaşan təhlükəsizlik əməkdaşlığının yalnız regional ölçü ilə məhdudlaşmadığını göstərdi. Avropa, Balkan, Körfəz və Mərkəzi Asiya dövlətlərinin Bakıya nümayəndə heyətləri göndərməsi Azərbaycanın beynəlxalq təhlükəsizlik sistemində yeni tərəfdaşlıq formatları yaratdığını göstərən mühüm indikator oldu.

Təhlil göstərir ki, 8 Noyabr paradı iki əsas nəticəni ortaya qoydu. Birincisi, Qarabağ müharibəsində əldə olunmuş qələbə beynəlxalq siyasi müstəvidə faktiki olaraq tanınmış və geri dönməz proses kimi qəbul olunur. İkincisi, Cənubi Qafqazda yeni təhlükəsizlik reallığı Azərbaycan və onun strateji tərəfdaşları üzərində qurulur. Türkiyə və Pakistanın hərbi kontingentinin Bakıda iştirakı, digər ölkələrin müdafiə nazirləri və ali rütbəli nümayəndələrinin tədbirə qatılması regionda güc mərkəzinin dəyişdiyini nümayiş etdirdi. Bununla yanaşı, bu platforma müdafiə sənayesi, silah tədarükü, texnoloji əməkdaşlıq və birgə təlimlərin gələcəkdə daha intensiv formatda həyata keçiriləcəyinə işarə edir.

Ümumilikdə aparılan qiymətləndirmə göstərir ki, Azərbaycan post-müharibə dövründə yalnız qalib dövlət statusu ilə kifayətlənmir, həm də regional təhlükəsizlik modelinin aparıcı formalaşdırıcısına çevrilir. Mövcud tendensiyalar müdafiə diplomatiyasının genişlənəcəyini, hərbi texniki əməkdaşlıq layihələrinin artacağını və Azərbaycanın NATO, Körfəz və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin daha dərin strateji çərçivəyə keçəcəyini göstərir. Bu isə Cənubi Qafqazın gələcək təhlükəsizlik memarlığında Azərbaycanın mərkəzi aktor olaraq mövqeyini daha da gücləndirir.

Səbuhi MƏMMƏDOV

XQ

 

Избранный
51
xalqqazeti.az

1Источники