RU

Qlobal kiberhücumların artan dalğası - rəqəmsal iqtisadiyyat üçün yeni təhlükə mühiti - ŞƏRH

2025-ci ilin üçüncü rübündə dünya üzrə kiberhücumların 82 faiz artması rəqəmsal təhlükəsizlik dinamikasında yeni və daha mürəkkəb bir mərhələnin başlandığını göstərir. “StormWall” tərəfindən yayımlanan hesabatda DDoS hücumlarının coğrafi paylanması qlobal güc balansının həm iqtisadi, həm də geosiyasi tərəflərini əks etdirir. Siyahıda ABŞ-nin 14,2 faiz göstərici ilə liderliyi texnoloji infrastrukturun miqyası ilə yanaşı, strateji əhəmiyyətli sektorların artan rəqəmsallaşması ilə bağlıdır. ABŞ-də baş verən hücumların əhəmiyyətli hissəsi siyasi motivasiyalı və kritik infrastruktur obyektlərini hədəfə alan xarakter daşıyır ki, bu da beynəlxalq səviyyədə kiberhücumların artıq dövlətlərarası rəqabətin bir alətinə çevrildiyini göstərir.

Çin və Hindistanın sıralamada ikinci və üçüncü yerləri tutması isə iqtisadi motivasiyanın və fərdi qrup əsaslı fəaliyyətlərin təsirini nümayiş etdirir. Çində müşahidə olunan şantaj xarakterli kiberhücumlar daha çox kommersiya sektoru və fərdi məlumat bazalarını hədəfə alır. Bu isə ölkə daxilində rəqəmsal iqtisadiyyatın sürətli böyüməsinin eyni zamanda kibertəhlükəsizlik infrastrukturuna artan təzyiq yaratdığını göstərir. Hindistanda isə hücumların əsas motivi maliyyə qazancı və fırıldaqçılıqdır, bu da genişlənən onlayn ödəmə ekosistemi ilə paralel inkişaf edən yeni risk mühitinə işarə edir.

Dünya üzrə hücumların strukturuna baxıldıqda tendensiyalar göstərir ki, artıq kiberhücumların böyük hissəsi təkcə məlumat oğurluğu deyil, həm də iqtisadi və siyasi təzyiq vasitəsinə çevrilib. DDoS hücumları ilə yanaşı, son illərdə süni intellektin və dərin öyrənmə texnologiyalarının kiberhücum alətlərinə inteqrasiyası müşahidə olunur. Bu, hücumların texniki baxımdan daha mürəkkəb və müdafiə sistemləri üçün daha az proqnozlaşdırıla bilən hala gəlməsinə səbəb olur. Qlobal miqyasda xüsusilə bankçılıq, enerji və səhiyyə kimi kritik infrastrukturların hədəfə alınması iqtisadi sabitliyə dolayısı təsir edən amillərdəndir.

Avropa ölkələrinin, o cümlədən Almaniya, Böyük Britaniya və Fransanın ilk onluqda yer alması regionda rəqəmsal xidmətlərin yüksək səviyyədə inkişafı ilə bağlıdır. Qərb iqtisadiyyatlarında rəqəmsal keçidin dərinləşməsi, xüsusilə bulud texnologiyalarına və onlayn əməliyyatlara artan asılılıq, bu ölkələri kiberhücumlar üçün daha cəlbedici hədəfə çevirir. Bu səbəbdən Avropa İttifaqı səviyyəsində rəqəmsal təhlükəsizlik strategiyalarının yenilənməsi və süni intellekt əsaslı müdafiə sistemlərinə keçid sürətlənib.

Kiberhücumların qlobal səviyyədə artmasının daha geniş iqtisadi təsiri də nəzərə çarpır. Beynəlxalq hesabatlara görə, 2025-ci ildə kiberhücumlar nəticəsində dünya iqtisadiyyatının təxminən 10 trilyon dollardan çox itki ilə üzləşəcəyi proqnozlaşdırılır. Bu, bir çox ölkələr üçün kiberdayanıqlığın artıq təkcə texnoloji məsələ deyil, həm də milli təhlükəsizlik və iqtisadi inkişaf strategiyalarının əsas komponentinə çevrildiyini sübut edir. Dövlətlər və iri korporasiyalar üçün prioritet artıq yalnız hücumlara qarşı reaksiya vermək deyil, risklərin qabaqlayıcı şəkildə idarə edilməsidir.

Избранный
61
aznews.az

1Источники