RU

Zəfər paradı gələcəyin inkişaf konsepsiyasını müəyyənləşdirir – RƏY

Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə keçirdiyi hərbi parad təkcə bir qələbənin deyil, həm də dövlət suverenliyinin bərpasının, milli iradənin və qlobal güc balansında Azərbaycanın yeni yerinin nümayişidir.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri “Report”a Milli Məclisin deputatı Azər Kərimli deyib.

Onun sözlərinə görə, bu paradın əsas özəlliyi ondan ibarətdir ki, Türkiyə və Pakistan kimi iki mühüm regional və müsəlman dünyasının aparıcı dövlətlərinin liderləri burada iştirak edərək, dünyaya həm siyasi, həm də mənəvi mesajlar verdilər:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya gəlişi Azərbaycanın diplomatik müstəqilliyini və qardaşlıq diplomatiyasının strateji nəticələrini bir daha təsdiqləyir.

Bu iştirak bir neçə səviyyədə qiymətləndirilə bilər: Türkiyə və Pakistan liderlərinin paradda birgə iştirakı, yeni bir geosiyasi üçbucağın, Ankara–Bakı–İslamabad xəttinin möhkəmləndiyini göstərir. Bu, həm təhlükəsizlik, həm müdafiə sənayesi, həm də enerji-kommunikasiya xəritəsi baxımından böyük əhəmiyyət daşıyır”.

“Hər üç ölkənin liderlərinin çıxışlarındakı ortaq məqama da xüsusi diqqət yetirmək lazımdır. Bunlar milli suverenlik, müstəqil siyasət və ədalətli dünya nizamını ifadə edir. Prezident İlham Əliyevin “Azərbaycan heç vaxt kənardan idarə olunan dövlət olmayıb və olmayacaq” fikri, Ərdoğanın “Qarabağ zəfəri Türkiyənin də qələbəsidir” bəyanatı və Pakistan liderinin “Biz bu qardaşlığın sarsılmaz olduğunu bir daha sübut edirik” sözləri bir-birini tamamlayır. Bu sözlər üç qardaş ölkənin də mənəvi-siyasi qələbəsini ifadə edir”, – deputat vurğulayıb.

O, əlavə edib ki, hərbi paradın vizual tərəfi – müasir silahların, texnologiyaların, ordunun peşəkarlığının nümayişi Azərbaycan Silahlı Qüvvələrinin regional güc statusunu bir daha təsdiqləyir. Lakin daha önəmlisi paradın ciddi psixoloji və diplomatik təsir gücü ilə fərqlənməsidir:

“Azərbaycanın Türkiyə ilə müdafiə sənayesində ortaq layihələri, təlimlər və komanda koordinasiyası regionun təhlükəsizlik arxitekturasını formalaşdırır. Pakistanın bu prosesdə iştirakı Cənubi Qafqaz siyasətinə İslam dünyasının yeni dəstəyini gətirir. Pakistanın nüvə gücü statusu və beynəlxalq təşkilatlarda çəkisi Azərbaycan üçün əlavə diplomatik dayaqlar yaradır. Zəfər paradı eyni zamanda, keçmişin qələbəsini yad etməklə yanaşı, gələcəyin inkişaf konsepsiyasını da müəyyənləşdirir”.

Millət vəkilinin fikrincə regional təhlükəsizlik baxımından üç ölkənin strateji əməkdaşlığı yeni müttəfiqlik formatına çevrilə bilər: Belə ki, “Qardaşlıq üçlüyü” həm müdafiə, həm iqtisadi, həm də humanitar sahələrdə birgə platforma kimi fəaliyyət göstərə bilər:

“Bu paradla Azərbaycan dünyaya sübut etdi ki, suverenliyini qorumaqla yanaşı, regionda sabitlik və əməkdaşlıq missiyasını da öz üzərinə götürür. Türkiyə və Pakistan liderlərinin iştirakı isə bu missiyanın qardaşlıqla möhkəmləndirilmiş beynəlxalq legitimliyini təsdiqləyir. Gələcəkdə “Qardaşlıq üçlüyü”nün birgə fəaliyyəti təkcə regionda deyil, qlobal miqyasda da yeni balansın formalaşmasına təsir göstərə bilər”.

Избранный
15
4
nocomment.az

5Источники