RU

RUSİYA BÖHRAN MƏNGƏNƏSİNDƏ ÇABALAYIR 10 ayda 254 min nəfər işini itirib, sənaye sektorları dayanmaq üzrədir

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiyada iqtisadi problemlərin dərinləşməsi fonunda 254 min nəfər “məcburi məzuniyyətə” göndərilib.

“AzPolitika” bildirir ki, bu barədə məlumatı ölkənin Əmək Nazirliyi yayıb. İlin əvvəlində belə işçilərin sayı 98 min idi, yəni cəmi 10 ay ərzində bu göstərici 1,5 dəfə artıb. Ekspertlər hesab edirlər ki, bu artım iqtisadiyyatın müxtəlif sahələrində geriləmə və “gizli işsizlik” səviyyəsinin yüksəlməsi ilə bağlıdır.

Sənaye durğunluğa gedir

Rusiyanın aparıcı iqtisadçıları bildirirlər ki, metal, kömür, avtomobil, sement istehsalı və “Rusiya Dəmir Yolları” (RJD) kimi nəhəng şirkətlər son aylarda iqtisadi fəaliyyətin ləngiməsi, daxili tələbin azalması və ixracın sanksiyalar nəticəsində daralması ilə üzləşiblər. Bu səbəbdən bir çox müəssisələr əmək haqlarını azaldır, işçiləri ödənişsiz məzuniyyətə göndərir və ya iş həftəsini qısaldır.

Rusiyanın Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin (CMAP) məlumatına görə, 2025-ci ilin əvvəlindən hərbi sənayeyə aid olmayan müəssisələrdə istehsal 5,4% azalıb. ÜDM-in artım tempi ilin sonuna qədər 0,7–1% arası yavaşıyacaq. Hərbi sənayenin özündə belə, aylıq artım tempi 10–15% azalır.

İqtisadçı Vladimir Qryazneviç vəziyyəti belə təsvir edir:

“Kimə büdcədən pul verirlərsə, o işləyir. Sonra maliyyə axını başqa sahəyə yönəlir, əvvəlki dayanır. Əvvəl tank istehsalını maliyyələşdirirlər, sonra mərmiləri – nəticədə bir sektor durur, digəri artır. Amma ümumi artım tempi hər halda azalır”.

Onun sözlərinə görə, 2024-cü ilin ortalarından metallurgiya sektorunda geriləmə başlayıb, bəzi mülki sənaye sahələrində isə artımın azalması artıq istehsal həcmlərinin faktiki azalmasına çevrilib. Hazırda mülki sektorların 2/3-i ötən ilin eyni dövrü ilə müqayisədə daha az istehsal edir.

Sanksiyalar, yüksək faizlər və daxili tələbin azalması

İqtisadçılar hesab edirlər ki, Rusiya sənayesinə mənfi təsir göstərən əsas amillər Qərb sanksiyaları, yüksək kredit faiz dərəcələri, daxili bazarda tələbin və idxalın azalmasıdır. Avstraliyanın Monash Universitetindən Gennadi Kazakeviç bu vəziyyəti belə izah edir:

“Əgər kredit faiz dərəcəsi 20%-ə çatıbsa, iqtisadiyyat faktiki olaraq dayanıqsız vəziyyətdədir. Çünki məhsul satışından gəlir faiz ödəmələrindən az olur – bu halda istehsalı dayandırıb pulu banka qoymaq daha sərfəlidir. Rusiya iqtisadiyyatı hazırda bu mərhələyə çatıb”.

Metallurgiya sahəsində vəziyyət xüsusilə ağırdır. “Rusiya Poladı” assosiasiyasının məlumatına görə, 2024-cü ildə metall məhsulların ixracı 2023-cü illə müqayisədə 7,9%, 2021-ci illə müqayisədə isə 35% azalıb. Prokat istehsalı 6,4% geriləyib, 2025-ci ilin sonuna qədər daxili tələbin daha 12% azalacağı proqnozlaşdırılır.

Metallurqlar əsas problem kimi yüksək faiz dərəcələrini və ipoteka subsidiyasının ləğvini göstərirlər. Çünki Rusiyada istehsal olunan poladın 70%-i tikinti sektorunda istifadə olunur. Lakin dövlət dəstəyinin azalması ilə tikinti 5,6% azalıb, bu da metall tələbinə birbaşa təsir edib.

“Rusiya Dəmir Yolları” ilk dəfə zərərdədir

Durğunluq nəinki sənayedə, həm də nəqliyyat sektorunda özünü göstərir. “Rusiya Dəmir Yolları” (RJD) 2025-ci ilin ilk 9 ayını 4,4 milyard rubl zərərlə başa vurub. Halbuki ötən ilin eyni dövründə şirkətin mənfəəti 44 milyard rubl idi. Sentyabrda yük daşımalarının həcmi əlavə 3,3% azalıb.

Bu səbəbdən RJD bəzi əməkdaşlarını ödənişsiz məzuniyyətə göndərir, bəzi zavodlarda (məsələn, “Uralvaqonzavod”, “AvtoVAZ”, “KAMAZ”, “LİAZ”) isə dörd günlük iş həftəsinə keçilib.

“Bu artıq iqtisadiyyat deyil, süni sistemdir”

Kazakeviç bildirir ki, Rusiya iqtisadiyyatı hazırda “bazarla dövlət idarəçiliyi arasında” anormal bir modelə çevrilib:

“Bazar iqtisadiyyatı ya işləyir, ya da yox. Əgər sən qiymətləri, tarifləri, ipotekanı süni şəkildə dondurursansa, nəticə Zimbabve modeli olur – görünüşdə iqtisadiyyat var, amma faktiki olaraq dayanıqsız sistemdir.”

Yeni işsizlik dalğası yaxınlaşır

Sentyabr ayında Sankt-Peterburqda ilk dəfə olaraq iş axtaranların sayı vakansiyalardan 7 dəfə çox olub. Bu, “gizli” işsizliyin artıq açıq mərhələyə keçdiyini göstərir.

Kazakeviç əlavə edir ki, Rusiya iqtisadiyyatı həm də insan resursu böhranı yaşayır:

“Əhalinin azalması fonunda işləmək üçün resurs qalmayıb. İşləyə bilənləri isə yüksək maaş vədiylə cəbhəyə aparırlar. Nəticədə iqtisadiyyata əlavə pul axını yaranır, amma bu pul dövriyyəyə girmir, inflyasiyanı artırır.”

Sənaye nəhəngləri də zərər içində

“Norilsk Nikel” şirkətinin rəhbəri Vladimir Potanin Putinə bildirib ki, şirkət son 5 ildə ciddi itkilərlə üzləşib. Qlobal qiymətlərin enməsi, logistika və ödəniş zəncirlərinin pozulması, yeni bazarlara uyğunlaşma çətinlikləri “Norilsk Nikel”in gəlirlərini kəskin azaldıb. 2024-cü ildə şirkətin xalis mənfəəti 2021-ci illə müqayisədə 4 dəfə azalıb, rentabellik 2013-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.

İqtisadi inkişaf naziri Maksim Reşetnikov isə bildirib ki, yaxın vaxtlarda çoxsaylı şirkətlər borclarını restrukturizasiya etməyə məcbur olacaq. CMAP-ın hesablamalarına görə, hazırda iflas riski altında olan müəssisələr ölkə iqtisadiyyatının ümumi gəlirinin təxminən 25%-ni, 2026-cı ildə isə bu rəqəm 30%-ə çata bilər.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
azpolitika.info

1Источники