RU

Qazaxıstanın “Avraam sazişləri”nə doğru maraqlı yolu...

Vaşinqtonun təşəbbüsü ilə imzalanan sazişlərə Qazaxıstanın qoşulması diqqət və suallar doğurur...

Müəllif: İşan Tarur

“The Washington Post” qəzeti

Qazaxıstanın İsrail və bir sıra ərəb dövlətləri arasında ABŞ-nin vasitəçiliyi ilə imzalanmış “Avraam sazişləri”nə qoşulmaq qərarı beynəlxalq səviyyədə böyük maraqla qarşılanıb.

Qazaxıstan coğrafi baxımdan Yaxın Şərq ölkəsi deyil. Onun Rusiya ilə dünyanın ən uzun quru sərhədi var — təxminən 7 650 kilometr, şərqdə isə Çinlə sərhədlənir. Ölkənin Yaxın Şərqdəki dövlətlər kimi İsraillə tarixi düşmənçilik keçmişi yoxdur. Əksinə, Qazaxıstan müstəqilliyini elan etdikdən qısa müddət sonra, 1992-ci ildə İsraillə diplomatik əlaqələr qurub.

Bu səbəbdən Qazaxıstanın “Avraam sazişləri”nə qoşulmaq qərarı bir çoxlarını təəccübləndirib. Sual yaranır: niyə məhz indi? Əgər İsraillə diplomatik münasibətlər onsuz da varsa, bu addımın mənası nədir? Qazaxıstan bu yolla Yaxın Şərqdə sülh prosesinə daha fəal qatılmaq istəyirmi?

Prezident Kasım-Jomart Tokayev bu suallara “The Washington Post”a verdiyi qısa müsahibədə cavab verib. Vaşinqtona səfəri ərəfəsində danışan Tokayev bu addımı “Yaxın Şərqdə baş verən proseslərə təvazökar bir töhfə” adlandırıb və bunu ölkəsinin “dialoqa və sülhə yönəlmiş xarici siyasət kursunun davamı” kimi təqdim edib.

Tokayevin rəhbərlik etdiyi Astana şəhəri artıq regional diplomatiyada tanınmış mərkəzə çevrilib. 2017-ci ildə Rusiya, Türkiyə və İranın təşəbbüsü ilə Suriyada sülh prosesinə ev sahibliyi edən “Astana prosesi” buradan başlanmışdı. Eyni zamanda, şəhərin adı son aylarda Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskinin mümkün görüş yeri kimi də çəkilir. Qazaxıstan, həmçinin ErmənistanAzərbaycan arasında yaxınlaşmada vasitəçi rolunu oynamışdı və ABŞ prezidenti Donald Tramp həmin prosesin uğurunu Vaşinqtondakı imzalanma mərasimində özünün diplomatik nailiyyəti kimi təqdim etmişdi.

Tokayev bu kontekstdə bildirib ki, Qazaxıstanın sazişə qoşulması “təbii və məntiqli” addımdır, baxmayaraq ki, “praktiki nəticələr” gözləmədiyini də etiraf edib.

Ekspertlərin fikrincə, dekabrda rəsmi şəkildə təsdiqlənəcək bu addım daha çox simvolik jest xarakteri daşıyır. Məqsəd Tramp administrasiyası ilə münasibətləri gücləndirməkdir. “Avraam sazişləri” ABŞ üçün İsraili Yaxın Şərqə inteqrasiya etmək və ərəb monarxiyaları ilə əlaqələri möhkəmləndirmək vasitəsi idi. Lakin Qəzzadakı dağıdıcı müharibə bu təşəbbüsün nüfuzuna ciddi zərbə vurub.

Minlərlə fələstinlinin ölümü və İsrailin Doxaya endirdiyi zərbələr ərəb ictimaiyyətində qəzəb doğurub. Hətta sazişin əsas tərəfdaşlarından biri olan Birləşmiş Ərəb Əmirlikləri də xəbərdarlıq edib ki, əgər İsrail Qərb Sahilində ilhaq siyasətini davam etdirsə, “Avraam sazişlərindən” tamamilə çıxa bilər.

Tokayevə bu vəziyyətin Qazaxıstanın qərarına təsir edib-etməyəcəyi soruşulanda o, sakit tərzdə cavab verib.

“Qorxulu və ya dəhşətli heç nə baş verməyəcək ki, biz fikrimizi dəyişək. Bizim ‘Avraam sazişləri’ ilə bağlı mövqeyimiz qəti və geri dönməzdir”, deyə o bildirib.

Amma analitiklərə görə, bu qərarın arxasında daha praqmatik məqsəd dayanır. ABŞ-dəki “Quincy Institute” mərkəzinin tədqiqatçısı Eldar Məmmədov qeyd edib ki, Tokayev “Qazaxıstanın Yaxın Şərq diplomatiyasında təsir gücünün az olduğunu yaxşı bilir”.

Onun sözlərinə görə, bu addım ucuz, amma effektiv mesajdır, həm ABŞ-yə, həm də şəxsən Trampa ünvanlanmış siqnaldır. Məqsəd Rusiyadan geosiyasi asılılığı azaltmaqdır.

Trampın Mərkəzi Asiya liderləri ilə keçirdiyi “C5+1” formatlı sammit də bu tendensiyanı təsdiqləyib. Qazaxıstanla ABŞ arasında 17 milyard dollarlıq yeni iqtisadi sazişlər paketi imzalanıb. Bu paketə “Boeing” təyyarələrinin, “John Deere” kənd təsərrüfatı texnikasının, “OpenAI” və “Nvidia” şirkətləri ilə süni intellekt çiplərinin alınması, həmçinin volfram yataqlarının birgə işlənməsi daxildir.

Tokayevin dediyinə görə, Qazaxıstan “hər iki qonşusu ilə Rusiya və Çinlə strateji tərəfdaşlıq münasibətlərini qoruyur”, lakin müşahidəçilər Astanla Moskva arasında gərginliyin artdığını vurğulayır. Rusiyanın Ukraynaya hücumundan sonra, Kremlə yaxın dairələr Qazaxıstanın şimal bölgələrində yaşayan rus azlığından təzyiq vasitəsi kimi istifadə etməyə çalışır, rus mediası isə hökuməti rusofobiyada ittiham edir.

Buna baxmayaraq, Tokayevin ABŞ-a səfəri və Ağ Evdə qəbul olunması, ekspertlərin fikrincə, Qazaxıstanın müstəqil siyasi iradəsinin nümayişidir. Virciniya Texnoloji İnstitutunun professoru Cerard Toalın sözləri ilə desək, “Ağ Evə bircə səfərinizlə belə, siz Kremldən asılı olmadığınızı göstərirsiniz”.

Bu mənada Qazaxıstanın “Avraam sazişləri”nə qoşulması sadəcə diplomatik jest deyil, həm də geosiyasi mesajdır. Qazaxıstanın Qərblə münasibətlərini gücləndirmək və özünü Rusiya ilə Çin arasında balanslaşdıran müstəqil aktor kimi təsdiqləmək cəhdidir.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info

Избранный
35
1
poliqon.info

2Источники