Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycanda nikah yaşına, yəni 18 yaşa çatmadan evlənənlərin olduğu məlumdur. Qanun bunu qadağan eləsə də, aidiyyəti qurumlar mütəmadi olaraq maarifləndirmə işləri aparsalar da, cərimələr tətbiq edilsə də erkən nikaha cəlb edilmə halları qalmaqdadır. Bundan isə ən çox əziyyət çəkən qızlardır. Aşkarlanan belə halların çoxunda qurban, yəni erkən nikaha təşviq edilən qızlar olurlar.Bunun bir səbəbi isə qızların doqquzuncu sinifdən çıxarılaraq təhsillərini davam etdirməməsidir. Yəni uşaqların 9-cu sinifdən çıxması qanunsuz deyil. Çünki Azərbaycanda icbari təhsil 9-cu sinfə qədər davam edir. Yəni qanunvericilik, hər bir vətəndaşı doqquzuncu sinfə qədər təhsil almağa məcbur edir. Heç bir kəs onların təhsil alma hüququnu əlindən ala bilməz. Lakin 9-cu sinifdən sonra vətəndaşların tam, orta ixtisas və peşə təhsil pilləsində təhsil alması onun seçiminə buraxılır. Bəziləri isə bundan sui-istifadə edərək övladlarını məktəbdən ayırıb erkən evlilik və əmək fəaliyyətinə cəlb edirlər.
Bəs əgər 14-15 şagird peşə məktəbi və kolleclərdə təhsilini davam etdirmirsə, onun məktəbdən çıxması məhdudlaşdırıla bilərmi? Yəni belə neqativ halların qarşısını almaq məqsədilə istisnaların tətbiqi mümkündürmü?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi icbari təhsilin inkişaf etmiş ölkələrdə də belə qəbul edildiyini deyib:“İcbari təhsil, ümumiyyətlə, təhsillə bağlı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi var. Ümumtəhsil haqqında qanunda da öz əksini tapır ki, təhsil pillələrindən biri ümumi orta təhsildir və biz bunu icbari təhsil olaraq dəyərləndiririk. İcbari təhsil bizdə məktəbəqədər yaşdan başlayır və 15-16 yaşa qədər davam edir.İcbari təhsildən sonra vətəndaşın öz təhsilini digər pillədə davam etdirmək istəyi onun ixtiyarındadır. Bu, dünyanın əksər ölkələrində belədir. Hətta qabaqcıl inkişaf etmiş ölkələrdə, Finlandiya, Böyük Britaniya və s. kimi ölkələrdə icbari təhsil 4-5 yaşdan başlayır və 14-15 yaşa qədər davam edir. İcbari təhsil bitdikdən sonra bizdəki buraxılış imtahanı kimi orta təhsil haqqında şahadətnamə imtahanı verilir. O şəhadətnaməni əldə etdikdən sonra vətəndaşın təhsilini digər pillədə davam etdirib-etdirməmək istəyinə özü qərar verir”.O bildirib ki, çox istərdik ki, icbari təhsil ümumi orta təhsillə deyil, tam orta təhsili, 11 illik təhsil bazasını əhatə etsin:“Amma kimsə 9-cu sinifdən peşə təhsilinə, kimsə orta ixtisas təhsilinə yönəlir deyə, icbari təhsili IX siniflə məhdudlaşdırırıq. Kimlərsə bundan sui-istifadə edə bilər, doqquncu sinfi bitirən kimi kimlərinsə qız uşaqlarını oxumağa qoymadığını, erkən nikaha cəlb edildiyini, oğlan və ya qız uşaqlarını erkən əmək fəaliyyətinə başlanılmasını görürük. Bunun qarşısını hüquq-mühafizə orqanları ala bilirlər.
Yaxşı olardı ki, şagirdi təhsil prosesindən yayındırma halları varsa, məktəb rəhbərliyi tərəfindən tabe olduğu quruma və ya aidiyyəyi qurumlara məlumat verilsin. Təhsildən yayındırmaya görə, yayındıran şəxs haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq hüquqi tədbir görülə bilər. Yaxşı olar ki, vətəndaşlar özləri belə halla qarşılaşdıqda aidiyyəyi üzrə məlumat versinlər.
Doqquzuncu sinfi bitirən vətəndaş təhsillə bağlı hansı qərarı verməsindən asılı olmayaraq o qərara hörmətlə yanaşırıq. Hörmətlə yanaşılmayan qərar erkən nikaha və ekən əmək fəaliyyətinə yönləndirmədir ki, buna cəmiyyət də təpki göstərməlidir”.Günay Şahmar, Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.