RU

Əhməd əş-Şəraa iddialara cavab verdi: “...o vaxt cəmi 19 yaşım var idi”

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəraa 2001-ci ilin 11 sentyabrında baş verən terror aktları ilə hər hansı əlaqəsinin olmadığını bəyan edib.

Modern.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

Əş-Şəraa bildirib ki, həmin dövrdə nə “əl-Qaidə” onun regionunda fəaliyyət göstərirdi, nə də özü hansısa siyasi qərar qəbul etmək səlahiyyətinə malik idi:

“Mən o vaxt cəmi 19 yaşında gənc idim və heç bir qərar qəbul etmək səlahiyyətim yox idi. Həmin hadisələrlə heç bir əlaqəm olmayıb. O zaman “əl-Qaidə” bizim bölgədə ümumiyyətlə mövcud deyildi”.

Suriya prezidenti, həmçinin vurğulayıb ki, onun radikal qruplarla olan bütün əlaqələri “keçmişdə qalıb”.

Əhməd əş-Şəraa 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra “əl-Qaidə”nin tərkibində döyüşüb. 2011-ci ildə isə o, “Cəbhət ən-Nusra” adlı silahlı qruplaşmanı yaradıb. Bu qruplaşma 2017-ci ildə adını “Həyyat Təhrir əş-Şam” olaraq dəyişib və həmin il “əl-Qaidə” ilə əlaqələrini kəsdiyini elan edib.

Elə həmin 2017-ci ildə ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) Əhməd əş-Şəraa haqqında məlumat verənlər üçün 10 milyon dollarlıq mükafat təyin etmişdi.

Əhməd əş-Şəraa noyabrın 9-da Vaşinqtona səfər edib və ertəsi gün ABŞ prezidenti Donald Tramp ilə görüş keçirib. Görüşdə iki ölkə arasında terrorizmlə mübarizədə birgə fəaliyyət planı müzakirə olunub.

Suriya tərəfi bəyan edib ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulmağa və “İslam Dövləti”m ilə mübarizədə əməkdaşlıq etməyə hazırdır.

Избранный
28
1
modern.az

2Источники