Son dövrlər sosial şəbəkələrdə, mesencerlərdə və SMS vasitəsilə göndərilən saxta mesajlar, "bonus", "lotereya", "mükafat qazandınız" kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var.
Bu barədə Far.Az-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, heç bir bank, dövlət qurumu və ya rəsmi platforma vətəndaşlardan kartın PIN-kodunu, CVV nömrəsini, kart üzərindəki 16 rəqəmi və ya SMS-lə göndərilən birdəfəlik şifrəni tələb etmir:
"Bu cür məlumatların paylaşılması kart hesabınızda şəxsi vəsaitlərinizin həcmindən asılı olmayaraq oğurlanması ilə nəticələnə bilər.
Şübhəli linklərə daxil olmayın, sayt ünvanının orijinal olduğuna əmin olun, "pul köçürülməsi", "hesabınız dondurulub" və ya "kartınız bloklanıb" kimi panika yaradan mesajlara inanmayın. Əgər bu cür hallarla qarşılaşırsınızsa, dərhal "102" Zəng Mərkəzinə və banka məlumat verin".