RU

Qərbi Balkan regionu Avropada əsas qaçaqmalçılıq dəhlizidir

Sarayevo, 11 noyabr, AZƏRTAC

Qərbi Balkan regionu ölkələri Avropada narkotik və insan alveri, eləcə də miqrant qaçaqmalçılığı üçün əsas dəhliz olaraq qalır.

AZƏRTAC xəbər verir ki, bu barədə Cenevrədə yerləşən Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Qlobal Təşəbbüs tərəfindən hazırlanan 2025-ci il Mütəşəkkil Cinayətkarlıq İndeksində deyilir.

Bildirilir ki, bütün siyasi və iqtisadi fərqlərinə baxmayaraq, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya, Serbiya, Albaniya və Kosovo mütəşəkkil cinayətkarlıq üçün əlverişli mühit yaradan bir sıra zəifliklərə malikdirlər. Qərbi Balkan regionunun 6 ölkəsi, xüsusən də Yunanıstandan Mərkəzi Avropaya gedən yaxşı qurulmuş miqrasiya marşrutunda insan alveri və qaçaqmalçılığı üçün mənbə, tranzit və təyinat nöqtələri kimi fərqli şəkildə hərəkət edir. Bu ölkələrdən Avropa İttifaqına miqrasiya edən insanların yüksək nisbəti məcburi əmək və cinsi istismarın təşkilini asanlaşdırır və mübarizəni çətinləşdirir. Qurbanlara mövsümi turizm, tikinti, kənd təsərrüfatı və fərdi ev təsərrüfatlarında çalışan işçilər arasında rast gəlinir.

Albaniyada cinayətkar qruplar və şəbəkələr Atlantik okeanı üzərindən insanları və qanunsuz malları daşımağa davam edir. Şimali Makedoniya və Kosovoda məhdud nəzarətə malik sərhəd əraziləri miqrantlar, insan alveri qurbanları və Serbiyaya doğru hərəkət edən mallar üçün digər əsas dəhlizdir. Şimali Makedoniya və Bosniya və Herseqovinada qaraçı qadınları və uşaqları kimi həssas etnik azlıqlar xüsusilə məcburi dilənçilik, eləcə də erkən və ya məcburi evlilik riski altındadırlar. Monteneqro və Albaniyada istismar tez-tez turizm və gecə həyatı ilə əlaqələndirilir.

“Monteneqro miqrant axınlarının mərkəzi deyil, lakin onun sahilləri və limanları regiondakı digər qanunsuz bazarlarda, xüsusən də narkotik və tütün qaçaqmalçılığında mühüm rol oynayır. Cənubi Amerikadan daşınan kokainin əksəriyyəti Monteneqrodakı Bar limanından və Albaniyadakı Durresdən keçir və oradan Qərbi Avropaya yol tapır”, - deyə hesabatda qeyd olunur.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

Избранный
14
2
azertag.az

3Источники