RU

“Azərbaycan və xarici musiqi nümunələrinin solmizasiyası” I Respublika müsabiqəsi Solfecio və səslərin sirri

ain.az bildirir, 525.az portalına istinadən.

Azərbaycan xalq musiqisi böyük inkişaf yolu keçirmiş və bu gün dövlətin yaratdığı son dərəcə gözəl şərait sayəsində çiçəklənmişdir.

Üzeyir Hacıbəyli

Musiqi insan həyatının ayrılmaz hissəsidir. Tarixin bütün dövrlərində insan musiqi ilə birgə yaşamış, onu mənəvi və estetik ifadə vasitəsi kimi qəbul etmişdir. Qədim dövrlərdən qadınlar uşaqlarını sakitləşdirmək üçün sadə laylalar oxuyar, xalq melodiyaları bayram və döyüşlərdə, mərasimlərdə, dini ayinlərdə səslənərdi. Musiqi həm həyatın ritmini, həm də insan duyğularını təcəssüm etdirən ən universal incəsənət növüdür.

Musiqi mədəniyyətinin formalaşması ilə yanaşı, musiqi elminin əsasını təşkil edən not yazısı da inkişaf etmişdir. “Nota” (lat.) sözü “işarə”, “nişanə”, “qeyd” mənasını verir və səslərin qrafik simvolu kimi çıxış edir. Notlar vasitəsilə səsin yüksəkliyi, uzunluğu və tembri ifadə olunur.

Notasiyaya əsaslanan ümumdünya musiqi elmi və təhsili də məhz bu inkişafın nəticəsi olaraq formalaşmış və musiqinin öyrənilməsi, qorunması, həmçinin nəsildən-nəslə ötürülməsində mühüm rol oynamışdır.

Solmizasiya – səslərin müəyyən ardıcıllıqla “do-re-mi-fa-sol-lya-si” hecaları vasitəsilə oxunması metodudur. Bu üsul musiqi qulağının, intonasiya dəqiqliyinin, ritm və melodik yaddaşın inkişafı üçün əsas alətdir. Qeyd edək ki, sözün kökü iki not “sol” və “mi” səslərindən yaranıb. Solfecio isə solmizasiya prinsiplərinə əsaslanan nəzəri-praktik fəndir. Bu fənn musiqi əsərlərinin strukturunu anlamağa, not yazısını oxumağa və səsləri düzgün ifa etməyə imkan yaradır. Solfecio öyrənən şəxs notları həm oxuya, həm də onları səslə və ya alətlə ifadə edə bilir. Həmin proses isə musiqi təfəkkürünün formalaşmasında mühüm rol oynayır.

Azərbaycan musiqi elmi və təhsili sahəsində nəzəri fənlərə hər zaman böyük önəm və diqqət göstərilmişdir ki, bu da peşəkar musiqi sənətinin fundamental əsasını təşkil edir. Bunun da təməli mədəniyyət və incəsənətimizin hər istiqamətində olduğu kimi dahi Üzeyir Hacıbəylinin yaradıcılıq fəaliyyəti ilə bağlıdır. Hətta daxilində milli musiqimizi ehtiva edən solfecio üzrə ilk dərslik də məhz onun təşəbbüsü ilə hazırlanmışdır. Sonrakı illərdə isə “Solfecio” fənninə olan maraq daha da artmışdır.

Bu istiqamətdə görülən işlərdən biri Üzeyir Hacıbəyli adına BMA və onun elmi laboratoriyası olan İxtisas musiqi məktəb-studiyasının 2025-ci ilin 25 oktyabr – 7 noyabr tarixlərinə təsadüf etmiş “Azərbaycan və xarici musiqi nümunələrinin solmizasiyası” I Respublika müsabiqəsi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci il dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd olunması ili elan edilmişdir və bu müsabiqə də məhz həmin əlamətdar hadisəyə – korifeyimizin yubileyinə həsr olunmuş festival çərçivəsində reallaşdırılmışdır. Vurğulayaq ki, bu ilin aprel-may aylarında sözügedən müsabiqə məktəbdaxili olaraq baş tutmuşdur.

Müsabiqənin məqsədi gənc musiqiçilərdə “Solfecio” fənninə marağın artırılması, ifadəli oxu, üzündən oxuma, dirijorluq və vokal-intonasiya bacarıqlarının inkişaf etdirilməsidir.

İnnovativ xarakter daşıyan bu layihə olduqca böyük rezonans doğurmuşdur və musiqi təhsili sistemində bir sıra aktual olan məsələləri qabartmışdır.

Sözügedən müsabiqənin əsas və prinsipial şərtlərindən biri xarici musiqi nümunələri ilə yanaşı, Azərbaycan xalq və professional musiqi nümunələrinin, o cümlədən Azərbaycan məqamları və rənglərinin proqrama daxil edilməsi idi. Bu isə milli musiqi dəyərlərimizin daha dərindən vurğulanmasına və inkişafına xidmət edirdi.

Adı çəkilən müsabiqə proqramına Rəhilə Həsənova, Lalə Dadaşova, Boris Kalmıkov və Qriqori Fridkin, Nikolay Laduxin və İqor Sposobinin toplularından birsəsli və ikisəsli musiqi nümunələri, həmçinin Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidov tərəfindən tədris məqsədilə adaptasiya edilmiş Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” adlı dərs vəsaiti və Səid Rüstəmovun “Azərbaycan xalq rəngləri” kitabı daxil edilmişdir. Şərtlərə əsasən, iştirakçılardan həmin vəsaitlərdən Rast, Şur, Segah, Şüştər, Çahargah, Bayatı-Şiraz, Hümayun məqamlarının səs qatarları, tam kadans və mayelərini ifa etmələri tələb olunurdu ki, bu da milli musiqi irsinin dərindən mənimsənilməsinə xidmət edir.

Müsabiqə iki mərhələdən ibarət idi. Birinci mərhələdə iştirakçılar öz ifalarını video formatında təqdim etmişdir. İkinci mərhələdə isə onlar püşkatma yolu ilə seçilmiş solfecio nömrələrini və bir milli məqam nümunəsini canlı ifa etməklə həm biliklərini, həm də musiqi duyumlarını sərgiləyirdilər.

Müsabiqə dörd yaş qrupu üzrə təşkil olunmuşdur: I qrup - II-V siniflər, II qrup - VI-VIII siniflər, III qrup – IX-XI siniflər, IV qrup - ali musiqi məktəblərinin I-IV kurs tələbələri.

Azərbaycanın müxtəlif regionlarından iştirak edən gənc musiqiçilər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın və SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəyli (sədr), həmin müəssisənin tədris işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva (həmsədr) və BMA-nın İxtisas Musiqi Məktəb-studiyasının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədovanın (sədr müavini) rəhbərlikləri ilə nüfuzlu münsiflər heyəti tərəfindən qiymətləndirilirdi. Münsiflər heyətinin tərkibinə Azərbaycan Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki İxtisasartırma Mərkəzinin Strateji təhlil və təlimlərin təşkili şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Lalə Kərimova, BMA-nın “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, AR Əməkdar müəllimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Gülzar Mahmudova, BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, AR Əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova, BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elmira Pənahova, BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının baş müəllimi Pərviz Quliyev və eləcə də BMA-nın İxtisas musiqi məktəb-studiyasının böyük elmi işçisi, “Nəzəriyyə” şöbəsinin müdiri Şəfəq Hacıyeva daxil idi.

Müsabiqədə Bakı, Ağdaş, Biləsuvar, Neftçala, Saatlı, Şirvan musiqi və incəsənət məktəb şagirdləri ilə yanaşı, Azərbaycan Milli Konservatoriya və Bakı Musiqi Akademiyası tələbələri də iştirak etmişdir.

Laureatlar sırasında Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, C.Hacıyev adına 3 №-li Onbirillik Musiqi Məktəbi, 33 №-li Uşaq Musiqi Məktəbi, Niyazi adına 22 №-li Uşaq Musiqi Məktəbi, F.Əmirov adına 6 №-li Onbirillik İncəsənət Məktəbi, Ş.Ələkbərova adına 20 №-li Onbirillik Musiqi Məktəbi, BMA-nın İxtisas Musiqi Məktəb-studiyası, Şirvan, Uşaq Musiqi Məktəbi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nümayəndələri idi.

6 noyabr tarixində müsabiqənin bağlanışı və qaliblərinin mükafatlandırılması baş tutdu. Tədbirdə Məktəb-studiyanın direktoru, dosent Sevda Məmmədova öz çıxışında münsiflər heyətinə təşəkkürünü bildirdi, qalib olan şagirdləri və onların üzərinə böyük əməyi olan müəllimləri təbrik edərək uğurlar arzu etdi. O qeyd etdi ki: “Keçirdiyimiz analoqu olmayan bu müsabiqə uğurla başa çatmışdır. Sevindirici haldır ki, Azərbaycanın Bakı və digər şəhərlərindən iştirak edən uşaqlar bu müsabiqəyə olduqca həvəs və məsuliyyətlə yanaşmışdılar. Təbii ki, “Solfecio” fənninin öyrənilməsi və daha dərindən mənimsənilməsinə böyük ehtiyac duyulur və bu, aktual problem kimi həmişə qarşıda dayanır. Onun üçün də vokal-intonasiya, dirijorluq və ritm duyumu bacarıqları mütləq şəkildə inkişaf etdirilməlidir”.

Müsabiqənin həmsədri professor Nərminə xanım Quliyeva və münsiflər heyətinin üzvü, professor Lalə xanım Hüseynova layihə haqqında müsbət fikirlərini bildirərək təşkilat komitəsinə təşəkkür etdi və istedadlı gənc musiqiçiləri dəstəklədilər.

Tədbiri Məktəb-studiya şagirdlərinin müxtəlif alətlərdə rəngarəng ifaları bəzədi. Sonda qaliblər diplomlarla təltif olundu. Şagird və tələbələrin uğurlarında böyük rol oynayan müəllimlər də nəzərə alınmışdır. Onların peşəkarlığı, pedaqoji fədakarlığı və şagirdlərə göstərdikləri diqqət yüksək qiymətləndirilmiş və rəhbərlik tərəfindən təşəkkür diplomları ilə təltif olunmuşdur.

Bu göstəricilər musiqi təhsili sistemində solmizasiya üzrə yeni metodik yanaşmaların uğurla tətbiq olunduğunu sübut edir.

Solfecio fənninin bu şəkildə tətbiqi həm milli musiqi təhsil sistemində, həm də beynəlxalq musiqi təcrübəsində yeni mərhələ kimi qiymətləndirilə bilər. Belə müsabiqələr musiqi savadını artırmaqla yanaşı, gənc ifaçıların yaradıcılıq potensialını da üzə çıxarır.

Musiqi sadəcə səslərin ardıcıllığı deyil, insan duyğularının, zəkasının və ruhunun ifadəsidir. Solmizasiya və solfecio bu ifadə dilini öyrənməyin elmi əsasını təşkil edir. İnanırıq ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və BMA-nın İxtisas Musiqi Məktəb-studiyasının təşəbbüsü ilə keçirilən “Azərbaycan və xarici musiqi nümunələrinin solmizasiyası” I Respublika müsabiqəsinin musiqi təhsili tarixində əlamətdar hadisə olmaqla yanaşı, gələcək nəsil musiqiçilərin peşəkarlığının formalaşmasına mühüm töhfə verəcək.

Aytən Baxşiyeva

“Azərbaycan və xarici musiqi nümunələrinin solmizasiyası” I Respublika müsabiqəsinin məsul katibi, BMA-nın İxtisas musiqi məktəb-studiyasının elmi-metodiki işləri üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
54
525.az

1Источники