“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev səhhətində yaranmış problemlə əlaqədar Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, ötən gündən təlim-məşq toplanışına başlamış Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Elvin Cəfərquliyev yüksək bədən temperaturu səbəbindən heyətdən çıxarılıb.
2017-ci ildən “Qarabağ”ın sistemində olan Elvin Cəfərquliyev Ağdam klubunun əsas komandasında 203 oyun keçirib, 8 qol və 33 məhsuldar ötürmə müəllifi olub. O, “Sumqayıt” və “Keşlə”də (indiki “Şamaxı”) də forma geyinib.
Elvin 2021-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 33 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Elvindən öncə Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən Mahir Emreli də zədə aldığı üçün millimizə dəvət ala bilməmişdi.
Qeyd edək ki, milli komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya yığmasını qəbul edəcək. Noyabrın 16-da isə millimiz Tofiq Bəhramov adına Respublika stadionunda Fransa yığması ilə qarşılaşacaq.

