RU

Konstitusiyanın tarixi və müasir əhəmiyyəti


Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyasının prinsiplərinə əsaslanan siyasi sabitlik, sosial rifah və milli həmrəylik siyasəti ardıcıl şəkildə həyata keçirilir
Hər bir müstəqil dövlətin mövcudluğunun, onun hüquqi, siyasi və ictimai həyatının əsasını təşkil edən başlıca sənəd – Konstitusiya, dövlətin suverenliyinin, vətəndaşların hüquq və azadlıqlarının təminatçısıdır. Azərbaycan xalqı üçün 12 Noyabr tarixi xüsusi əhəmiyyət daşıyır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyası ölkəmizin demokratik inkişaf yolunda mühüm dönüş nöqtəsinə çevrildi. Həmin gün bu gün də Konstitusiya Günü kimi böyük qürur və ehtiramla qeyd olunur.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ölkəmizin müstəqilliyini hüquqi cəhətdən təsbit etdi. Bu sənəddə müstəqil dövlətin gələcək inkişafını təmin etmək üçün yeni Konstitusiyanın hazırlanması da nəzərdə tutulurdu. Lakin 1991–1993-cü illərdə ölkədəki dərin siyasi böhran, hakimiyyətin yarıtmaz fəaliyyəti və idarəçilikdəki xaos nəticəsində bu vəzifə yerinə yetirilmədi. Həmin dövrdə dövlət idarəçiliyi sistemi demək olar ki, iflic vəziyyətinə düşmüş, qanunçuluq prinsipləri pozulmuş, iqtisadi tənəzzül və siyasi anarxiya hökm sürmüşdür. Vətəndaşların azad və təhlükəsiz yaşamaq hüquqları təmin olunmurdu. Cəmiyyətin bütün sahələrində böhran getdikcə dərinləşirdi. Belə bir şəraitdə yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi mümkün deyildi.
Yalnız 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində bu təhlükəli proseslərin qarşısı alındı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, hüquq və ədalət prinsipləri möhkəmləndirildi, müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaradıldı. Ulu Öndər Heydər Əliyev Konstitusiya layihəsinin hazırlanmasını müstəqil dövlət quruculuğunun əsas mərhələsi hesab edirdi. O demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.” Məhz bu prinsip əsasında 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası yaradıldı. Komissiyanın tərkibinə hüquqşünaslar, ictimai-siyasi xadimlər və müxtəlif sahələrin mütəxəssisləri daxil idi. Geniş ictimai müzakirələr aparıldı, minlərlə vətəndaş təkliflərini təqdim etdi. Bu, xalqın iradəsinə əsaslanan demokratik Konstitusiyanın yaradılmasına imkan verdi.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin ilk müstəqil Konstitusiyası oldu. Bu sənəd Azərbaycan xalqının suveren iradəsini ifadə etdi və dövlətin hüquqi, siyasi, iqtisadi əsaslarını müəyyənləşdirdi. Konstitusiya 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. O, aşağıdakı əsas prinsipləri təsbit etdi: Dövlət müstəqilliyi və suverenliyi; Demokratik, hüquqi və dünyəvi dövlət quruluşu; Hakimiyyət bölgüsü prinsipi (qanunvericilik, icra və məhkəmə hakimiyyəti); İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı;Xalq hakimiyyəti – dövlət hakimiyyətinin yeganə mənbəyinin xalq olması. Azərbaycan Respublikasının Konstitusiyası həm də ölkədə müasir hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas hüquqi bazasını yaratdı.
Konstitusiya qəbul olunduqdan sonra ölkəmizdə bütün qanunvericilik sistemi onun prinsiplərinə uyğun şəkildə formalaşdırıldı. Sonrakı illərdə (2002, 2009, 2016-cı illərdə) qəbul edilmiş konstitusiya islahatları ölkənin siyasi idarəetmə sisteminin təkmilləşdirilməsinə, insan hüquqlarının daha da gücləndirilməsinə xidmət etdi.
Bu gün Konstitusiya Azərbaycan Respublikasının dayanıqlı inkişafının, demokratik dəyərlərinin və hüquqi sabitliyinin əsas təminatçısıdır. O, həmçinin xalqımızın milli birliyini, azadlıq və ədalət ideallarını qoruyan müqəddəs sənəddir. 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü, yalnız hüquqi bayram deyil, həm də milli dövlətçiliyimizin, azadlıq və suverenlik idealının təntənəsidir. Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən bu Əsas Qanun Azərbaycan xalqının gələcək inkişaf yolunu müəyyənləşdirmiş, ölkəmizin beynəlxalq aləmdə hüquqi, demokratik və müasir dövlət kimi tanınmasına zəmin yaratmışdır. Bu gün Ulu Öndərin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyasının prinsiplərinə əsaslanan siyasi sabitlik, sosial rifah və milli həmrəylik siyasəti ardıcıl şəkildə həyata keçirilir. Prezident İlham Əliyev Konstitusiyamız haqqında danışarkən demişdir: “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”
Bu il Konstitusiyamızın qəbulunun 30 illiyi, Vətən müharibəsində tarixi Qələbəmizin 5 illiyi ilə bir vaxta düşür. Həmçinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra ilk dəfə bütün Azərbaycan ərazisində Konstitusiyanın hüquqi qüvvəsi tam şəkildə təmin edilmişdir. Məhz buna görə də Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar Konstitusiyanın qəbulunun 30 illiyi və Vətən müharibəsində Qələbənin 5 illiyi münasibətilə qəbul olunmuşdur. Həmçinin bu qərarda qeyd olunur ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası Konstitusiyanın ruhunu və məqsədini tam şəkildə reallaşdırmışdır. Bundan əlavə, 2025-ci il 11 fevral tarixli Sərəncam ilə “Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı təsdiq edilmişdir. Konstitusiya Günü – dövlətimizin əbədiliyini, xalqımızın birliyini və müstəqilliyimizin dönməzliyini simvolizə edən qürur günüdür.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
Избранный
5
5
azerforum.com

6Источники