RU

Elmin inkişafının yol xəritəsi

AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyevin iştirakı və çıxışı dövlətimizin elm və təhsil sahəsinə göstərdiyi dəyərin nümunəsidir. Prezident çıxışında akademiyanın 80 illik fəaliyyətinə və onun Azərbaycan elminə verdiyi böyük töhfələrə toxundu. Ümummilli Lider Heydər Əliyevin hər zaman Azərbaycan alimlərinə böyük dəstək göstərdiyini, eləcə də ölkəmizdə elmin inkişafına diqqət və qayğı ilə yanaşdığını xatırlatdı.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva qəzetimizə açıqlamasında bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə, 1970-ci illərdə akademiyanın fəaliyyəti təkmilləşdirilib, elmi-tədqiqat institutları yaradılıb və bu sahənin inkişafına böyük vəsait ayrılıb. Məhz Heydər Əliyevin təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc sovet ittifaqının ən nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərilib. "Müstəqil Azərbaycana rəhbərliyi dövründə də Ümummilli Lider Heydər Əliyev Azərbaycan elminə və alimlərinə öz dəstəyini davam etdirdi. Bütün sahələrdə Heydər Əliyev siyasətini, irsini davam etdirən Prezident İlham Əliyev elm-təhsil sahəsində də Ulu Öndərimizin ideyalarını davam və inkişaf etdirir. Dövlət başçısı tərəfindən təsdiq edilmiş Dövlət proqramlarına uyğun olaraq minlərlə gəncimiz dünyanın ən böyük və nüfuzlu universitetlərinə təhsil almağa göndərilir. Vətənə dönən gənclərimiz bütün sahələrdə çalışaraq ölkəmizin rifahına, güclənməsinə xidmət göstərirlər. 

Müstəqilliyimizin ilk illərində ölkəmizdə çox ağır siyasi, iqtisadi vəziyyət hökm sürürdü. Hakimiyyəti qeyri-qanuni yolla ələ keçirən AXC-Müsavat cütlüyü, başqa sahələrdə olduğu kimi, elmi də uçuruma aparmışdır. Azərbaycanı bütün bəlalardan xilas edən Heydər Əliyev Azərbaycan elmini də dirçəltdi. Milyonlarla qaçqın və məcburi köçkünümüzün olmasına, torpaqlarımızın işğal altına düşməsinə, eləcə də iqtisadi çətinliklərimizə baxmayaraq, Heydər Əliyev Azərbaycan elminə, həmçinin akademiyanın inkişaf etdirilməsinə vəsait ayırırdı. Bu, Azərbaycan elminin gələcək inkişafına hesablanmış addım idi", - deyə o bildirib.

Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti getdikcə istər siyasi, istərsə də iqtisadi cəhətdən güclənib. Bu güc artdıqca dövlətimiz tərəfindən elmin inkişafına da böyük vəsaitlər ayrılır. Son 10 ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artıb. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilib, binalar əsaslı təmir edilib. Alimlərimizin səmərəli fəaliyyət göstərmələri üçün böyük imkanlar yaradılıb. 2009-cu ildə yaradılmış Elm Fondu Azərbaycan alimlərinə maddi dəstək göstərməklə yanaşı, elmin inkişafına təkan verməkdədir. 

Kamilə Əliyeva vurğulayıb ki, Elmin İnkişafı üzrə Milli Strategiya və "Elm haqqında" qanun, Dövlət proqramlarının qəbul edilməsi elmə və təhsilə verilən yüksək qiymətin nümunəsidir: "Prezident İlham Əliyev çıxışında son 10 ildə Azərbaycanda, eləcə də dünyada baş verən hadisələrə də münasibət bildirdi. Hazırda  istər siyasi, istərsə də iqtisadi cəhətdən dünyada gərgin  vəziyyət hökm sürür. Dünyanın bir sıra regionlarında müharibələr aparılır, ölkələr iqtisadi cəhətdən ağır durumla qarşılaşırlar. Bütün bu situasiyalara baxmayaraq, Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən böyük uğurlar qazanıb. Azərbaycan 30 il işğal altında qalan torpaqlarını azad etdi, suverenliyimiz tam bərpa olundu. Son 10 il Azərbaycan üçün inkişaf və qələbələrlə zəngin illər olub. Bütün bölgələrimizlə yanaşı, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur da sürətlə inkişaf edir". 

Dünyada yeni texnologiyaların yaradıldığını deyən kafedra müdiri qeyd edib ki, hər bir ölkə texnologiyalar sayəsində dövlətlərini gücləndirməyə çalışır. Bu baxımdan Azərbaycan dövləti də texnologiya sahəsində əhəmiyyətli işlər həyata keçirmək üçün səylərini artırır. Bu məsələdə də Azərbaycan alimlərinin üzərinə böyük məsuliyyət düşür. Dünyada gedən texniki tərəqqiyə  uyğun tədqiqatlar aparılmalı və ölkəmizin inkişafına töhfələr verilməlidir.

Dövlət başçımız çıxışında Azərbaycanda hərbi sənayenin sürətli inkişafına da böyük diqqət yetirildiyini vurğuladı. Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullar ordumuzu təmin etməklə yanaşı, xarici dövlətlərə də ixrac edilir. Dövlət başçımızın təşəbbüsü ilə hərbi sənayenin inkişafına özəl şirkətlərin də cəlb olunması prosesi başlanıb və bir sıra özəl şirkətlərdə hərbi təyinatlı məhsullar istehsal olunur. Bu sahənin inkişaf etdirilməsi üçün dövlətimiz tərəfindən özəl şirkətlərə bütün imkanlar yaradılıb. Bu şirkətlər Azərbaycan Ordusunu müasir silahlarla təmin etməklə bərabər, xarici dövlətlərə də hərbi təyinatlı məhsullar ixrac edəcək. Bu, dünya praktikasında uğurla həyata keçirilən bir layihədir. "Prezident İlham Əliyev çıxışında  azərbaycanlıların indiki Ermənistan ərazisi olan  doğma torpaqlarından qovulmasına da öz münasibətini bildirdi. Bütün tarixi sənədlər və xəritələr də sübut edir ki, azərbaycanlılar indiki Ermənistan olan torpaqların qədim sakinləri olublar. Azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, daim həmin ölkələrin inkişafına böyük töhfə veriblər. Xalqımız heç vaxt separatizm hərəkətlərinə yol verməyib. Ermənistan ərazisindən qovulan soydaşlarımızın öz doğma torpaqlarına dönməyə hüquqları var. Düşünürəm ki, Ermənistan rəhbərliyi bu məsələdə konstruktiv mövqe nümayiş etdirəcək. Alimlərimiz Ermənistan ərazisindəki toponimlərin azərbaycanlılara məxsus olması barədə çoxsaylı elmi məqalə hazırlayıblar. Dövlət  başçımız alimlərimizə bu barədə yeni elmi araşdırmaların aparılmasının vacib olduğunu çatdırdı", - deyə o əlavə edib.

Ekspert vurğulayıb ki, Prezident Azərbaycan dilinin qorunması istiqamətində də alimlərimizin qarşısına böyük vəzifələr qoyub. Ana dilimiz olan Azərbaycan dili çox zəngindir və dilimizi qorumaq hər birimizin borcudur. Xarici dillərin Azərbaycan dilinə inteqrasiyasına icazə verməməliyik. Şübhəsiz, bu işdə də alimlərimizin üzərinə böyük məsuliyyət düşür. Dilimiz yad sözlərdən xilas olmalıdır. İşlədilən xarici sözlərin əvəzlənməsi ən ümdə məsələlərdəndir. Dövlət  başçısının verdiyi tapşırıqlar əcdadlarımızdan bizə miras qalmış ana dilimizin qorunmasına xidmət edir. Prezident İlham Əliyevin akademiyadakı çıxışını elmimizin, təhsilimizin inkişafına xidmət edən bir yol xəritəsi kimi qiymətləndirməliyik.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
40
azerbaijan-news.az

1Источники