RU

Avropalıların “snayper turizmi ”əyləncəsi: Mühasirədəki müsəlmanları “ovlamaq” 

İtalyan yazıçı Etsio Qavatsenin apardığı ciddi cəhdli araşdırmaların sonucu olan təkzibedilməz faktlar ortaya çıxıb. 

Bu faktlar “mədəni” Qərbin “mədəni insanları”nın növbəti simasızlığını ortaya qoydu. Bəşər tarixində insan oğlunun insan oğluna yaşatdığı çox böyük “qandonduran” hadisələrlə üzləşmişik.

Məsələn, bəşəriyyət almanların yəhudilərə, fransızların ərəblərə, ingilislərin hindistanlılara, amerikalıların yaponlara (siyahını uzatmaq olar) faciə, qırğın və soyqırımları, orada insanlara verilən ağlagəlməz işgəncə üsullarını görüb lənətləyib.

Bəzən bu düşmənin düşməninə qarşı mübarizəsi, qisası kimi də dəyərləndirib və adi hal kimi qəbul edilib, hətta bəzi hallarda haqq da qazandırılıb.

Amma yazıçı Etsio Qavatsenin araşdırmasından sonra ortaya fərqli bir mənzərə çıxdı.

Elə bir mənzərə ki, buna adi hal deyib, heç bir şəkildə haqq qazandırmaq mümkün deyil.

Belə ki, yazıçının topladığı sübutlar əsasında,  Sarayevonun sabiq meri Bencamina Kariçin prokurorluğa təqdim etdiyi şikayətdən sonra araşdırma başlanıb. Daha dəqiq, hazırda İtaliyanın Milan prokurorluğu Bosniya müharibəsi dövründə baş vermiş dəhşətli bir hadisəni araşdırır.

Nüfuzlu “The Guardian” da yazıçının təkzibedilməz faktlarına etinasız qala bilməyərək məqaləsində yazıb ki, müharibə zamanı bosniyalı serblərin bəzi nümayəndələri İtaliyadan gələn imkanlı şəxslərə mühasirədə olan Sarayevoda “snayper turizmi”, yəni pul qarşılığında mülki insanlara atəş açmaq imkanı təklif ediblər.

Yəni, pulunu ver, mühasirədə qalmış əlacsız, silahsız, ac müsəlmanları snayperlə “dənləyərək” əyləncəli gün keçir, “adrinalin” yaşa.

Etsio Qavatsenin məqaləsi 1990-cı illərin vəhşiliyini ortaya belə qoyur:” “Safari” məqsədilə Sarayevoya gələn italiyalılar siyasi və ya dini səbəblərdən deyil, “əyləncə və zövq” üçün dinc sakinləri hədəfə alıblar. Şəhərin dərin vadidə yerləşməsi onlara ətrafdakı dağlardan atəş açmaq üçün əlverişli mövqe yaradıb”.

“Ovçular” dinc sakinləri, hətta uşaqları belə fərq qoymadan güllələyiblər”, – deyən yazıçı Avropanın mərkəzində 4 il davam edən o dəhşətli müharibənin mənzərəsini bu cümlə ilə dünyaya anlada bilib.

Yazıçının bu sözlərindən sonra almanların yəhudilərə, fransızların ərəblərə, ingilislərin hindistanlılara və digər imperiaların öz müstəmləkələrinə etdiyi haqsızlıqları işgəncə və ölüm hallarını qismən anlamaq olar, qismən qəbul etmək olar, çünki burada tərəflər bir-birinə düşməndirlər. Nə isə ki, ortada bir məqsəd var!

Amma italyanların “əyləncə və zövq” üçün mühasirədə can çəkişən müsəlmanları snayperlə güllələməsi yox, ovlaması bağışlanası tərəfi olmayan görünməmiş bir olaydır.

Xatırladaq ki, 1991-ci ildən başlayaraq keçmiş Yuqoslaviyada vətəndaş müharibəsi başladı. Serb ordusu qarışıqlıqdan istifadə edərək Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 1995-ci il iyulun 11-də böyük bir qətliama imza atdı.

II Dünya müharibəsindən sonra Avropada ən böyük insanlıq faciəsi olaraq xarakterizə edilən Srebrenitsa soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələndi.

Öldürülən bosniyalılar kütləvi məzarlıqlarda basdırıldı. Cəsədləri kütləvi məzarlıqlarda aşkarlanan faciə qurbanları şəxsiyyəti müəyyən edildikdən sonra hər il iyulun 11-də Potoçari Memorial Qəbiristanlığında keçirilən mərasimlə dəfn olundu.

Qətllər general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən törədildi. Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirildi. Serb ordusuyla yanaşı “Əqrəblər” adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də qətliamın törədilməsində iştirak etdilər. BMT-nin Srebrenitsaya 400 silahlı Hollandiya sülhməramlısı yerləşdirməsinə baxmayaraq soyqırımın qarşısını almaq mümkün olmadı.

Serbiyada son illərdə bu qətliamın baş verdiyini inkar edənlərin sayı çoxalır, bəziləri isə qətliamı törədənləri qəhrəman sayırlar.

25 aprel 2013-cü ildə, Serbiya Prezidenti Tomislav Nikolits qətliam üçün üzr istədi: “Mən diz çökür və Serbiyanın Srebrenitsada baş verən qırğın üçün bağışlanmasını xahiş edirəm. Mən bəzi şəxslər tərəfindən bizim dövlətimiz və xalqımızın adından edilən bu cinayətlər üçün üzr istəyirəm”.

Üzürü günahından betər bu açıqlamadan sonra düşünmək olar ki, Serbiya höküməti bosniya müsəlmanlarına təzminat ödəyəcək.

Əntiqə Rəşid

Избранный
47
nocomment.az

1Источники