Tbilisi: Rusiya nümayəndələri əsas mövzu, qaçqınların geri qayıtması məsələsində masanı tərk etdi…
Poliqon xəbər verir ki, 11–12 noyabr tarixlərində keçirilən Cenevrə Beynəlxalq Danışıqlarının 65-ci raundu Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən yenə də nəticəsiz başa çatıb. Gürcüstan nümayəndə heyəti danışıqlarda əsas diqqəti Rusiyanın 12 avqust 2008-ci il atəşkəs sazişi üzrə öhdəliklərini tam yerinə yetirməsi, eləcə də işğal altında qalan ərazilərə məcburi köçkün və qaçqınların təhlükəsiz qayıdışının təmin edilməsi məsələlərinə yönəldib.
Tbilisi görüş zamanı Abxaziya və Cənubi Osetiya ərazilərində təhlükəsizlik, humanitar vəziyyət və insan hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıqlarını səsləndirib. Gürcüstan tərəfi xüsusilə Suxumi hava limanının fəaliyyətinin bərpası və Rusiya ilə Suxumi arasında nəqliyyat əlaqələrinin işə salınması məsələlərini qaldıraraq bunun beynəlxalq hüququn normalarının pozulması olduğunu vurğulayıb.
Gürcüstan XİN-in bəyanatında deyilir ki, əsas mövzuNU, məcburi köçkünlərin və qaçqınların öz evlərinə qayıtması müzakirə edilən zaman Rusiya və “onun nəzarətində olan işğalçı rejimin” nümayəndələri danışıqlar masasını tərk ediblər. Bunun nəticəsində raund əvvəlkilər kimi dalana dirənib.
“Əvvəlki raundlarda olduğu kimi, Rusiya tərəfi əsas məsələ üzrə dialoqa qoşulmaqdan imtina etdi və nəticədə Cenevrə danışıqlarının 65-ci raundu heç bir irəliləyiş olmadan başa çatdı”, deyə Gürcüstan Xarici İşlər Nazirliyi bəyan edib.
Rəsmi Tbilisi bildirib ki, ölkə beynəlxalq tərəfdaşları ilə birlikdə danışıqlar prosesində israr edəcək və işğal olunmuş ərazilərdə insan hüquqlarının vəziyyəti, təhlükəsizlik riskləri və qaçqınların geri dönüşü məsələlərini gündəlikdə saxlamaqda davam edəcək.
Poliqon.info