RU

Avropa Komissiyası “Google” şirkətinə qarşı araşdırma başladıb

Berlin, 13 noyabr, AZƏRTAC

Avropa Komissiyası “Google” şirkətinin media nəşriyyatlarının məzmununu axtarış nəticələrində aşağı salması ehtimalı ilə bağlı rəsmi araşdırma başladığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının məlumatında araşdırmanın məqsədinin “Google”un axtarış nəticələrində nəşriyyatların saytlarına ədalətli və ayrı-seçkilik etmədən giriş təmin edib-etmədiyini qiymətləndirməkdir. Məlumata görə, sayt öz nüfuzundan sui-istifadə siyasəti əsasında xəbər və digər nəşriyyat saytlarının reytinqini aşağı sala bilər. “Google” isə bu siyasətin axtarış nəticələrində reytinq manipulyasiyasının qarşısını almaq məqsədi daşıdığını bildirir. Araşdırma bu siyasətin nəşriyyatların gəlir əldə etməsinə və biznes azadlığına təsir edib-etmədiyini yoxlamaq məqsədi daşıyır.

Avropa Komissiyasının məlumatında qeyd olunub ki, prosedurların başlanması pozuntu tapılması anlamına gəlmir, sadəcə, araşdırmanın davam etdiriləcəyini göstərir. Uyğunsuzluq aşkar edilərsə, “Alphabet”ə ilkin nəticələr bildiriləcək və tədbirlər təklif olunacaq. Həmçinin uyğunsuzluq halı müəyyən edilərsə, şirkət illik qlobal dövriyyəsinin 10 faizinədək cərimə ödəyə bilər. Təkrarlanan hallarda isə bu cərimə 20 faizə qədər artırıla bilər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
27
azertag.az

1Источники