Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət təqdim edib.
Musavat.com xəbər verir ki, icra başçısı rayonun Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və oğlu Vüsal Muradovun barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayətində, hər iki şəxsin qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.
Başçını narazı salan isə kənd sakinlərinin mətbuat üzərindən ondan pullarını tələb etmələridir.
Şabran rayon Uzunboyad kənd sakini Vüsal Muradov mətbuata müraciət edərək Şabran rayon İcra Hakimiyyətinin rəhbəri Asif Hüseynovun onlara olan borcu ödəməməsindən şikayətləniblər. Kənd sakini iddia edir ki, anası Səbirə Vəliyeva 2022-ci ildə ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı icra başçısına nisyə satsa da, pulunu ala bilməyib.
Arpa satılan zaman icra başçısı özü qapıya gəldiyi üçün, ona inanıblar və alış-verişlə bağlı hər hansı sənəd imzalamayıblar.
“Yox, sənəd yox. Elə-belə inandıq da. Dedik daha bu boyda rayonun başçısıdır. Mən onunla sənəd imzalayım, notariusa aparım, qol çəkdirim ki, nisyə verirəm? Elə olmur axı, ay müəllim, ayıbdır. Dedi, verdim. Mən də inandım ki, daha bu boyda rayonun başçısıdır da, yalan danışmaz", - Vüsal Muradov “BBC Azərbaycanca”ya demişdi.
Həmin müsahibəsində Vüsal Muradov qeyd etmişdi ki, 1995-ci ildən toxumluq arpa əkməklə məşğul olub, ailəsinin bu kiçik təsərrüfatla dolandırlıb.
Sitat:
-3 ildir icra başçısı pulu vermədiyi üçün, artıq sahəsini normal əkib-becərə də bilmirik.
"İşlərin qızğın vaxtıdır. Texnikalar düzəlməlidir, işlər görülməlidir. Pulumuzu vermir ki, işimizi görək", - kənd sakini bildirib.
Kənd sakini deyir ki, pulu almaq üçün müvafiq qurumlara şikayət edib, ancaq nəticə olmayıb.
Prezident Administrasiyasının əməkdaşı Habil Əzməmmədov 2025-ci il oktyabrın 20-də BBC-yə bildirib ki, icra başçısının vətəndaşı qəbul etməməsi ilə bağlı məsələyə aydınlıq gətiriləcək və gün ərzində kənd sakininin icra başçısı ilə görüşü təmin ediləcək. Şikayətlə bağlı isə qurumun əməkdaşı deyib ki, vətəndaş problemin həlli ilə bağlı məhkəməyə müraciət etməlidir. "Burada arbitr məhkəmədir. Hərə öz sübutunu ortaya qoymalıdır. Məhkəmə artıq araşdırmalı və qərar qəbul etməlidir ki, kim burada dələduzluq edib, etibar və inamdan sui-istifadə edib aldadıbdır. Orada şahidlər olacaq da, deyəcək gözümüzün qabağında yığmışıq, aparıb. Bir nəfərin işi deyil axı 15 ton taxılı yığmaq. Ona görə vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunur", - Habil Əzməmmədov deyib. Oktyabrın 20-də ailə deyib ki, BBC-yə şikayətdən sonra onlara Şabran rayon İcra Hakimiyyətinin rəhbəri Asif Hüseynovun Səbirə Vəliyeva və oğlu Vüsal Muradovla görüşmək istədiyi bildirilib.
Musavat.com xəbər verir ki, bundan bir neçə gün sonra isə Şabran Rayon Məhkəməsinə icra başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında şikayəti daxil olub. Artıq şikayət üzrə hazırlıq iclası keçirilib və xüsusi ittiham üzrə noyabrın 19-na baxış iclası təyin olunub.
Musavat.com