Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Təyyarənin köhnə olması və metalının eroziyaya uğraması məsələsi də gündəmdədir. Yəni, metalın müəyyən hissəsi sürüşərək parçalana və dağıla bilər. Mən türklərin öz mütəxəssislərinin açıqlamalarına baxdım və onlar da bu versiyanı əsas götürürlər: yük sirkələnəndə divarlara dəyməsi və ya qanad hissəsinə təsir edərək ən həssas istiqaməti zədələməsi mümkündür. Bu çox çətin məsələdir və bütün halların araşdırılması vacibdir”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib:
“Ümumiyyətlə, bu tip təyyarələr dünyada çox azdır və onların parçalanması haqqında məlumatlar da məhduddur. Eyni zamanda, bütün dünyanın hərbi hava qüvvələri bu təyyarələrdən yük daşımaq, disant qoşunlarını çıxarmaq və hərbçiləri daşımaq üçün istifadə edirlər. Təyyarənin dörd mühərriki var və hətta iki mühərrik işləməsə belə, təyyarə uçuşunu son nöqtəyə qədər davam etdirə bilər. Buna görə də mühərrik məsələsi nisbətən stabil qalır, əsas problemlər yükün yerləşdirilməsi ilə bağlıdır.
Türkiyə tərəfi açıqlayıb ki, həmin yük Azərbaycanda parad zamanı istifadə olunan F-16-ların müəyyən ehtiyat hissələrindən ibarətdir. Yükün tərkibi və təyyarənin bu yükü daşıması barədə araşdırmalar aparılacaq”.
Deputat qeyd edib ki, acınacaqlıdır ki, F-16 təyyarələrinin texniki heyəti bu qədər qısa zamanda hazırlanmayıb və onların şəhid olması ağır itkidir:
“Azərbaycan dövləti olaraq, Cənab İlham Əliyev həmin an baş nazir və digər müvafiq strukturlara tapşırıqlar verib. Rəcəb Tayyib Ərdoğanın çıxışında da qeyd olundu ki, istintaqda Türkiyə, Gürcüstan və Azərbaycan mütəxəssisləri birgə iştirak edəcəklər. Xüsusilə, qara qutunun araşdırılması çox uzun və diqqət tələb edən bir prosesdir.
Qara qutu müxtəlif yerlərə aparılsa da, Türkiyə özü araşdırmanı aparacaq və bir həftə ərzində konkret nəticələrin ortaya çıxacağı gözlənilir. Hazırda bütün versiyalar üzərində iş gedir”.
Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib. Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçinin hamısının nəşi tapılıb. Təyyarə qəzasında şəhid olan hərbçilərin cənazələri axtarış-xilasetmə və qəza qruplarını Gürcüstana aparan A-400M təyyarəsi ilə Türkiyəyə gətiriləcək.
Şəbnəm
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.