RU

Azərbaycanın artan beynəlxalq nüfuzu və Mərkəzi Asiya ilə genişlənən strateji tərəfdaşlığı  

Azərbaycanın geostrateji və geoiqtisadi imkanlarından səmərəli istifadəsi son illərdə ölkəmizin beynəlxalq nüfuzunu artırıb və mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Çoxvektorlu və praqmatik xarici siyasət sayəsində bu gün Azərbaycan həm regional, həm də beynəlxalq arenada böyük nüfuza malikdir. Bu siyasətin mühüm istiqamətlərindən biri Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın dərinləşməsidir.

AZƏRTAC Azərbaycanın genişspektrli xarici siyasətində mühüm yer tutan Mərkəzi Asiya ilə strateji tərəfdaşlığa qısa nəzər salır.

Çoxvektorlu xarici siyasət

Xüsusilə İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycanın beynəlxalq nüfuzunun artması Avropa ilə Asiya arasında geostrateji mövqeyindən və enerji bazarında əhəmiyyətli oyunçu rolunda çıxış etməsindən irəli gəlir. Bu, ölkəmizin həm iqtisadi, həm də siyasi gücünü inamla artırmağa imkan verir.

Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq nüfuzu getdikcə artır. Dövlətimizin başçısının ötən ayın ilk yarısında (2 oktyabr-13 oktyabr) dörd mühüm Zirvə Görüşündə iştirakı – Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə Toplantısı, Qəbələdə Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşü, Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası və Misirdə Yaxın Şərq Sülh Sammiti ölkəmizin genişspektrli xarici siyasətinin əyani təzahürüdür. Müxtəlif kürsülərdən mühüm bəyanatlarla çıxış etmək Azərbaycanın beynəlxalq gündəliyə töhfə verən nüfuzlu ölkə kimi tanındığını təsdiqləyir. Türk Dövlətləri Təşkilatında mövqelərin möhkəmləndirilməsi Azərbaycanın türk birliyi və həmrəyliyi ideyasına sadiqliyinin göstəricisidir. Bu da ölkəmizin regional təsirini artırır.

Tarixdən müttəfiqliyə

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa böyük önəm verir. Dərin tarixi, mədəni və mənəvi birliyə əsaslanan bu münasibətlər strateji tərəfdaşlıq, müttəfiqlik səviyyəsindədir və bu, yüksəksəviyyəli qarşılıqlı səfərlərin intensivliyi ilə təsdiqlənir. Son illərdə Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinə çoxsaylı səfərlər həyata keçirib. Bu da dialoqun və qarşılıqlı etimadın yüksək dinamikasından xəbər verir. Prezident İlham Əliyev bu günlərdə Özbəkistanın UzA agentliyinə müsahibəsində Azərbaycanın regiondakı (Mərkəzi Asiyadakı) bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini söyləyərək deyib: “Hesab edirəm ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır”.

Dövlətimizin başçısı 2023-cü ilin sentyabrında Düşənbədə və 2024-cü ilin avqustunda Astanada Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. Bu, tərəfdaşlığın yüksək səviyyəsini və Azərbaycanın region üçün strateji əhəmiyyətini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşünə də dəvət olunması ölkəmizin beynəlxalq arenada rolunun, ona olan diqqətin və etimadın bariz nümunəsidir.

Azərbaycan və Mərkəzi Asiya ölkələrini yalnız tarixi və mədəni əlaqələr deyil, həmçinin Qarabağın bərpası və dirçəldilməsində fəal əməkdaşlıq birləşdirir. Bu, qardaşlığın, həmrəyliyin və dostluğun parlaq təzahürüdür. Özbəkistan Respublikası tərəfindən Füzulidə Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəb inşa edilib. 2023-cü il avqustun 23-də məktəbin açılış mərasimində Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev iştirak ediblər. Bundan əlavə, 2025-ci il iyulun 3-də iki ölkənin dövlət başçıları Xankəndidəki “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar.

Qazaxıstan Respublikası öz növbəsində Qarabağın mədəni və sosial sahəsinin inkişafına töhfə verib. Qardaş ölkə tərəfindən Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. 2024-cü il martın 12-də mərkəzin açılış mərasimində Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev iştirak ediblər.

Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin iqtisadi dinamikası

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi əlaqələrin dərinləşməsi qarşılıqlı iqtisadi fəaliyyətin artması ilə müşayiət olunur. Bu uğurun təməli şaxələndirilmiş ticarət yollarının inkişafındakı və regional sabitliyin gücləndirilməsindəki ortaq maraqdır. Son illərin məlumatları iqtisadi əlaqələrdə yeni bir dövrün başlanğıcından xəbər verir. Belə ki, ötən il Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsi 50 faiz artaraq 470 milyon dollara çatıb. Cari ilin birinci yarısında ticarət dövriyyəsi 501 milyon dollara çatmaqla artmağa davam edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur. Cari ilin yanvar-may aylarında Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin həcmi 118,479 milyon ABŞ dolları təşkil edib. Azərbaycanla Özbəkistan arasındakı əmtəə dövriyyəsi 2025-ci ilin yanvar-sentyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artıb. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Tacikistanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2,5 dəfə artıb. 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın Qırğızıstan ilə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 99,1 faiz artıb.

Şaxələndirilmiş nəqliyyat-logistika infrastrukturunun inkişafı əməkdaşlığın ən vacib amillərindən biridir. Azərbaycan Qərb bazarlarına çıxış əldə etmək istəyən Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə kimi çıxış edir. Ölkəmizin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda və Orta Dəhlizdə fəal iştirakı strateji əhəmiyyətə malikdir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və geniş ticarət donanması da daxil olmaqla, Azərbaycanın nəqliyyat-logistika infrastrukturu bu marşrutun əsas halqasıdır.

Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu artıq nəzərəçarpacaq nəticələr verir. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında tranzit daşımaların həcmi 2024-cü ildə 1,3 milyon tonu ötüb və 2023-cü illə müqayisədə 18 faizdən çox artım olub. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm nəqliyyat mübadiləsində davamlı dinamik artım nümayiş etdirərək bir milyon tona yaxınlaşıb.

Zəngəzur dəhlizinin açılması Mərkəzi Asiyanın bütün ölkələrinə yüksək dividendlər gətirəcək, onların Türkiyəyə, daha sonra isə Avropaya çıxış imkanlarını genişləndirəcək amil kimi qiymətləndirilir.

Prezident İlham Əliyev Özbəkistanın UzA agentliyinə müsahibəsində Zəngəzur dəhlizinin açılmasının bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcəyini deyib. Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, ölkəmizdə yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir.

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq enerji sektorunda da genişlənir. Dayanıqlı inkişafa qlobal keçid şəraitində Azərbaycan enerji təhlükəsizliyi və bərpaolunan mənbələrin inkişafı məsələlərində əsas tərəfdaş kimi çıxış edir. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər, memorandumlar imzalayıblar. Bu, regionun davamlı inkişafı çərçivəsində enerji əməkdaşlığının gücləndirilməsi üçün yeni perspektivlər açır.

Azərbaycan güclü daxili potensiala, böyük enerji təchizatçısı statusuna və fəal çoxvektorlu diplomatiyaya arxalanaraq, beynəlxalq nüfuzunu yüksək səviyyəyə çatdırıb. Xüsusilə Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və yaşıl enerji sahəsində intensiv siyasi təmaslar, strateji iqtisadi layihələr ölkəmizin Şərqlə Qərb arasında əsas geoiqtisadi və siyasi körpü rolunu artırır.

Избранный
35
3
azerbaijan-news.az

10Источники