ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Son zamanlar Rusiya ilə Qərb arasında münasibətlər Sovet İttifaqının dağılmasından bəri misli görünməmiş həddə gərginləşməyə başlayıb. Belə ki, Rusiyanın Ukraynada irəliləyişi, rus dronlarının NATO hava məkanına daxil olması və ABŞ-nin birbaşa Rusiyaya zərbələr endirmə ehtimalı fonunda gərginlik son illərin ən yüksək səviyyəsinə çatıb.
Rəsmi Moskva hesab edir ki, Qərblə qarşıdurma artıq "soyuq müharibə" vəziyyətindən çıxaraq, "isti toqquşma" mərhələsinə keçib. Ekspertlərə görə, ABŞ və NATO Rusiyanın ətrafında gərginliyi bilərəkdən artırırlar və bu fonda Rusiyanın zəifləyəcəyinə ümid edirlər.
Rusiya-Qərb münasibətlərində gərginliyin artması Cənubi Qafqaza necə təsir edir? Rusiya regionda öz gücünü və nüfuzunu itirə bilərmi?
Politoloq Zeynal Əmrəliyev Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi Moskvanın mövqelərinə ciddi şəkildə təsir göstərir. Eləcə də Cənubi Qafqaz bu məsələdə istisna deyil:
"Hazırda Rusiyanın Cənubi Qafqazdakı bütün mövqelərinin kifayət qədər zəifləməsi müşahidə olunur. Qərb ölkələri və NATO maksimum şəkildə çalışır ki, Rusiya Ukrayna münaqişəsindən zəifləyərək çıxsın. Ona görə də Ukraynaya dəstək davam etdiriləcək”.
Müsahibimiz hesab edir ki, qarşıdakı dövrdə Rusiya ilə Ukrayna arasında davam edən müharibə fonunda qış əməliyyat planına uyğun olaraq, daha ağır döyüşlərin şahidi ola bilərik. Dediyinə görə, bu əməliyyat planında Qərb ölkələri çalışacaqlar ki, Ukrayna cəbhə xəttində müəyyən dərəcədə üstünlüyü ələ keçirə bilsin və rus ordusunun təchizatı sıradan çıxarılsın.

Zeynal Əmrəliyev: Rusiyanın zəifləməsini istəyən ölkələr bundan sonra da Moskvaya qarşı addımlar atacaq
Politoloq bildirib ki, Rusiyanın müharibədən zəifləyərək çıxması Şərqi Avropanın təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Rusiya uzun müddətdir ki, Avropanın şərqini çox ciddi şəkildə təhlükə altında qoyub.
"Məsələn, Polşaya olan dron hücumları və PUA-ların sıx şəkildə Polşa sərhədini keçməsi ciddi şəkildə təhlükəli manevrlərdir. Eyni zamanda güclənmiş Rusiya Avropanın təhlükəsizliyini təhdid edir. Paralel olaraq, Çin də Rusiyanın Ukrayna müharibəsindən güclənərək çıxmasını istəmir. Çin Rusiya ilə nə qədər mütəffiq olsa da, Şərqdə və xüsusən də Mərkəzi Asiyada iki ölkə arasında açıq şəkildə rəqabət gedir. Eyni zamanda ABŞ də Rusiyanın güclənməsinə qarşıdır. Müharibədən güclənərək çıxan Rusiya ABŞ üçün müəyyən bölgələrdə ciddi problemlər yarada bilər. Məsələn, son zamanlar Rusiyanın Çinlə birgə Yaponiya sahillərində keçirdiyi hərbi əməliyyatlar müəyyən problemlər yaradıb. Təbii ki, Yaponiya da ABŞ-nin müttəfiqidir və ona tez-tez müraciət edir", - deyə müsahibimiz qeyd edib.
Z.Əmrəliyev onu da bildirib ki, Rusiyanın zəifləməsini istəyən ölkələr bundan sonra da Moskvaya qarşı addımlar atmağa davam edəcəklər.
Gülşən Şərif
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.