RU

Azərbaycan Özbəkistan əlaqələri qarşılıqlı etimad, siyasi iradə və qardaşlıq prinsiplərinə əsaslanır

Yeniazerbaycan saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə iki ölkə arasındakı əməkdaşlığın strateji mahiyyətini, regional proseslərdə artan əməkdaşlıq və gələcək inkişaf perspektivləri geniş şəkildə əks etdirir. Müsahibə həm siyasi, həm iqtisadi, həm də humanitar müstəvidə Bakı–Daşkənd əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Cənab Prezident ilk növbədə Azərbaycan ilə Özbəkistanın münasibətlərinin tarixi və mədəni dəyərlərə söykəndiyini, xalqların ortaq mənəvi irsi, dil yaxınlığı, mədəni-ideoloji bağlılığı ikitərəfli əlaqələrin möhkəm təməlini təşkil etdiyini, iki ölkə arasında siyasi etimadın, qarşılıqlı hörməti və həmrəyliyin daha da gücləndiyini vurğulayır.

Müsahibədə iqtisadi əməkdaşlıq xüsusi yer tutur. Cənab Prezident qeyd edir ki, ticarət dövriyyəsində müşahidə olunan sürətli artım, qarşılıqlı investisiya axını və ümumi iqtisadi strategiyanın uyğunluğu əlaqələrin gələcək potensialını daha da genişləndirir. Birgə investisiya layihələri, sənaye və kənd təsərrüfatı sahələrində həyata keçirilən proqramlar, habelə yeni istehsal müəssisələrinin açılması iki ölkənin iqtisadi əlaqələrinin strateji hədəflərə əsaslandığını göstərir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq müsahibənin digər mühüm istiqamətlərini  təşkil edir. Cənab İlham Əliyev Azərbaycanın tranzit imkanlarının genişləndirilməsinin Mərkəzi Asiya ölkələri üçün, o cümlədən Özbəkistan üçün böyük önəm daşıdığını vurğulayıraq qeyd edir ki, Orta Dəhliz çərçivəsində həyata keçirilən layihələr, dəmir yolu və dəniz limanı infrastrukturunun modernləşdirilməsi region ölkələrini birləşdirən mühüm elementlərdir. Azərbaycan və Özbəkistanın bu sahədə tamamlayıcı rola malik olması onların əməkdaşlığını daha da səmərəli edir.

Müsahibədə humanitar və mədəni sahələrdə əməkdaşlıq məsələləri də diqqət mərkəzində saxlanmışdır. Prezident xalqlar arasında dostluğun gücləndirilməsi, mədəniyyət mübadiləsi, media əlaqələrinin inkişaf etdirilməsi üçün görülən işləri yüksək qiymətləndirir. Özbəkistanda Azərbaycan mədəniyyətinə göstərilən diqqət, eləcə də Azərbaycanda özbək irsinin tanıdılması bu əməkdaşlığın səmimiliyini və dayanıqlığını nümayiş etdirir. Xüsusilə, Qarabağın azad edilmiş ərazilərində Özbəkistan tərəfindən həyata keçirilən layihələr humanitar həmrəyliyin konkret təzahürü kimi dəyərləndirilir.

Cənab Prezident İlham Əliyev müsahibəsində siyasi və regional məsələlərə də toxunaraq Azərbaycan ilə Özbəkistanın müxtəlif beynəlxalq platformalarda bir-birini dəstəklədiyini bildirir. Bu əməkdaşlıq yalnız ikitərəfli deyil, həm də regional təhlükəsizlik, sabitlik və inkişaf üçün mühüm əhəmiyyət kəsb edir, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün önəmi və Azərbaycanın bu platformaya verdiyi töhfə də xüsusi qeyd olunur.

Ümumilikdə, müsahibə göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə diplomatik əlaqələrin inkişafı ilə məhdudlaşmır; bu münasibətlər həm iqtisadi, həm mədəni, həm də strateji baxımdan dərinləşən çoxşaxəli tərəfdaşlığa əsaslanır.

 İki ölkə arasında qarşılıqlı etimad, siyasi iradə və qardaşlıq prinsipləri gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsinə, regional əməkdaşlığın möhkəmlənməsinə və hər iki dövlətin inkişafına mühüm töhfə verməkdə davam edəcək.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
50
yeniazerbaycan.com

10Источники