Rusiyanın ötən günlərdə Kiyevə həyata keçirdiyi hücumda istifadə etdiyi “İsgəndər” raketinin qəlpələri Azərbaycan səfirliyinin binasına düşməsindən sonra Rusiyanın ölkəmizdəki səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq nota verilib.
Rusiya ordusunun bu addımı Azərbaycan-Rusiya münasibətlərinə necə təsir edəcək?
Redaktor.az-a danışan politoloq Zərdüşt Əlizadə qeyd etdi ki, bu, münasibətlərə mənfi təsir göstərəcək, lakin ciddi təsir olmayacaq.
"Rusiya zərbələr endirəndə beynəlxalq hüquqla hesablaşmır. Bu, amansız müharibənin gedişatını göstərir. Azərbaycan belə şeyləri təbii sayır. Çünki özü də müharibədən təzə çıxıb, bilir ki, müharibədə itkilər olur, qanun pozuntuları adi hala çevrilir. Səfirə nota veriblər, o da məsələni məruzə edəcək. Təbii ki, bu məsələni Putin də bilir, müdafiə naziri də bilir. Amma mən düşünmürəm ki, bunun arası kəsiləcək, çünki Azərbaycanın Ukraynadakı çox obyektlərinə zərbələr dəyib, SOCAR-ın obyektlərinə zərbələr endiriblər. Müharibə gedir, müharibədə belə şeylər olur", - deyə siyasi şərhçi qeyd etdi.
Aytəkin TOFİQQIZI