Azərbaycan yeni müstəqillik tarixində hər zaman Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa böyük önəm verib. Eyni yanaşma Mərkəzi Asiya ölkələri tərəfindən də sərgilənib. Elə bu fonda müşahidə edilən odur ki, Mərkəzi Asiya artıq Azərbaycanla, belə demək mümkünsə, tamlaşır, bütövləşir.
Qeyd edək ki, son illərdə prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinə çoxsaylı səfərlər həyata keçirib. Bununla bağlıÖzbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışında Azərbaycan dövlət başçısı bildirib: “Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik. Son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. Son üç ildə mən Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olmuşam. Bu müddət ərzində həmkarlarım ölkəmizə 23 dəfə səfər ediblər”. Bütün bunlardialoqun və qarşılıqlı etimadın yüksək dinamikasından xəbər verir. Qeyd edəkki, Mərkəzi Asiyanın dövlət başçıları 2018-ci ildən başlayaraq mütəmadi olaraq hər il Məşvərət Görüşü keçirərək regional əlaqələrin inkişafı məsələlərini müzakirə edirlər. 2023-cü ildən isə Azərbaycanın prezidenti də bu formatda keçirilən görüşlərdə qonaq qismində iştirak edir. Bu il keçirilən görüş isə tarixi əhəmiyyət daşıyaraq onunla əlamətdardır ki, Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu üzvü oldu. Belə halsözgüdənformatın coğrafiyasının genişlənməsi ilə yanaşı, Mərkəzi Asiya respublikalarının Cənubi Qafqaz regionu ilə əlaqələrinin artmasına səbəb olacaq. Qazaxıstanın“Kazinform” Beynəlxalq İnformasiya Agentliyi “Daşkənd Sammiti: Mərkəzi Asiya beşliyi, üstəgəl Bakı” sərlövhəli materialda yazır ki, bütün bunlar olduqca mühümdür. Qazaxıstanın Avrasiya Milli Universitetinin eksperti Janat Momınkulov məsələ ilə bağlı bildirir: “Azərbaycanın Məşvərət Görüşü formatına tamhüquqlu üzv olması yeni və strateji xarakter daşıyan qarşılıqlı əlaqələr mərkəzinin nüvəsinin formalaşması deməkdir. Mərkəzi Asiyanın geosiyasi məkanının genişlənməsi nəqliyyat-logistika quruculuğuna öz müsbət təsirini mütləq göstərəcək. Bu genişlənmə təhlükəsizliyin daha etibarlı təmin olunmasına, nəqliyyat, enerji, ticarət sahələrində daha dərin əməkdaşlığa və qarşılıqlı sərmayə yatırımına böyük imkanlar yaradacaq”. “Ekspert xüsusi ilə qeyd edir ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun davamı olacaq “Zəngəzur dəhlizi çox yaxşı imkanlar vəd edir. Bu yol Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında ticarət əlaqəsi yaradacaq. Digər bir ekspert - Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutunun Sosial Elmlər Mərkəzinin rəhbəri Rustam Mustafin isə nəzərə çatdırıb ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Vaşinqtona səfəri zamanı Zəngəzur dəhlizinin Ağ Evdə müzakirə etməsi təsadüfi deyil. Tokayevin ABŞ-da Zəngəzur dəhlizini dəstəklədiyini bəyan etməklə Qazaxıstanın beynəlxalq xarakterli infrastruktur layihələrdə iştirak etmək niyyətini bildirib. Materialda vurğulanıb ki, Mərkəzi Asiyanın və Azərbaycanın əməkdaşlıq əlaqələri böyük perspektiv vəd edir.
Bu arada onu da qeyd edək ki, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın da tamhüquqlu əsasda qoşulduğu yeni formatda əməkdaşlığın perspektivləri açıqlanıb. Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu xüsusda bildirib ki, “Mərkəzi Asiya +” formatında qarşılıqlı fəaliyyət güclənir və region nüfuzlu beynəlxalq forumlarda vahid mövqedən çıxış edir. Azərbaycanın bu formata qoşulması ilə regionun qlobal birlikdə səsinin daha da əhəmiyyətli olacağına əminlik ifadə edilib. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi əlaqələrin dərinləşməsi qarşılıqlı iqtisadi fəaliyyətin artması ilə müşayiət olunur. Bu uğurun təməli şaxələndirilmiş ticarət yollarının inkişafındakı və regional sabitliyin gücləndirilməsindəki ortaq maraqdır. Son illərin məlumatları iqtisadi əlaqələrdə yeni bir dövrün başlanğıcından xəbər verir.Şaxələndirilmiş nəqliyyat-logistika infrastrukturunun inkişafı əməkdaşlığın ən vacib amillərindən biridir. Azərbaycan Qərb bazarlarına çıxış əldə etmək istəyən Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə kimi çıxış edir. Ölkəmizin Orta Dəhlizdə fəal iştirakı strateji əhəmiyyətə malikdir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tiflis-Qars dəmir yolu xətti və geniş ticarət donanması da daxil olmaqla, Azərbaycanın nəqliyyat-logistika infrastrukturu bu marşrutun əsas halqasıdır. O da faktdır ki, Azərbaycan özünün “Əsrin müqaviləsi”, Xəzər dənizində hasilat modeli və çoxşaxəli ixrac siyasəti ilə Mərkəzi Asiya dövlətləri üçün inkişaf yolunun nümunəsidir. Bu ölkələr enerji sektorunu modernləşdirərkən Azərbaycan təcrübəsinə geniş şəkildə müraciət edirlər. İkincisi, Azərbaycanın qaz nəqli infrastrukturunun—TANAP, TAP və Cənub Qaz Dəhlizinin Mərkəzi Asiya üçün Avropaya çıxış imkanı yaratması strateji əhəmiyyət kəsb edir. Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycana nəqli perspektivi region üçün yeni iqtisadi imkanlar deməkdir. Üçüncüsü, Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə həm ənənəvi enerji, həm də bərpa olunan enerji layihələrində əməkdaşlığı genişləndirir. “Yaşıl enerji” keçidi üçün təcrübə mübadiləsi, Xəzər hövzəsində külək və günəş enerjisi layihələrinin planlaşdırılması regional enerji təhlükəsizliyini gücləndirir. Azərbaycan Mərkəzi Asiyanın siyasi inteqrasiyasında da mühüm rol oynayır. Türk Dövlətləri Təşkilatının formalaşmasında və güclənməsində Azərbaycanın təşəbbüskarlığı regionun inkişaf sürətini artıran mühüm amildır. Mərkəzi Asiyanın inkişafı sabitlikdən asılıdır. Terrorizm, sərhəd təhlükəsizliyi, narkotik qaçaqmalçılığı və regional risklər fonunda Azərbaycan hərbi təlimlər, təhlükəsizlik orqanları arasında əməkdaşlıq, kibertəhlükəsizlik üzrə təcrübə mübadiləsi, sərhəd idarəetməsi və gömrük modernləşdirilməsi kimi sahələrdə Mərkəzi Asiya dövlətləri ilə praktiki əməkdaşlıq həyata keçirir. Nəqliyyat dəhlizləri, enerji layihələri, regional təşkilatlar və təhlükəsizlik əməkdaşlığı sayəsində Azərbaycan həm Mərkəzi Asiyanın qlobal iqtisadi sistemə qoşulmasına yardım edir, həm də regionun geosiyasi əhəmiyyətini artırır.
Samirə SƏFƏROVA