RU

Azərbaycan daha bir beynəlxalq birliyə inteqrasiyanı uğurla başa vurdu...


Faiq Ələkbərli: “Azərbaycana bu qurumda tamhüquqlu üzv statusunun verilməsi ölkəmizin bölgədə, türk dünyasında və dünyada artan nüfuzu ilə bağlıdır”

Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusu verilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı deyib ki, bu gün formatımıza tamhüquqlu üzv kimi qoşulmaqla bağlı tarixi bir qərar qəbul edilib. “Əminəm ki, bu yeni vəzifədə Azərbaycan regional əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verəcək”, - deyə Qazaxıstan Prezidenti bildirib.

Xatırladaq ki, Daşkənddə keçirilən görüşdə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının məşvərətçi görüşlər formatına tamhüquqlu iştirakçı kimi qoşulduğunu elan edib.

"Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək. Bu vacib qərarı qəbul etdikləri üçün bütün həmkarlarıma səmimi-qəlbdən təşəkkürümü bildirmək və Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması münasibətilə İlham Heydər oğlunu təbrik etmək istəyirəm", - deyə Şavkat Mirziyoyev bildirib.

Sonuncu keçirilən yeddinci iclas idi və Azərbaycan indiyədək bu iclaslardan 3-də iştirak edib, indi isə tamhüquqlu üzv kimi qəbul olunub.

Bunun nə kimi əhəmiyyəti olacaq?

“Bu bizim qardaşlarımızla qaynayıb-qarışmağımızın, uğurlu inteqrasiya prosesinin...”

Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusu verilməsini müsbət hadisə hesab edən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, tarixən Cənubi Qafqaz və Türküstan bu və digər formada bir-birinə bağlıdır. “Yəni Xəzərin o tayı da, Şərqi də, Qərbi də tarixən türk torpaqları, türk dövlətlərinin ərazisi olub. Böyük türk dövlətləri Qafqazda və Mərkəzi Asiyada yaranıb. Massagetlər çarlığına baxanda da bunu görürük. Tomrisin başçılığı ilə mövcud olmuş dövlət həm indiki Qazaxıstan, Özbəkistan, eyni zamanda bütövlükdə Qafqazı əhatə edən bir dövlət olub. Ondan sonra da bir çox dövlətlərin - Hunların, Göy Türk xaqanlığının, Səlcuqların, Xarəzmşahların, Teymurilərin və başqalarının tarixində də bunu görürük.

Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinində tam hüquqlu üzv kimi iştirakı çox müsbət haldır. Bu, Azərbaycanın növbəti uğurudur.

Bu baxımdan, Azərbaycanın türk xalqları və dövlətləri ilə daha da yaxınlaşmasının əhəmiyyəti böyükdür. Bu bizim qardaşlarımızla qaynayıb-qarışmağımızın, uğurlu inteqrasiya prosesinin nəticəsidir.

Azərbaycanın yalnız bölgədə deyil, dünyada sayılıb-seçilən bir ölkə olması da bu məsələdə nəzərə alınmalıdır. Ölkəmiz yalnız bölgədə yox, bütün türk aləmində, o cümlədən də dünyada sayılıb-seçilən dövlət kimi özünü təsdiqləyib”.

Azərbaycanın bu prosesə də qoşulmasının həm ölkəmiz, həm də türk dünyası üçün faydalı olacağını deyən F.Ələkbərli hesab edir ki, Azərbaycan bir tərəfdən Qafqazda öz gücünü, rolunu artırır, digər tərəfdən də, Yaxın Şərqdə və Türküstanda - Mərkəzi Asiyada varlığını möhkəmləndirir: “Bu, gələcəkdə Türk Dövlətləri Təşkilatı (TDT) üçün çox böyük şanslar verir. Gələcəkdə TDT-nin daha geniş əhatəli bir birliyə çevrilməsinə də şərait yaradır. Əslində, Azərbaycanın, Türkiyənin sayəsində TDT daha güclü bir vəziyyətə gələcək. Bu baxımdan, Azərbaycana bu qurumda tamhüquqlu üzv statusunun verilməsi ölkəmizin bölgədə, türk dünyasında və dünyada artan nüfuzu ilə bağlıdır”.

F.Ələkbərli hesab edir ki, gələcəkdə TDT güclü bir birliyə çevriləcək.

İradə SARIYEVA

Избранный
26
50
baki-xeber.com

10Источники