“Aşıq Yediyar” obrazı ilə xalq tərəfindən sevilən aktyor Yadigar Muradovun vəfat etməsi ictimaiyyət arasında dərin üzüntü ilə qarşılanıb. “Aşıq Yediyar” obrazını Azərbaycan tamaşaçısına vaxtilə ANS TV-nin efirində yayımlanan “Qulp” satirik-publisistik proqramı tanıtmışdı.
“Aşıq Yediyar” satirik, folklor, xalq dili və musiqi elementlərini birləşdirən bir obraz kimi tamaşaçılar üçün maraqlı idi. Onun çıxışları - mahnı, şeir, aşıq ruhu - tamaşaçılara xoş ovqat bəxş edirdi. “Aşıq Yediyar” dilindəki şirinlik, aşıq üslubunda danışığı və ifaları, sosial mövzularıdakı duzlu atmacaları ilə ictimaiyyət üçün sadəcə satirik obraz deyil, həm də xalq incəsənətini yaşadan simvol idi. Şübhəsiz ki, onun vəfatı bu sahədə böyük boşluq yaradacaq.
“Qulp” 2000-ci illərin ən yadda qalan satirik, yumoristik verilişi kimi xatırlanacaq. Verilişin özəlliyi real hadisələri yumorla, sarkazmla tənqid etməsi və bunu koloritli, xalq dilinə yaxın obrazlar vasitəsilə çatdırması idi.
“Qulp”un zəngin obrazlar qalareyası vardı: Aşıq Yediyar, Baba Pünhan, Xanım nənə, Şirin Zərdablı, Dumbul Bəhram, Teymur Məmmədov və başqaları... Onların hər biri oynadığı rolun ustası idi.
Baba Pünhan xalq müdrikliyi ilə yumoru birləşdirən, həyat təcrübəsini güldürərək bölüşən, eyni zamanda məişət və sosial mövzulara yumşaq, amma yerinə düşən tənqidlə yanaşan obraz idi. O, reallığı dolayısı ilə deyən, hər şeyə özünəməxsus məntiq və ya “şirin kinayə” ilə yanaşan, həm güldürən, həm də düşündürən müdrik qəzlxan idi.
Baba Pünhan kimi xarakterin ən yadda qalan tərəfi özünəməxsus danışıq üslubu, zarafatları, xalq məsəllərini özünəxas üslubda təqdim etmək bacarığı və lətifəvari nitqi idi. Onun satirik şeirləriindən yadda qalan ifadələr sitat kimi işlədilirdi. Baba Pünhanın yumoru nə çox kəskin, nə də çox yumşaq idi, o, şeirlərini “duzli-istotlu” təqdim edirdi, amma həddini aşmadan.
O, “Qulp”da gündəlik məişət problemlərini, bürokratik əngəlləri, əndazəsiz sosial münasibətləri və davranışları incə yumorla ifadə etməklə insanların ürəyindən xəbər verirdi.
Şirin Zərdablı kənd, bölgə və ya regional üslubda danışan, bir az sadəlövh, amma ürəyiaçıq xarakter idi. Şirin kişi mövzuları özünəməxsus sadə məntiqi ilə izah edirdi. Bu sadəlikdən doğan komik situasiyalar tamaşaçılara ləzzət edirdi. Obrazın danışıq tərzi və davranışları ümumən bölgə insanının tipik cizgiləri kimi qəbul edilirdi ki, bu da ona doğmalıq qazandırmışdı.
Xanım nənə obrazı çox vaxt ənənəvi, amma bir az sərt, bir az da yumoristik ağbirçək prototipi üzərində qurulmuşdu. O, məsələlərə yaşlı nəsil prizmasından yanaşır, hər şeyə dair məsləhət verməyə hazır olurdu. Amma bu məsləhətlər çox vaxt ya şişirdilmiş, ya da absurd şəkildə təqdim edilirdi ki, nəticədə tamaşaçıda təbəssüm doğururdu. Xanım nənənin xarakterində həm ağıllılıq, həm də bir qədər inadkarlıq vardı. Bu iki xüsusiyyət arasındakı ziddiyyət obrazı daha da effektli edirdi.
Yəqin ki, hər kəs real həyatda Aşıq Yediyar, Şirin kişi və ya Xanım nənə kimi insanlarla rastlaşıb. Onların danışığı folklor elementləri, ləhcələr və xalq yumoru ilə zəngin idi, həm güldürürlər, həm də reallığı yumşaq şəkildə göstərirdilər.
Təəssüf ki, “Qulp”un bir vaxtlar sevilən obrazları - vizi güldürənlər artıq həyatda deyillər: əvvlcə Baba Pünhan, sonra Şirin Zərdablı, Xanım nənə, Dumbul Bəhram... indi də Aşıq Yediyar...
Ə.Qafarlı