RU

Koxalski: “Azərbaycanda insanlar çox səmimi və yardımsevərdir”

Futbol üzrə Polşa yığmasının və “Qarabağ”ın qapıçısı Mateuş Koxalski keçmiş klubu “Stal”ın (Melets) mətbuat xidmətinə müsahibə verib.

Arena.az xəbər verir ki, Koxalski milliyə dəvət olunmasından, ölkəmizdən və s. danışıb:

– “Qarabağ” forması ilə UEFA Çempionlar Liqasındakı çıxışın azarkeşləri təəccübləndirir. Son bir ildə həyatının nə qədər dəyişdiyini düşünürsən?
– Bütün matçlarımdan tam razı qaldığımı deyə bilmərəm. Əlbəttə, müsbət çıxışlar mənfi çıxışlardan daha çox idi. Amma tez-tez düşünürəm ki, həyatda heç nə mümkünsüz deyil. “Qarabağ”a gələn elə futbolçular var idi ki, Portuqaliyanın ikinci liqasında və ya başqa ölkələrdə oynayırdılar və indi, mənim kimi, UEFA Çempionlar Liqasında çıxış edirlər. Hər bir futbolçu bir gün bu himni eşitmək istəyir. Mən də çox istəyirdim və nəhayət, bu, baş verdi.

– Çempionlar Liqasının himnini meydanda ilk dəfə eşitdiyiniz anda nə düşündünüz?
– Açığı, əvvəlcə alışmalı oldum, çünki həmişə bunun xəyalını qurmuşdum. İlk oyundan əvvəl Çempionlar Liqasının himnini yarım gün ərzində fasiləsiz dinlədim (gülür). Amma meydana çıxanda hiss tam başqa idi. Hər zaman oyundan əvvəl gərgin olmamağa çalışıram. Amma o vaxt həyəcan böyük idi – motivasiya verən bir stress. Bu, bir arzunun reallaşması idi, lakin arzular bununla bitmir. Özümə daha böyük hədəflər qoymalıyam. Bu, zirvə deyil. Hələ qarşıda çox şey var və dayanmaq fikrim yoxdur.

– Çempionlar Liqasında Lissabondakı oyunda – favorit olmadığınız qarşılaşmada qələbə qazandınız. Bir il əvvəl Ekstraklasada xallar üçün mübarizə aparırdınız, indi isə Çempionlar Liqasında qələbə əlavə edirsiniz. Hakimin final fitindən sonra duyğusal anlar – göz yaşları oldumu?
– Açığı, matç bitəndən sonra gülürdüm. Çünki baş verənlərə inanmaq çətin idi. Bəziləri deyir ki, filmlərdə qəhrəmanın tez uğur qazanması real deyil. Mən özümü elə bir filmdə hiss edirdim. Göz yaşları olmadı, amma şok və böyük sevinc vardı. Mənim üçün fərq etmir rəqib “Çelsi”dir, yoxsa Azərbaycan liqasından bir komanda. Həmişə qalib gəlmək istəyirəm və buna inanıram. Amma buna bu qədər tez və bu cür yaxşı üslubda nail olmağımıza təəccübləndim. Çünki bu, təsadüf deyildi.

“Azərbaycanlılar bu müqayisəni sevmir” – Koxalski

– Polşa millisinə çağırılmağını ailən necə qarşıladı?
– Atam həmişə karyeramla bağlı hər şeyə çox həyəcanlanır. O gün isə sanki cənnətdə idi. Bütün ailə çox sevinirdi və mənimlə fəxr edirdi.

– Millinin toplanışında Robert Levandovski kimi ulduz və digərləri səni necə qarşıladı?
– Futbolçuların əksəriyyəti məni çox yaxşı qarşıladı. Komandaya uyğunlaşmağım üçün çalışdılar. Bəziləri bir qədər az danışdı. Bu da normaldır, xüsusilə kiçik klubdan gələn futbolçu üçün ilk çağırışda.

– Azərbaycanda klub karyeran necə başladı? “Qarabağ”a keçəndə nə gözləyirdin?
– Ölkə haqqında heç nə bilmirdim. İnternetdən oxumalı oldum. Heç vaxt fikirləşmirdim ki, burada oynamaq şansım olacaq. İnsan daha çox TOP-5 liqalarını və böyük Avropa klublarını düşünür. Amma buraya gələndən sonra başa düşdüm ki, insanlar çox səmimi və yardımsevərdirlər. Klubda da məni əla qarşıladılar. Tezliklə hər şeyin qaydasında olduğunu anladım.

– Azərbaycandakı həyat şəraiti Polşadan çox fərqlənir?
– Fərqlər var, amma elə də böyük deyil ki, kiməsə mane olsun. Azərbaycanlılar bu müqayisəni sevmir, amma ən sadə izahı budur — ölkə müəyyən mənada Türkiyəyə bənzəyir. Müsəlman ölkəsidir, amma insanlar çox mehribandırlar. Burada kimisə narahat edə biləcək heç nə yoxdur.

– Sevgilin Azərbaycana gedəcəyinizi eşidəndə necə reaksiya verdi?
– Daha yaxın ölkəyə gedəcəyimizi düşünürdü. Amma başa düşdü ki, daha yüksək səviyyəyə qalxmaq üçün pillə-pillə getməliyəm. O, hər addımımda məni dəstəkləyir və buna görə ona çox minnətdaram.

– Ev icarəyə götürmüsünüz, yoxsa oteldə qalırsınız?
– İcarəyə götürmüşəm. Yayda dəyişdim. Əvvəl mərkəzdə yaşayırdım, indi bir az kənara köçmüşəm. Məşqdən kənarda sakit həyatı daha çox sevirəm.

– Məşq sistemi “Stal”dan çox fərqlənir?
– Polşada olduğum bütün klublardan çox fərqlidir. “Qarabağ”da daha çox məşq olur. Klubda 7-8 saat vaxt keçiririk. İki nəfərlik otaqlarımız var. Məsələn, məşq 16:00-dadırsa, toplanış 14:00-dadır. Yemək, istirahət, məşqəqədər yüngül yuxu. Hər məşqə əvvəlcə fitneslə başlayırıq: oyuna nə qədər çox varsa, ağırlıq bir o qədər çox olur, oyuna yaxınlaşdıqca azalır.

Koxalski “Qarabağ”ın Liqa 1-də rahat oynaya biləcəyini düşünür

– UEFA Çempionlar Liqasında çox yaxşı çıxış edirsiniz. “Qarabağ” TOP-5 liqalardan hansında daha rahat oynaya bilər?
– Fransa liqasında. Orada bir neçə komanda hər il çox güclüdür, amma qalanları bizə yaxındır.

– Azərbaycanda azarkeşlər necədir? Stadionlara çox adam gəlir?
– Polşaya nisbətən azdır. Çempionlar Liqasında stadion dolur, amma liqa oyunlarında ən sədaqətli azarkeşlər gəlirlər. Daim mahnı oxuyan və dəstək olan qrup var və onlara böyük hörmətim var. Kimsə deyə bilər ki, az adam var, atmosfer zəifdir — amma məncə, sayından asılı olmayaraq hər bir azarkeş hörmətə layiqdir.

– Komandada qapıçı mövqeyində rotasiya var. Hər oyunda sən oynamırsan…
– Bəli, burada Azərbaycan millisinin qapıçısı da var. O da daim oyun ritmində olmalıdır. Baş məşqçi həmişə çox rotasiya edib və hələ də edir – yalnız qapıçı yox, bütün komanda üzrə.

– Şahruddin Məhəmmədəliyevlə rəqabətiniz necədir? Sağlam rəqabətdir?
– Hər məşqdə bir-birimizi dəstəkləyirik. Hamıdan yardım görürəm. Şahruddin azərbaycanlıdır, məşqçi ilə öz dilində danışır, illərdir komandadadır. Mənə çox kömək edir. Burada hamı bir-birini dəstəkləyir, heç kim kiməsə pislik etmək istəmir.

– Azərbaycanda şəxsi olaraq nəyin çatışmazlığını hiss edirsən?
– Sevgilimin və itimin yanımda olmasını istəyərdim. O olsa, başqa heç nəyə ehtiyacım olmaz, tam xoşbəxt olardım.

– “Çelsi” ilə oyunda rəqib qapıçı Robert Sançeslə formalarınızı dəyişdiniz…
– Mənim yanaşmam belədir ki, qapıçılar bir az başqa peşə kimidirlər. Heç kimə pislik arzulamıram. Hər oyundan əvvəl rəqib qapıçıya uğurlar arzulayıram, matçdan sonra isə təşəkkür edirəm, təbrik edirəm və ya o məni təbrik edir. Hər qapıçıdan forma toplamaq kimi bir hədəfim var. İndiyədək hamısı ilə dəyişmək mümkün olub. Onun formasını almağım məni sevindirdi, baxmayaraq ki, nəticəyə görə çox əsəbi idi.

Koxalski TOP-5-də oynamağı arzulayır

– “Roma” və “Borussiya” (Dortmund) kimi klubların səninlə maraqlandığı yazılır. TOP-5 liqalardan həqiqətən maraq var?
– Belə xəbərləri mən də görürəm, amma agentimdən və ya klubdan rəsmi məlumat gəlməlidir. İnternetdə hər kəs nəsə yaza bilər, xüsusilə yaxşı dövr keçirəndə insanlar daha çox inanır. Maraqlar və sorğular var, amma xəbərlərdə yazılan klublardan deyil. Konkret təklif yoxdur. Yayda “Stal”dan ayrılarkən təxminən 15 klub maraq göstərmişdi, amma heç biri rəsmiləşmədi. Marağın olması yaxşı motivasiya verir, çünki kimsə sənə baxır.

– İndi 2025-ci ilin noyabr ayındayıq. Mateus Koxalski bu gün nəyə doğru gedir?
– Daha yaxşı oynamağa və Çempionlar Liqasında daha az qol buraxmağa. Komandaya maksimum kömək etməyə, daha çox effektiv müdaxilə etməyə çalışıram. Arzum ən yüksək səviyyədə oynamaqdır – yəni TOP-5 liqalardan birinə və ya digər güclü Avropa liqasına transfer olmaq. Mənim “sərhədim”? Bəlkə də yalnız “Qızıl topu” qazanmağım ola bilər (gülür). Zarafat edirəm, əlbəttə, çünki bu, nəzəri olaraq mümkün deyil. Amma “Stal”da ehtiyat oyunçular skamyasında oturarkən də iki il sonra Çempionlar Liqasında oynayacağımı çoxları real hesab etmirdi. Həmçinin Polşa milli komandasında debüt etmək və mümkün qədər çox oyun keçirmək istəyirəm.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
14
arena.az

1Источники