RU

YAP dövlətçilik düşüncəsinə və milli məfkurəyə söykənən böyük siyasi məktəbdir

Salyanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə konfrans keçirilib

Salyan rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə "Yeni Azərbaycan Partiyası - müstəqil, müasir və bütöv Azərbaycan reallığı" mövzusunda konfrans keçirilib. Konfransda rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP rayon təşkilatının sədri Elmar Əhmədov, Milli Məclisin deputatı Sadiq Qurbanov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, ərazi partiya təşkilat sədrləri və sədr müavinləri, ziyalılar, partiya fəalları və gənclər iştirak ediblər. 

Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar. YAP Salyan rayon təşkilatının inzibati binasında davam etdirilən konfransda Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub. Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr edilmiş videoçarx nümayiş olunub. 

Konfransı giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyəti müasir Azərbaycanın siyasi tarixində xüsusi mərhələ kimi dəyərləndirilir. Ümummilli Lider Heydər Əliyevin yaratdığı bu siyasi məktəb Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə yüksəlib. YAP dövlətçilik prinsiplərinin qorunması, milli maraqların təmin edilməsi və ölkədə dayanıqlı siyasi sabitliyin möhkəmləndirilməsi sahəsində böyük xidmətlər göstərib: "Bu illər ərzində partiya cəmiyyətin bütün təbəqələri ilə açıq dialoq aparan, yeniliklərə açıq, milli dəyərlərə sadiq bir siyasi qüvvə kimi formalaşıb". 

Təşkilat sədri çıxışının sonunda Yeni Azərbaycan Partiyasının bundan sonra da dövlətimizin inkişafına, xalqımızın rifahına layiqincə xidmət edəcəyinə əminliyini bildirib. 

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin inkişaf yolunda etibarlı siyasi dayağa çevrildiyini vurğulayıb. Qeyd edib ki, partiyanın 33 illik tarixi müasir Azərbaycan dövlətinin möhkəmlənməsi, sabitliyin təmin olunması və regionların inkişafı ilə sıx bağlıdır. Rayon rəhbəri bildirib ki, YAP lokal səviyyədə də cəmiyyətlə sıx təmasda çalışan, ictimai təşəbbüsləri dəstəkləyən və dövlət siyasətinin bölgələrdə həyata keçirilməsinə əhəmiyyətli töhfə verən siyasi qüvvədir. O, tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının 33-cü ildönümü münasibətilə təbrik edərək, partiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Yeni Azərbaycan Partiyasının ölkənin siyasi sistemində aparıcı rol oynadığını, qəbul etdiyi qərarların, irəli sürdüyü təşəbbüslərin Azərbaycanda dayanıqlı inkişaf modelinin əsasını təşkil etdiyini bildirib. Qeyd edib ki, son illərdə həyata keçirilən enerji layihələri, ekoloji proqramlar, iqtisadi islahatlar və regional inkişaf təşəbbüsləri partiyanın müəyyən etdiyi strateji xəttin konkret nəticələridir. Bu siyasətin mərkəzində vətəndaş amili, inkişaf, təhlükəsizlik və modernləşmə dayandığını vurğulayan deputat partiyanın cəmiyyətdə geniş sosial dayağa malik olduğunu, bunun ölkə üzrə davamlı uğurların əsasını təşkil etdiyini diqqətə çatdırıb.

YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyasının təşkilati modeli illər ərzində daha da təkmilləşib, ölkənin bütün regionlarında sosial-siyasi fəallığın artmasına səbəb olub. Bildirib ki, partiyanın ideoloji xətti yalnız siyasi proseslərlə məhdudlaşmır, eyni zamanda ictimai həyatın müxtəlif sahələrində yenilənmə, inkişaf və milli həmrəyliyin güclənməsi kimi hədəfləri özündə birləşdirir. Vurğulayıb ki, bu gün YAP-ın gücü onun intellektual potensialı, gənclərin partiya sıralarında artan təmsilçiliyi və ümumi məqsəd ətrafında birləşən ziyalılar ordusudur. O, YAP-ın bundan sonra da ölkənin inkişaf strategiyasının həyata keçirilməsində etibarlı siyasi platforma olaraq fəaliyyət göstərəcəyini bildirib.             

Digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən və həmin dövrün siyasi reallıqlarından söz açıblar. Bildiriblər ki, partiyanın yaradılması Azərbaycan dövlətçiliyini böhranlı vəziyyətdən çıxaran, xalqın milli birlik və həmrəylik duyğusunu bərpa edən tarixi qərar idi. Çıxışlarda həmçinin vurğulanıb ki, YAP bu gün yalnız siyasi təşkilat deyil, dövlətçilik düşüncəsini, ictimai məsuliyyəti və milli məfkurəni cəmiyyətə aşılayan böyük bir məktəbdir. 

Konfransda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib. 

Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.

Seyran CAVADOV,

"Azərbaycan"

Избранный
360
50
azerbaijan-news.az

10Источники