Tramp Zelenskiyə 28 bəndlik plana razılıq bildirməsi üçünŞükranlıq Gününə qədər vaxt verib.Münasibət yox, məhz razılıq. Çünki“onsuz da gec-tez nə iləsə razılaşmalıdır”.Əla məntiqdir. Zelenski isə razılaşmağın labüdlüyünü General Şaxtanın gəlişilə əsaslandırır.
Adətən Şükranlıq Günündə Ağ Evə qurban kəsilmək üçün hindquşu gətirirlər. Amma prezident onu əfv edib buraxır. Çox simvolik gündür. Eyni gündə ABŞ-də milyonlarla hindquşu qurban kəsilir. Hətta amerikalıların dilində özünü“Şükranlıq günündəki hindquşu kimi hiss etmək”ifadəsi də var. Amma o kəsilən hindquşular qalır bir tərəfdə, bütün diqqət əfv olunub Ağ Evin çəmənliyinə buraxılan xoşbəxt, saqqalı quşun üzərində cəmlənir. Siyasətin, medianın, incəsənətin mahiyyətini bundan yaxşı əks etdirən ikinci misal tapmaq mümkün deyil.
Bu şükranlıq günündə Zelenski görəsən, özünü hansı hindquşu kimi hiss edəcək:kəsilən, yoxsa əfv edilən?Axıplanın 26-cı bəndi ilə əfv edilib, 25-ci bəndə görə isə Ukraynada 100 gün ərzində yeni seçki keçirilməlidir. Bu, Zelenskinin getməli olduğuna açıq və incə işarədir.Mavr işini görüb.Putin “denasifikasiya” deyəndə bunu nəzərdə tuturdu. “Demilitarizasiya” deyəndə isə 6,7, 8, 18-ci bəndlərdə Ukraynanın ordusuna və silahlanmasına qoyulan məhdudiyyətləri. Amma qalib heç də o deyil.
Amerika yenə də II Dünya Müharibəsində uğurla tətbiq etdiyi sxemlə oynadı və qalib gəldi. Həmin sxemin qısa məğzi budur:“Kim döyüşürsə-döyüşsün, qazanan biz olacağıq”.Trampın təkliflərinin və dediklərinin hamısını yuvarlaqlaşdırsaq, belə bir qısa nəticə çıxır: “Döyüşdünüz, sağ olun, indi isə bəsdir, dayanın, imkan verin, biz qazancımızı götürək”.Lets make a deal!Əvvəllər diplomatiya dil tapmaq sənəti idi, Tramp onu deal tapmaq sənətinə çevirdi.
Etiraf etmək lazımdır, Donald Fred oğlunun dediklərində həqiqət payı çoxdur. Məsələn, açıq deyir ki,ən yaxşı sövdələşmə bu müharibəni başlamamaq ola bilərdi. Qalan bütün sövdələşmələr pisdir.Söz Ukraynaya eşitdirilir - hücuma məruz qalan ölkəyə. Və bu heç dəgeosiyasi “victim blaming”deyil. “Viktim bleyminq” məişətdə olur: qısa geyinmiş qızı gecə dalanda zorlananda biri qəzəblə deyir ki, “niyə elə açıq geyinmişdi”, o biri qaşlarını çatıb, gecə vaxtı gənc qızın dalanda nə süləndiyini soruşur. Belə çıxır ki, zorlayanda günah yoxdur. Ammasiyasətdə bu prinsip belə işləmir. Siyasətdə qurban yoxdur, varsa da ABŞ prezidentinin kəsməyib buraxdığı hindquşudur. Siyasətdə yaxşı və pis oyunçular, udanlar və uduzanlar, peşəkarlar və diletantlar var.
Bizim folklorda “viktim bleyminq”in absurdluğu daha yaxşı bədii həllini tapıb. “Nə işin var cığırda, çaqqal səni çığırda” ifadəsində günah metaforik obraz olan çaqqalın yox, cığırda gəzənin üzərinə qoyulur:Özünü çaqqala yem etməməli idi.Çaqqalı o sadə səbəbə görəqınamırq ki,mənası yoxdur - onun təbiəti belədir, cığırda gəzəni çığırtmaq onun boyuna biçilmiş mahiyyətidir.
Rusiya-Ukrayna müharibəsindəcığırın hara, çığırdılanın kim olduğu bəllidir, amma çığırdan əslində kimdir - bax, burada hər şey göründüyü qədər sadə deyil.Əslində siyasəti təhlil edənlərin müdrikliyi çığırdanı vaxtında tanıya bilmək üçün lazımdır. Amma bundan da vacib sual var: çığırdılan cığıra öz xoşu iləmi getmişdi? Yoxsa onu yönəldən olmuşdu? Fəqət bunun da artıq mənası yoxdur - getməməli idi, vəssalam.
Aydın olan bircə odur ki, Rusiya-Ukrayna müharibəsi hər iki xalqın müasir tarixindəki ən ağır fəlakətdir. Onun yaraları onilliklərlə sağalmayacaq. Burada Amerikanın qazancı təkcə hər iki ölkənin iqtisadiyyatında və təbii sərvətlərində paya yiyələnmək deyil. Ukrayna ilə Rusiya nə vaxtsa kürəklərini bir-birinə söykəsələr, bütün Avropaya meydan oxumağa qadir qüvvəyə çevriləcək potensiala sahib idilər. İndi həmin perspektvin yerində iki kar, kor, kürkü yırtıq kirpi var. Və onlar azı yarım əsr iynələrini bir-birinin kürkünü yamamaq üçün yox, bir-birinə batrımaq üçün qabardacaqlar.
Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта