– İrəvan və Bakı görüşlərini müqayisə etsək, hansı irəliləyişi görürsünüz? İştirakçıların ovqatında nə dəyişib? – Bu suala cavab olaraq qeyd edərdim ki, irəliləyiş ilk növbədə prosesual xarakter daşıyır. İrəvanda başladığımız hər şeyi – həm layihələr üzərində işi, həm də müzakirələri Bakıda ardıcıllıqla davam etdirdik. Texniki irəliləyiş də var: İrəvan görüşü ilk belə format idi, bir çox şey ilk dəfə edilirdi, biz bu formatda işləməyi sözün əsl mənasında öyrənirdik. Buna görə həm prosesual, həm də texniki baxımdan irəliləyiş aydındır. Düşünürəm ki, proses davam etdikcə hər iki istiqamətdə inkişaf baş verəcək. – Səfər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə görüş oldu. Bu görüş sizdə hansı təəssüratı yaratdı və sülh prosesi baxımından ən önəmli mesajlar nələr idi? – Mənim üçün əsas məsələ Hikmət Hacıyevin bizdən xahiş etdiyi mesajları Ermənistana və erməni cəmiyyətinə çatdırmaq idi. Biz bunu mətbuat konfransında etdik. Söhbət ondan gedirdi ki, Azərbaycan üçün müharibə bitib, münaqişə başa çatıb və Azərbaycan Ermənistanla qarşılıqlı ərazi bütövlüyünün tanınması əsasında sülhə can atır. – Bu səfərdən sonra iki cəmiyyət arasında hansı yeni kəsişmə nöqtələrini görürsünüz? – Mən deyərdim ki, bu kəsişmə nöqtələri əslində yeni deyil. İki qonşu ölkənin, Cənubi Qafqazın ən uzun sərhədini bölüşən Azərbaycan və Ermənistanın mədəni və davranış baxımından nə qədər yaxın olduğunu izah etməyə ehtiyac yoxdur. Söhbət daha çox yeni kəsişmə nöqtələrinin axtarılmasından deyil, mövcud olanların sülh prosesi çərçivəsində necə istifadə və genişləndirilə biləcəyindən gedir. – Bakıda müzakirə olunan hansı təklif və ya ideyalar birgə humanitar və ya ekspert təşəbbüsləri üçün əsas ola bilər? – Konkret layihələri müzakirə etdik və İrəvanda işləməyə başladığımız təşəbbüslər üzərində işi davam etdirdik. Artıq son mərhələdəyik və yaxın vaxtlarda onların icrasına keçəcəyik. Bu layihələr təkcə indiki proses çərçivəsində deyil, gələcəkdə daha geniş formatlarda da birgə ekspert və ictimai təşəbbüslər üçün möhkəm baza ola bilər. – Bəzən çox səmimi anlar da oldu. Sizcə konstruktivliyi və qarşılıqlı hörməti qorumağa nə kömək etdi? – Müzakirələrimiz indi də səmimi xarakter daşıyır. Konstruktivliyi və qarşılıqlı hörməti qorumağa son iki ildə beynəlxalq təşkilatlar və vasitəçilər tərəfindən görülən iş kömək edib. Onların səyləri nəticəsində işgüzar və qarşılıqlı hörmətə əsaslanan münasibətlər formalaşıb – bu format əslində məhz həmin münasibətlər üzərində dayanır. – Bu səfərdə sizin üçün ən dəyərli olan nə idi – həm ekspert, həm də şəxs olaraq? – Açığı, bu iki hal arasındakı fərqi ayırd etmək çətindir. Amma mənim üçün ən vacib və dəyərli məqam yalnız xəbərlər və media vasitəsilə gördüyümüz şəhəri öz gözlərimlə görmək imkanı oldu. Bunu öz gözlərimlə görmək, insanlarla görüşmək (hərçənd məhdud formatda), söhbət etmək, Azərbaycan rəhbərliyinin nümayəndələri ilə təmasda olmaq ilk dəfə baş verdi və müəyyən mənada tarixi an oldu. Bu həm peşəkar inkişaf, həm də şəxsi təcrübə baxımından önəmlidir. Ayrıca qeyd etmək istəyirəm ki, bunu özüm üçün deyil, həm Azərbaycan, həm də Ermənistan komandaları üçün deyirə, vətəndaş cəmiyyəti nümayəndələri etdikləri işlə böyük şəxsi cəsarət göstərdilər. Bu çox önəmlidir, baxmayaraq ki, həm Ermənistanda, həm Azərbaycanda, həm də onların hüdudlarından kənarda ciddi tənqid olunurlar. Bununla belə, missiya əhəmiyyətli idi və mənim fikrimcə, onun davamı da ən azı bu qədər əhəmiyyətlidir. – Sonda: bu səfərdən sonra Ermənistan və Azərbaycan insanlarina çatdırmaq istədiyiniz əsas mesaj nədir? – Bu suala cavab olaraq demək istərdim ki, həm Ermənistanda, həm də Azərbaycanda insanlara ünvanladığım əsas mesaj budur: Şübhə etmək, inanmamaq, qorxmaq, neqativ emosiyalar, hətta düşmənçilik, inciklik, nifrət hiss etmək tamamilə təbiidir. Son 35 ildə çoxlu qan axıdılıb, çox ağrı və travmalar yaşanıb. Amma bununla yanaşı, mənə elə gəlir ki, ən vacib olanı başa düşmək və inanmaqdır: ölkələrimiz arasında sülh mümkündür. O, həqiqətən mümkündür. O, təmin edilmiş və ya qaçılmaz deyil – biz başqa istiqamətə də gedə bilərik. Amma bu yol mövcuddur. Biz iştirak etdiyimiz bu kimi təşəbbüslər isə həmin imkanın möhkəmlənməsinə və güclənməsinə xidmət edir. Müəllif: Kəmalə Məmmədova