Gəlin “TikTok” trendini təkrarlamaq istəyib, lakin qolunu sındırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Sankt-Peterburqda gəlin toya iki saat qalmış bədbəxt hadisə ilə üzləşib, lakin mərasimi ləğv etməyib.
Məlumata görə, Mariya adlı gəlin oteldə mərasimə hazırlaşarkən “TikTok”da məşhur olan trendi təkrarlamaq qərarına gəlib.
O, stilistlərin və videoqrafın yanında gəlinliklə dəhlizdə qaçmaq istəyərkən ayaqqabısının dabanı donun ətəyinə ilişib. Nəticədə gəlin yıxılaraq qolunu sındırıb.
Nikah qeydiyyatına iki saatdan az vaxt qaldığı üçün Mariya toyu təxirə salmamaq adına zədəsini heç kimə bildirməyib. O, dözülməz ağrıya baxmayaraq, mərasim boyu bunu gizlətməyi bacarıb.
Yalnız rəsmi hissə bitdikdən sonra qohumları onu xəstəxanaya çatdırıblar. Müayinə zamanı həkimlər gəlinin qolunda yerdəyişməli sınıq aşkar edib və gips qoyublar.

Xuraman Etibarlı
İnterpress.az