RU

Azərbaycan-Ermənistan: sülh prosesi tarixi mərhələyə qədəm qoyub

Müasir inkişaf standartlarına uyğun sivil cəmiyyət, demokratik dövlət quruculuğu müvafiq hüquqi baza tələb edir. Bu hüquqi bazanın əsasını isə Konstitusiya təşkil edir. Bu il Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan  30 il ötür. 

1995-ci il noyabrın 12-də müstəqil ölkəmizin yeni Əsas Qanununun qəbul edilməsi tarixi zərurət idi. Məlumdur ki, Azərbaycanda bəlli səbəblərdən konstitusiya quruluşu uzun illər sovet sistemi ilə bağlı olmuşdur. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ildə - Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdir. Daha sonra 1937-ci ildə keçmiş SSRİ Konstitusiyasının qəbuluna müvafiq olaraq Azərbaycan Konstitusiyası da yenilənmişdir. 1978-ci ildə isə Azərbaycanın yeni Konstitusiyası qəbul edilmişdir. Bu konstitusiyaların hər biri sovet quruluşuna xas münasibətlər sistemini əhatə edirdi. Müstəqilliyin bərpasından sonrakı dövr üçün, müstəqil və suveren dövlət prinsiplərinə uyğun olaraq  Konstitusiyanın hazırlanması mühüm məsələ idi. Dövlət müstəqilliyini elan edən xalq eyni zamanda demokratik dünya ilə birgə hərəkət edəcəyini, bu dünyaya qovuşacağını bəyan edirdi.

Tarixi missiya

Bu missiyanı müstəqil dövlətçiliyimizin təlatümlü anlarında xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdaraq ölkənin gələcək taleyinə görə məsuliyyəti öz üzərinə götürən Ümummilli Lider Heydər Əliyev yerinə yetirdi. 1995-ci ilin mayında Ulu Öndərin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı. Komissiya müstəqil Azərbaycan dövlətinin Əsas Qanununun layihəsini hazırladı, oktyabr ayında bu layihə ümumxalq müzakirəsinə təqdim edildi, geniş müzakirələrdən sonra 12 noyabr 1995-ci ildə keçirilmiş ümumxalq referendumu ilə sənəd yekdilliklə qəbul olundu və Konstitusiyamız 27 noyabr 1995-ci ildə qüvvəyə mindi. 

Referendumda iştirak və Əsas Qanunun lehinə səs verənlərin faizləri kifayət qədər yüksək olmuşdu: seçicilərin təxminən 86 faizi ümumxalq səsverməsində iştirak etmiş, onların əksəriyyəti Konstitusiya layihəsinin qəbuluna səs vermişdi. 

Azərbaycan Respublikasının Konstitusiyasının strukturu dövlətin əsas təşkilati-hüquqi sahələrini əhatə edərək ölkənin suverenliyi, hüquqi-demokratik dövlət quruculuğu, vətəndaşların hüquq və azadlıqları, hakimiyyət bölgüsü kimi məsələləri əsas prinsiplər kimi müəyyənləşdirdi. Konstitusiya insan və vətəndaş hüquqlarını dövlətin ali məqsədi kimi bəyan etdi. Əsas qanunda hakimiyyətin mənbəyinin xalq olduğu göstərildi.

Bu, dövlətin quruluşunda fundamental dəyişiklik idi - indiyəqədərki sovet tipli quruluşlardan fərqli olaraq, müstəqil dövlətin hüquqi bazası hazırlanmışdı.

Konstitusiyada qanunverici, icra və məhkəmə hakimiyyəti üzrə səlahiyyətlər, onların qarşılıqlı əlaqəsi və nəzarət mexanizmləri əksini tapmışdır. Ayrıca yerli özünüidarəetmə, bələdiyyələr sistemi kimi sahələr də nəzərə alınmışdır. 

Hüquqi dövlət quruculuğu üçün bünövrə

1995-ci il Konstitusiyasının qəbulu ölkədə hüquqi dövlət quruculuğu üçün əsas bünövrə rolunu oynadı. Belə bir sənəd olmadan demokratik dövlət, çoxpartiyalı sistem və vətəndaş cəmiyyəti prinsipləri çərçivəsində inkişaf mümkün olmazdı. Əsas Qanunumuzun mövcudluğu Ümummilli Liderin qətiyyəti, siyasi iradəsi ilə həyata keçirilən islahatlara geniş meydan verdi: qanunvericilik bazası yeni çağırışlara uyğunlaşdırıldı, demokratik institutlar formalaşdı, yerli özünüidarəetmə sistemi inkişaf etdi. Bu proseslər nəticəsində Azərbaycanın dövlət idarəetmə sistemi müasirləşərək yeni dövrün reallıqlarına adaptasiya olundu. 

Azərbaycan Respublikasının Konstitusiyasında dövlətin ərazi bütövlüyü və suverenliyi prinsipləri xüsusi vurğulanmışdır. Bu aspekt ölkənin müstəqilliyini və daxili-xarici siyasətdə öz mövqeyini saxlamasını hüquqi baxımdan təkmilləşdirdi. Müstəqil dövlətimizin Əsas Qanununun qəbul edildiyi gün - 12 Noyabr uzun illərdir ki, ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir. Həmin gün yalnız hüquqi təntənə deyil, həm də dövlətçilik şüurunun artırılması, vətəndaşlıq məsuliyyətinin formalaşması baxımından simvolik məna daşıyır. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əsas Qanunumuzun qəbulundan 30 il ötməsini nəzərə alaraq 2025-ci ili ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan etmişdir. Bu, çox mühüm tarixi-ideoloji əhəmiyyətə malikdir.  Bu, təkcə keçmişə baxış deyil, gələcəyə yönəlmiş bir çağırışdır. Azərbaycan 2020-ci ilin Vətən müharibəsindəki Zəfərimizdən və 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatından sonra ərazi bütövlüyünü, suverenliyini tam təmin etmişdir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının əsas prinsiplərindən biri də bərqərar olmuşdur. 

Uzunmüddətli strategiyaya əsaslanan siyasi kurs

"Konstitusiya və Suverenlik İli" anlayışı suveren və hüquqi dövlət prinsiplərinin sıx bağlılığını vurğulayır. Konstitusiyanın möhkəmliyi, onun müddəalarına real həyatda riayət olunması suverenliyin hüquqi ifadəsidir. 2025-ci ilin Konstitusiya və suverenlik tematikası ilə rəmzləşdirilməsi cəmiyyətimizdə hüquqi maarifləndirməni gücləndirir, konstitusiya quruluşu ilə bağlı vətəndaş məsuliyyətini daha da artırır. Onların hüquq və azadlıqları ilə bağlı ictimai agahlıq genişlənir. Dövlət institutlarının şəffaflığının, qanunların aliliyinin və səmərəliliyinin təmin olunması istiqamətində ardıcıl addımlar atılır. Beynəlxalq hüquq normalarına uyğun dövlət siyasəti gücləndirilir. Konstitusiya əsasında dövlət-cəmiyyət münasibətlərinin daha müasir tələblərə cavab verməsi üçün hüquqi islahatlar davam etdirilir. Dövlət-cəmiyyət dialoqu daha aktiv və effektiv xarakter daşıyır. Xüsusilə gənclər arasında vətəndaşlıq, dövlətçilik düşüncəsi yüksəlir. Hüquqi mədəniyyət artır, Konstitusiyanın prinsipləri gündəlik həyatın bir hissəsinə çevrilir. 

Ümumilikdə, Azərbaycan Respublikasının müasir dövlətçilik modelinin formalaşması və konstitusiya quruluşunun möhkəmlənməsi uzunmüddətli strategiyaya əsaslanan siyasi kursla bağlıdır. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası hüquqi dövlətin, hakimiyyət bölgüsünün, vətəndaş hüquq və azadlıqlarının təminatçısı olan fundamental sənəd kimi ölkənin inkişaf yolunu müəyyənləşdirdi. Bu yolun davamlılığı isə birbaşa olaraq siyasi liderliyin vizionu, idarəçilik mədəniyyəti və dövlət institutlarının gücləndirilməsi qabiliyyəti ilə bağlıdır.

Bu baxımdan Ulu Öndər Heydər Əliyevin inkişaf kursunu uğurla davam etdirərək Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə çatdırmış Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanın konstitusiya quruluşu təkcə hüquqi mexanizm kimi deyil, həm də siyasi sabitliyin, dövlət davamlılığının və suverenliyin praktiki təminat sistemi kimi möhkəmlənmişdir. Cənab İlham Əliyevin dövlət idarəçiliyinə verdiyi ən mühüm töhfələrdən biri siyasi və institusional sabitliyi daha da gücləndirməsidir. Buna hər birimiz şahidik ki, müasir dünyamızda daxili siyasi sabitlik konstitusiya quruluşunun tətbiqi üçün ən vacib şərtlərdəndir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyində mərkəzləşmiş, eyni zamanda səmərəli koordinasiyaya əsaslanan model formalaşmış, dövlət orqanları arasında səlahiyyət bölgüsü Konstitusiyanın tələblərinə uyğun şəkildə təkmilləşdirilmiş, hüquqi bazanın vahid prinsiplər əsasında yenilənməsi təmin edilmişdir. Bu amillər Azərbaycan Respublikası Konstitusiyasından irəli gələn müddəaların real həyatda tətbiqini asanlaşdırmış, onun norma kimi möhkəmlənməsinə şərait yaratmışdır. Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə iki referendumla - 2009-cu və 2016-cı illərdə keçirilən ümumxalq səsverməsi ilə Konstitusiyaya mühüm dəyişikliklər edilmişdir. Hər iki referendum ölkənin siyasi, sosial və iqtisadi inkişaf trayektoriyasını nəzərə alan islahat paketlərindən ibarət olmuşdur. 

2009-cu ildə aparılmış konstitusiya islahatları dövlət idarəçiliyinin institutlaşdırılmasına, vətəndaş hüquqlarının genişləndirilməsinə və seçki mexanizmlərinin müasirləşdirilməsinə xidmət etmişdir. 2016-cı ildə həyata keçirilmiş konstitusiya islahatları isə müasir dövlət idarəçiliyi modelinin səmərəliliyini daha da artırmışdır. Hər iki islahat paketi ilə Azərbaycan Respublikasının Konstitusiyası müasir tələblərə uyğunlaşdırılmış, idarəetmə sistemi çevik, funksional, yeni çağırışlara davamlı vəziyyətə gətirilmişdir. 

Bu gün məhkəmə sisteminin köklü islahatı nəticəsində vətəndaşlarımız öz hüquqlarını etibarlı şəkildə müdafiə etmək imkanı qazanmışlar. Hər hansı vətəndaş barəsində qaldırılmış işin ədalət məhkəməsində qərəzsiz, qanuni şəkildə, açıq formada təhqiq edilməsinə, hüquqi müdafiəsinə şərait yaradılmışdır. Hazırda məhkəmə sistemi dünya standartlarına tam uyğun şəkildə fəaliyyət göstərir. 

Ümumiyyətlə, insan hüquqları və azadlıqlarının qorunması müasir demokratik dəyərlər arasında aparıcı yer tutur. Cəmiyyətin humanistləşdirilməsi, onun prinsiplərinin bərqərar edilməsi demokratiyanın təntənəsidir. Azərbaycan cəmiyyəti məhz bu yolla inkişaf edir. Ona görə də dövlətin yeritdiyi daxili siyasətin başlıca istiqamətlərindən biri dövlət-vətəndaş münasibətlərinin humanizm prinsiplərinə uyğunlaşdırılmasıdır.

Konstitusiyamızda təsbit olunmuş mühüm müddəalardan biri söz, mətbuat azadlığıdır. Kütləvi informasiya vasitələrinin müstəqilliyi demokratik cəmiyyətin ən mühüm göstəricilərindəndir. Konstitusiyamızın qəbulundan sonra Ulu Öndərin fərmanı ilə mətbuat azadlığını məhdudlaşdıran senzura ləğv edildi. 

1999-cu ildə qəbul edilərək qüvvəyə minmiş "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə kütləvi informasiya vasitələrinin dövlət qeydiyyatı, fəaliyyəti daha da sadələşdirildi, Azərbaycanda yüzlərlə yeni media qurumu yaradılaraq uğurla fəaliyyətə başladı. Bu gün də ölkəmizdə yüzlərlə media qurumu fəaliyyət göstərir, onlar cəmiyyət həyatının ən müxtəlif sferaları ilə bağlı informasiyalar əldə edir, yayır, insanların məlumatlandırılmasına xidmət edirlər. Azərbaycanda internet tam azaddır. Prezident İlham Əliyev digər vətəndaş hüquq və azadlıqları kimi ölkəmizdə söz və ifadə azadlığının ən böyük təminatçısıdır. 

Dövlət başçısı söz azadlığının təmin olunmasını prioritet məsələ sayır və bununla bağlı böyük siyasi iradə nümayiş etdirərək lazımi addımlar atır. "Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur" - Prezident İlham Əliyev bildirmişdir. Və bunu demokratiyanın fundamental şərti kimi dəyərləndirmişdir. 

Azərbaycan cəmiyyətinin humanist xarakterini şərtləndirən başqa bir mühüm məqam ölüm hökmünün ləğv edilməsidir. Bu, Konstitusiyada təsbit edilmiş   yaşamaq hüququ ilə şərtlənir. 1998-ci ildə ağır cəza növünü - ölüm hökmünü ləğv etməklə müstəqil Azərbaycan Respublikası humanist dəyərlərə sadiqliyini bir daha təsdiq etdi. Özü də nəzərdən qaçırılmamalıdır ki, ölüm hökmü rəsmən Konstitusiyanın qəbulundan  3 il sonra ləğv edilsə də, bu cəza növü 1993-cü ildən tətbiq edilmirdi.

Əsas qanunumuz üçün ən səciyyəvi cəhətlərdən biri insan hüquqları və azadlıqlarına dövlət təminatıdır. Konstitusiyanın maddələrindən üçdə-biri bu məsələyə həsr olunmuşdur. Azərbaycan dövləti öz vətəndaşlarını qanun qarşısında bərabərlik, şəxsiyyətin və mülkiyyətin toxunulmazlığı, cəmiyyətin siyasi həyatında və dövlətin idarəedilməsində iştirakı, məlumat almaq, sərbəst toplaşmaq və digər hüquqlarının qorunmasına təminat verir. Azərbaycan vətəndaşları söz, mətbuat, dini etiqad, vicdan azadlıqlarına malikdirlər. Vətəndaş hüquqları və azadlıqları yalnız müstəsna hallarda - dövlətin və xalqın təhlükəsizliyinə risk yarananda məhdudlaşdırıla bilər. 

Dövlətçilik ideologiyasının prinsipləri

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun gücü ilə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası Əsas Qanunumuza üç istiqamətdə mühüm təsirini göstərmişdir. Konstitusiyanın ərazi bütövlüyü ilə bağlı müddəaları real həyatda təmin olunmuş, dövlət suverenliyi formal hüquqi norma olmaqdan çıxaraq praktik siyasi reallığa çevrilmiş, bütün dövlət institutlarının vahid məqsəd ətrafında fəaliyyət qabiliyyəti güclənmişdir.

Prezident İlham Əliyev Azərbaycanın dövlətçilik ideologiyasını da Konstitusiyanın prinsiplərinə uyğun şəkildə formalaşdırmışdır. Bu ideologiya xalqa məxsus suverenlik, qanunun aliliyi, milli maraqların üstünlüyü, siyasi müstəqillik və balanslı diplomatiya prinsiplərini özündə ehtiva edir. 

Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi mili ənənələrə söykənərək bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir. 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Избранный
21
azerbaijan-news.az

1Источники