RU

BMT yeni Baş katib seçkisinə start verdi

BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası birgə məktub yayımlayaraq dünya qurumunun yeni baş katibinin seçilməsi prosesinə başlayıb.

Musavat.com xəbər verir ki, sənəd noyabr ayında Təhlükəsizlik Şurasına sədrlik edən Syerra-Leonenin BMT-dəki Daimi Nümayəndəliyinin mətbuat xidməti tərəfindən yayılıb.

Qeyd olunur ki, məktub "namizədlərin təqdim edilməsinə, seçim prosesinə başlamaq və növbəti Baş katibi təyin etmək" məqsədinə xidmət edir.

Birgə məktubda "təəssüflə qeyd olunur ki", dünya təşkilatının tarixində heç bir qadın onun rəhbəri təyin edilməyib və buna görə də "üzv dövlətlər qadınların namizədliyini ciddi şəkildə nəzərdən keçirməyə təşviq olunurlar". Sənəddə həmçinin deyilir ki, "Baş katibin seçilməsində regional müxtəlifliyin vacibliyini qeyd edirik".

Qeyd edək ki, BMT Baş katibi vəzifəsinə namizəd üzv dövlətlər tərəfindən irəli sürülür; hər bir ölkənin birdən çox namizəd təklif etmək hüququ var. Namizəd irəli sürmək üçün ölkələr Təhlükəsizlik Şurasının və Baş Assambleyanın prezidentlərinə məktub göndərməlidirlər. Namizədlər öz növbəsində təşkilatın inkişafı ilə bağlı vizyonlarını, eləcə də gəlir mənbələrini təqdim etməlidirlər. Əgər namizəd BMT daxilində işləyirsə, məktubda deyilir ki, "maraqların toqquşmasının qarşısını almaq üçün seçki kampaniyası zamanı BMT-dəki işlərini dayandırmağı düşünməlidirlər".

Baş katibin seçilməsi gələn ilin iyul ayının sonuna planlaşdırılıb. Hazırda iki nəfər dünya təşkilatının rəhbəri vəzifəsinə namizədliyini irəli sürməkdə maraqlı olduğunu bildirib: Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi və BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebekka Qrinspan.

BMT-nin hazırkı baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatır.

Baş katib BMT Təhlükəsizlik Şurası tərəfindən seçilir və Baş Assambleya tərəfindən təsdiqlənir. Onun səlahiyyət müddəti beş ildir və yenidən seçilmək imkanı var. Müddət məhdudiyyəti yoxdur, lakin əvvəllər heç kim bu vəzifəni 10 ildən çox tutmayıb. Müəyyən olunmuş təcrübəyə uyğun olaraq, BMT lideri Təhlükəsizlik Şurasının daimi üzvləri - Rusiya, Birləşmiş Krallıq, Çin, ABŞ və Fransa arasından seçilmir.

Musavat.com

Избранный
80
3
musavat.com

8Источники