RU

Ailənin ölüm səbəbi rəsmən açıqlandı

Almaniyadan istirahət üçün İstanbula gələn Böcek ailəsinin müəmmalı ölümü ilə bağlı ağır faktlar üzə çıxıb.

Ailənin dörd üzvünün – ata, ana və iki azyaşlı uşağın zəhərlənərək həlak olduğu hadisə üzrə aparılan istintaqda 11 nəfər şübhəli qismində saxlanılıb. Onlardan 8-i həbs edilib, 3 nəfər isə məhkəmə nəzarəti altında azad buraxılıb.

İstanbul Baş Prokurorluğunun müraciəti əsasında Məhkəmə-Tibbi İdarəsinin hazırladığı son rəy hadisənin əsl səbəbini ortaya qoyub. Rəsmi məhkəmə-tibbi ekspertiza ailənin ərzaq zəhərlənməsi nəticəsində öldüyü barədə iddiaları tamamilə təkzib edir.

Müayinələrin nəticəsinə görə, Çiğdem Böcek, Servet Böcek, eləcə də uşaqlar Kadir Muhammet və Masal Böcek oteldə həşəratların məhv edilməsi üçün istifadə olunan kimyəvi maddənin təsirindən zəhərlənərək dünyalarını dəyişiblər. Ailənin qaldığı otaqda tətbiq olunan insektisidin yüksək dozası onların həyatını faciəvi şəkildə sonlandırıb.

Məhkəmə-Tibbi İdarəsi tərəfindən aparılan meyitə tibbi baxış, meyitin yarılması, laboratoriya analizləri və 1-ci İxtisas Şurasının rəyinə əsasən, ölümün məhz zəhərli kimyəvi maddəyə məruz qalma nəticəsində baş verdiyi rəsmən təsdiqlənib.

İş üzrə istintaq davam edir. Otelin rəhbərliyi, texniki işçilər və digər məsul şəxslər ağır səhlənkarlıq və ölümə səbəb olmaqda ittiham olunur.

Hadisə Türkiyədə geniş rezonans doğurub və hotellərdə təhlükəsizlik qaydalarının ciddi şəkildə yenidən qiymətləndirilməsini gündəmə gətirib.

 

Şahanə Rəhimli
Musavat.com

Избранный
70
musavat.com

1Источники