RU

Ermənistan Hindistanın qırıcı təyyarələrini almaqdan imtina etdi... Amma…


İsrailin “Jerusalem Post” qəzeti Ermənistanın Hindistanın “Tejas” qırıcı təyyarələrinin alınması ilə bağlı müqaviləni dondurduğunu bəyan edib. Qəzetin yazdığına görə, qərar Dubay Aviasiya Sərgisində pilot, Hindistan Hərbi Hava Qüvvələrinin zabiti Namanş Sialın bu təyyarə qəzasında həlak olmasından sonra verilib.

İsrail mediası iddia edir ki, İrəvan 12 ədəd ən yeni “Tejas-Mk-1A” qırıcı təyyarəsi almağa hazırlaşırdı.

Qəzetin yazdığına görə, sövdələşmənin ümumi həcmi 1 milyard 200 milyon ABŞ dolları təşkil edir. Hərbi xəbər saytı olan “Defence Security Asia” Ermənistanın 20 Hindistan qırıcısı almağı düşündüyünü iddia edir: “Əgər razılaşma yekunlaşarsa, Ermənistan Hindistan qırıcılarının ilk xarici alıcısı ola bilərdi”. “Tejas-Mk-1A” qırıcıları “Hindustan Aeronautics” tərəfindən istehsal olunur. Bununla belə, onlar bir sıra ən son İsrail texnologiyaları ilə təchiz olunublar. “Jerusalem Post”un məlumatına görə, bunlara İsrailin “Elta” şirkətinin istehsalı olan AESA radarları və elektron döyüş sistemləri daxildir. Amma bu da qırıcların ən müasir tələblərə cavab verməsini şərtləndirmir. Hər halda Hindistan hərbi hava qüvvələrinə məxsus “Tejas” yüngül döyüş təyyarəsinin Dubayda davam edən beynəlxalq aviaşouda nümunəvi uçuş zamanı qəzaya uğraması da bunun təsdiqidir. Qeyd edək ki, aviaşouda Hindistanın “Suryakiran” akrobatik komandası və “Hindustan Aeronautics Limited” şirkətinin istehsalı olan “Tejas” qırıcıları iştirak edirdi. Hindistan hökuməti 1983-cü ildə “Tejas” təyyarələrinin istehsalına başlamağa qərar verib. İlk olaraq təyyarələrin 1994-cü ildə istismara verilməsi planlaşdırılsa da, bu, yalnız 2015-ci ildə mümkün olub. Amma bu təyyarələr hələ də qüsurludur. Qəzaya uğramış təyyarə tədbirin son günündə böyük tamaşaçı kütləsi qarşısında yerə düşüb. Hadisə şahidləri təyyarənin demək olar ki, havaya qalxdığı anda nəzarətdən çıxaraq yerə çırpıldığını və qəza yerindən qalxdığını gördükləri qalın qara tüstünü təsvir ediblər. Helikopterlər və yanğınsöndürənlər də daxil olmaqla fövqəladə yardım qrupları dərhal hadisə yerinə cəlb olunub və ərazi təxminən 45 dəqiqəyə təmizlənib. Dünyanın ən böyük aviasiya sərgilərindən biri olan “Dubay Aviaşousu” qəzadan sonra proqramını müvəqqəti dayandırıb və xilasetmə işləri aparıldığı müddətdə ziyarətçiləri sərgi sahəsinə geri yönləndirib. Hadisə Hindistan və Ermənistan arasında hərbi əməkdaşlığa da artıq öz təsirini göstərib.

Qeyd edək ki, 2020-ci il müharibəsi və sonrakı regional dəyişikliklər Ermənistanın ənənəvi təhlükəsizlik təminatçısı rolunda çıxış edən Rusiyaya asılılığını azaltmaq ehtiyacını gündəmə gətirdi. Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın silah ixrac qabiliyyətinin zəifləməsi və prioritetlərinin dəyişməsi də Ermənistanın yeni tərəfdaşlar axtarmasına səbəb oldu. Bu kontekstdə Hindistan həm texnoloji potensialı, həm də siyasi baxımdan daha çevik tədarükçü kimi önə çıxdı. Dehlinin “Make in India – Defence Export” strategiyası çərçivəsində Ermənistan kimi bazarlar onun üçün vacibdir. Hindistan-Ermənistan hərbi əlaqələrinin ən nəzərəçarpan hissəsi silah tədarükünü əhatə edir. Bu xüsusda ilk böyük addım 2020-ci ildə atılmış və Hindistan Ermənistana dörd ədəd “Swathi Weapon Locating Radar” sistemi satmışdı. Bu radar topçu atəşini aşkar etmək üçün nəzərdə tutulub.Əməkdaşlıq 2022-ci ildən etibarən daha geniş miqyas alıb. Həmin ildən başlayaraq Ermənistan Hindistandan bir neçə böyük paket üzrə silah alıb. Bu paketlərə aşağıdakılar daxildir: “Pinaka” çoxnöqtəli raket yaylım sistemi Ermənistan ordusunun uzaqmənzilli raket imkanlarının genişləndirilməsi üçün əsas platformaya çevrilib. 155 mm “ATAGS” haubitsaları sistemləri Ermənistanın topçu bölmələrinin yenilənməsində mühüm rol oynayıb. “Akash-1S” zenit-raket kompleksi isə hava hücumundan müdafiə üçün nəzərdə tutulmuş orta mənzilli sistemdir və Ermənistan bu sistemlərdən 2022–2024-cü illər arasında əhəmiyyətli sayda sifariş verib. Müxtəlif mərmilər, anti-tank raketləri, radarlar və anti-drone sistemləri də əməkdaşlığa daxildir. Bu silah paketlərinin ümumi dəyərinin son illərdə 600 milyon ABŞ dollarına yaxın olduğu bildirilir ki, bu da Hindistanı Ermənistanın əsas silah tədarükçülərindən birinə çevirir. Amam elə o vaxtdan hind silahlarının keyfiyyəti də ciddi sual altında olub. Hazırda Hindistan dünya silah bazarında satıcı yox, daha çox alıcı qismində tanınır. Hətta xaricdən bəzi növ silah alışına görə dünya birincisidir. Bu ölkənin silah idxalı 2014-2018 və 2019-2023-cü illər arasında 4,7 faiz artıb, son 20 ildə ölkə silah alınmasına 60 milyard dollardan çox vəsait xərcləyib. Yaxın 10 ildə ölkə silah və silah-sursat alışına 100 milyard dollara qədər vəsait xərcləməyi planlaşdırır. Yəni, Ermənistana silah satan Hindistan özü başqa ölkələrdən silah alır və raketlər, təyyarələr, döyüş gəmiləri istehsal etmək üçün tələb olunan kritik texnologiyalara sahib deyil. Əksinə, silah alarkən onların hazırlandığı texnologiyaları da əldə etməyə çalışır. Daha bir maraqlı məqam Hindistanın Rusiya silahının ən böyük alıcı olması faktıdır. Belə ki, Hindistan ordusunun silah arsenalının 65%-i Rusiyadan alınmış silahlardır. Hindistan hərbi sənayesinin uğuru kimi təqdim edilən “BrahMos” raketləri həm də Rusiyanın hərbi-texniki əməkdaşlıq çərçivəsində ötürdüyü texnologiyalar əsasında hazırlanıb. Hindistanın Ermənistana satdığı eksperimental xarakterli, heç bir müharibə və döyüş sınağından çıxmamış silahların əksəriyyətinin keyfiyyəti və dəqiqliyi ciddi sual altındadır. Görünən odur ki, Hindistan Ermənistanı bu silah və texnikaların sınaqdan keçiriləcəyi poliqon gözündə görür. Bu üzdən Hindistan milyonlarla qiymətə Ermənistana yararsız və keyfiyyətsiz silah və texnika sırıyır.

Tahir TAĞIYEV

Избранный
32
baki-xeber.com

1Источники