RU

Cənubi Koreyada “Nuri” milli raketinin 4-cü buraxılışı olub

Pekin, 27 noyabr, AZƏRTAC

Cənubi Koreyanın milli istehsalı olan (“Nuri”) kosmik raketinin 4-cü buraxılışı uğurlu olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Ölkənin cənubundakı Naro məntəqəsindən yerli vaxtla gecə saat 1:13-də buraxılan raket bir neçə peyki orbitə qaldırıb.

Qeyd edək ki, Cənubi Koreya “Nuri” raketinin hazırlanması üçün 2010-cu ildən bəri 1,8 milyard ABŞ dolları vəsait sərf edib. “Nuri” 2021-ci ildə ilk cəhddə 700 kilometr yüksəkliyə qalxsa da, şərti peyki orbitə çatdıra bilməmişdi. 2022-ci ildə “Nuri” raketi sınaq tapşırığında şərti peyki Yer səthindən 700 kilometr yüksəkliyə qaldırıb. Cənubi Koreya bu uğurla keçmiş SSRİ, ABŞ, Fransa, Çin, Yaponiya və Hindistandan sonra çəkisi bir tondan çox yükü orbitə çıxaran raket istehsal edə bilən yeddinci ölkə adını qazanıb. 2023-cü ildə isə “Nuri” kosmik raketi biri şərti olmaqla müxtəlif ölçüdə 8 peyki orbitə qaldırıb. 2027-ci ilədək daha 4 ədəd “Nuri” raketinin buraxılışının həyata keçirilməsi planlaşdırılıb. Növbəti hədəf isə Ay səthinə enə bilən modulun 2031-ci ildə kosmosa göndərilməsidir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

 

Избранный
74
1
azertag.az

2Источники