UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində V tura yekun vurulub.
Senzor.az bildirir ki, ikinci oyun günündə də 9 görüş keçirilib.
Turun mərkəzi qarşılaşması Londonda baş tutub. Evdə "Bavariya"nı qəbul edən "Arsenal" görüşdən 3:1 hesabı ilə qalib ayrılıb. Bu, Almaniya təmsilçisinin cari Çempionlar Liqası mövsümündə ilk məğlubiyyətidir. "Topçular" isə beş oyunda beş qalibiyyət əldə ediblər.
Turun digər oyununda "Atletiko Madrid" evdə "İnter"dən üstün olub. İspaniya təmsilçisi qələbəni matçın əsas hissəsinə artırılmış dəqiqələrdə təmin edib - 2:1. "İnter" cari mövsümdə ilk dəfə məğlubiyyət acısı yaşayıb.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
"Kopenhagen" - "Kayrat" - 3:2;
"Pafos" - "Monako" - 2:2;
"Ayntraxt Frankfurt" - "Atalanta" - 0:3;
"Liverpul" - PSV - 1:4;
"Olimpiakos" - "Real Madrid" - 3:4;
PSJ - "Tottenhem" - 5:3;
"Sportinq" - "Brügge" - 3:0.
Xatırladaq ki, Azərbaycan çempionu “Qarabağ” ötən gecə səfərdə “Napoli” ilə qarşılaşıb. Ağdam təmsilçisi İtaliya klubuna 0:2 hesabı ilə uduzub. 
1-ci turda “Benfika”ya (3:2), 2-ci turda “Kopenhagen”ə (2:0) qalib gələn, 3-cü turda “Atletik”ə məğlub olan (1:3), 4-cü turda isə “Çelsi” ilə heç-heçə (2:2) edən Qurban Qurbanovun komandası hazırda sıralamada 7 xalla 19-cudur.
"Qarabağ" üçün hər şey növbəti iki turda, komandamızın Bakıda "Ayaks Amsterdam" (10 dekabr) və "Ayntraxt Frankfurt" (21 yanvar) ilə qarşılaşacağı oyunda həll olunacaq. Bu iki oyundan birində qazanılan qələbə 1/16 finala vəsiqə qazanmaq üçün kifayət edə bilər.
Onu da qeyd edək ki, ÇL-nin Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar çıxışlarını avrokuboklarda başa vuracaqlar.