RU

Sülh prosesi konstruktiv gündəlik üzrə irəliləyir

Son dövrlərdə Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinə nəzər yetirərkən görürük ki, hər şey ölkəmizin ilk gündən müəyyənləşdirdiyi gündəlik üzrə gedir. Məsələ ondan ibarətdir ki, Azərbaycan bu işdə diktə siyasətinə deyil, xalqların marağına, birgə yaşamasına, regionun hərtərəfli inteqrasiyasına və münasibətlərin düşmənçilikdən çıxaraq sülh üzərində qurulmasına istiqamət verir. 

Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, 8 avqust tarixli Vaşinqton görüşündən başlayaraq sülhə doğru konkret addımlar atılır. Ağ Evdə imzalanan sənədlər gələcəyə doğru istiqamətlənmiş və heç bir halda qarşısı alınmayacaq müqavilələrdir. Bu müqavilələrlə regionda sülh və təhlükəsizlik daha dayanıqlı əsaslarla təmin olunacaq. Zəngəzur dəhlizi (TRIPP) layihəsinin reallaşması isə sadəcə Azərbaycana iqtisadi dividendlər gətirməyəcək. Bu, təkcə ABŞ-nin və onun biznes ictimaiyyətinin maraqlarına deyil, həm də regionun, eyni zamanda Ermənistanın maraqlarına cavab verən məsələdir. 

A.Badamov bildirib ki, Azərbaycan yalnız Ermənistanla münasibətləri yoluna qoymur, digər regional aktorları da balanslaşdırmağı, lazım gələndə neytrallaşdırmağı da bacarıb. Biz İranın da, Rusiyanın da iqtisadi layihələrdə maraqlı olduğunu görürük. Başqa bir məsələ ondan ibarətdir ki, Azərbaycan-Ermənistan münasibətlərinə kökündən zərbə vurmağa çalışan Fransanı da Azərbaycan tam neytrallaşdırmağı bacarıb və bu gün Fransa tərəfindən müsbət addımları müşahidə etməkdəyik.

Deputat vurğulayıb ki, sülh prosesinə zərbə vurmaq istəyən qüvvələrin olmasına baxmayaraq, bu istiqamət üzrə bütün məsələlər konstruktiv gündəlik üzrə irəliləyir: "Burada sadəcə dövlət təsisatları və institutları arasında deyil, həm qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları arasında intensivləşən münasibətlərin şahidiyik. Bu yanaşmanın özü də sülh prosesinin dayanıqlı əsaslarla inkişafına zəmin yaradır. 

Ermənistanda bir qrup insan var ki, heç bir halda Azərbaycanın zəfərini qəbul etmək istəmir, çünki Qarabağ məsələsi onların əlində siyasi alət idi. Qarabağ münaqişəsindən istifadə edərək öz hakimiyyətlərinin müddətini uzadır, hakimiyyətdə oturduqları müddətdə konfliktdən də, resurslardan da öz xeyirləri naminə istifadə edirdilər. Bu qüvvələr sülh prosesinə kölgə salmaq və əldə olunan nəticələri geriyə aparmaq üçün var gücləri ilə çalışırlar. Lakin artıq çox gecdir, xalqlar hər mənada ayılıb". 

A.Badamov deyib ki, istər Ermənistanın Baş naziri Nikol Paşinyanın, istərsə də onun komandasına daxil olan insanların bu istiqamətdə qətiyyətli davrandığı göz önündədir. Düzdür, həm Paşinyana, həm də onun komanda üzvlərinə siyasi təzyiqlər göstərənlər, cəmiyyəti onların üstünə qaldırmaq istəyənlər var. Amma Paşinyanın da olduqca düşünülmüş siyasət yürütdüyünü deyə bilərik: "Paşinyanın Qazaxıstana səfəri də məhz bununla bağlıdır. Birincisi, Baş nazir Ermənistanın resurs tələbatını təmin etmək istiqamətində addımlar atır. İkincisi isə qlobal iqtisadi layihələrdə pay sahibi olmaq istəyir. Azərbaycan ötən illər ərzində Ermənistana tranzit ölkə olmaq şanslarını bir neçə dəfə xatırladıb, amma İrəvan işğal siyasətindən əl çəkə bilmədiyi üçün həmin layihələrdən kənarda qalıb. Bu gün artıq tarixi bir məqam yetişib, bunu əldən vermək demək olar ki, dövlət olaraq legitimliyi itirməyə bərabərdir". 

Deputat düşünür ki, həm dövlət qurumları, həm QHT, vətəndaş cəmiyyəti institutları, həm də fərd olaraq hər kəs bu işi şüurlu şəkildə dərk etməli, buna müqabil yanaşma ortaya qoymalıdırlar: "Prezident İlham Əliyev tariximizi heç zaman unutmamalı olduğumuzu xalqımız qarşısında yaddaş kitabçası olaraq müəyyənləşdirib. Odur ki, siyasi, iqtisadi və ideoloji baxımdan güclü olmaqla inkişaf yolundan dönməməliyik".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
39
50
azerbaijan-news.az

10Источники