Tədqiqat döymələrin dəri xərçəngi, o cümlədən melanomanın inkişaf ehtimalını artırdığını göstərir...
Poliqon xəbər verir ki, İsveçin Lund Universitetinin alimləri döymələrin dəri xərçəngi riskini artırdığına dair yeni elmi nəticələr açıqlayıb. European Journal of Epidemiology jurnalında dərc olunan tədqiqat göstərir ki, döyməsi olan insanlarda melanoma xəstəliyinə tutulma ehtimalı statistiki olaraq daha yüksəkdir.
Tədqiqat çərçivəsində 20–60 yaş arasında olan, melanoma diaqnozu qoyulmuş 2880 isveçli haqqında məlumatlar analiz edilib və nəticələr xəstəliyi olmayan nəzarət qrupu ilə müqayisə olunub. Hər iki qrupun iştirakçıları döymələrinin olub-olmaması, dəri tipləri, günəş altında qalma müddətləri və solyariumdan istifadə barədə anketlər doldurub. Bütün risk amilləri nəzərə alındıqdan sonra məlum olub ki, melanomaya yoluxmuş şəxslərin 22 faizində döymə var, nəzarət qrupunda isə bu göstərici 20 faiz təşkil edib.
Alimlər qeyd edir ki, döymə ilə melanoma arasında birbaşa səbəb-nəticə əlaqəsi hələ sübuta yetirilməyib. Bununla belə, tədqiqatçılar immun sisteminin reaksiyasını mümkün mexanizm kimi göstərirlər: döymə piqmentinin hissəcikləri orqanizm tərəfindən yad maddə kimi qəbul edilə və limfa düyünlərinə daşına bilər. Digər bir potensial risk faktoru isə bəzi döymə boyalarının tərkibindəki azopiqmentlərdir. Günəş şüaları və ya lazer təsiri altında bu maddələr parçalanaraq kanserogen xüsusiyyətli birləşmələrə çevrilə bilər.
Tədqiqatçılar əlavə araşdırmaların vacib olduğunu vurğulayır, lakin əldə olunan nəticələrin döymələrin sağlamlıq üçün tam təhlükəsiz hesab edilməsi ilə bağlı mövcud fikirləri yenidən nəzərdən keçirməyə əsas verdiyini bildirirlər.
Poliqon.info