Bu arada oyundan öncə Macarıstan mətbuatı bu ölkənin əfsanələrindən olan Layoş Kyu ilə söhbətləşib. Bu da təsadüfi deyil. Hazırda 77 yaşı olan Kyu 1971/72-də UEFA kubokunda ''Ferenstvaroş''un heyətində İstanbula gələn isimlərdən biri olub.
1971-ci ilin sentyabrın 14-də oynanılan matçda 1:1-lik bərabərlik qeydə alınmış və qonaqların heyətində qolu məhz Kyu vurmuşdu. Sentyabrın 29-da Macarıstandakı cavab oyununda isə meydan sahibləri 3:1 üstün olaraq mərhələni adlamışdılar. O vaxtdan bu yana komandaların yolu ilk dəfədi, kəsişir.
Kyu Kadıköydəki atmosferə tərif yağdıraraq bunları deyib:
''Həmin gün sanki cəhənnəmdə oyuna çıxmışdıq. Stadiondakı gurultu o qədər güclü idi ki, bir-birimizin səsini güclə eşidirdik. Bir-birimizlə ünsiyyət qurmaq üçün mütləq qışqırmalı olurduq. Mən ''Uembli''də 100 min fanatın önündə də oynamışam. Ancaq İstanbuldakı qədər gurultu fırtınası yaşamamışdım. Qarşıdakı oyundan ən azı bərabərlik gözləyirəm. Nə üçün uduzmalıyıq? 4 tura 10 xal toplamışıq və uğurlu oyunlar seriyamızı davam etdirməliyik. ''Fənərbaxça'' dünya səviyyəli ulduzlara sahibdi. Ancaq bu o demək deyil ki, əvvəlcədən əllərimizi yuxarı qaldırıb təslim olmalıyıq. Bizim komanda Avropa nəhənglərinə qarşı uğurlu nəticələr əldə etməyi bacarır. Qısası, Avropada uğurlu oynamaqda davam etməliyik''.