RU

Yumurtanın və toyuğun qiyməti artdı, səbəb dabaq xəstəliyidir?

İqtisadçı deyir ki, nə istehsalda, nə də ixracda dəyişiklik var, amma...

Bazarlarda son günlər yumurta və toyuq ətinin qiymətində ciddi artım müşahidə olunur: kənd yumurtası artıq 40–45 qəpiyə, broyler yumurtası isə 18–20 qəpiyə satılır. Toyuq ətinin kiloqramı da 6 manatdan 8 manata qalxıb. Qiymətlərdəki bu sürətli bahalaşma alıcılarda ciddi narazılıq yaradıb, xüsusilə də gündəlik istehlak məhsullarının belə qısa müddətdə əlçatmaz hala gəlməsi sosial mediada geniş müzakirə olunur. İndi əsas sual budur: bu bahalaşma dabaq xəstəliyinin yayılmasından sonra yaranıb, yoxsa səbəb tamam başqa yerlərdə axtarılmalıdır?

resize.jpg

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “Mən statistikanı araşdırdım. Son 10 ayda ölkədə ümumilikdə 1 milyard 975 milyon 200 min ədəd yumurta istehsal olunub və bu rəqəm əvvəlki illə 3 faiz müqayisədə daha yüksəkdir. Yəni istehsalda azalma yox, əksinə, artım var. Turizm də zəif olduğu üçün ölkəyə çox turist gəlmir ki, istehlak artsın. Əhali də o qədər artmayıb ki, deyək, buna görə çox istehlak olunur. Ümumi rəqəmi təxmini 300 günə böldükdə gündəlik istehsal 6 milyon 584 min ədəd yumurta edir. Bu, ölkə üçün kifayət qədər böyük göstəricidir.

İxrac göstəricilərinə də baxırıq. Burada da əhəmiyyətli bir ixrac yoxdur. Məsələn, ilin əvvəlindən cəmi 1 milyon 620 min ədəd yumurta ixrac edilib ki, bu, ümumi günlük istehsal qədər ixrac olmayıb. Əhalinin gündəlik tələbatı isə 3–5 milyon arasında dəyişir, çox vaxt 3–4 milyon olur. Bu, onu göstərir ki, istehsal tələbatdan artıqdır, lakin buna baxmayaraq qiymətlər qalxıb.

Qiymətlərin uzun müddət aşağı olması – 9, 10, 12 qəpik səviyyəsində qalması – fermerlər üçün ziyanlı idi. Fermerlər 10–12 qəpik qiymətində yumurtanı ziyana satdıqlarını deyirdilər. Mən broylerlərin xərc strukturunun dəqiq nə qədər olduğunu tam bilmirəm, amma ümumi yanaşma budur ki, 12 qəpikdən aşağı qiymət zərərlə nəticələnir. Bu vəziyyət uzun müddət davam etdi və qiymətlər həmin səviyyədə qaldı. İndi isə payız dövrü ilə əlaqədar müəyyən bahalaşma müşahidə olunur.
Kənd yumurtalarının qiyməti ayrıca artma potensialı daşıyır, çünki kənd toyuqlarının qırt düşməsi və digər amillər təsir edir. Ümumiyyətlə, payız aylarına qədər yumurta istehsalı bir qədər azalır. Kənd yumurtaları premium sayıldığı üçün broyler yumurtalarından həmişə daha baha olur, amma bazar qiymətini müəyyən edən əsas amil deyil. Qiyməti əsasən broyler yumurtaları formalaşdırır. Broyler yumurtalarının qiyməti də son aylarda artıb. Əvvəllər 15–16 qəpik idi, indi 18 qəpik civarındadır və bu artımın hələ son olmadığı görünür.

İstehsal tərəfinə baxanda ciddi azalma yoxdur, əksinə artım var. İxracda da nəzərəçarpacaq dəyişiklik yoxdur. 8 aylıq ixrac göstəricilərinə baxdıqda, məsələn, mayalanmış yumurtalarda 3,8 milyon ixrac olunub, halbuki keçən il 1,1 milyon ixrac olmuşdu. Bunlar da bazarı silkələyəcək qədər böyük rəqəmlər deyil. Ümumilikdə 1 milyard 975 milyon yumurta istehsalı fonunda bu rəqəmlər iki faizli rəqəmlərdir və əhalinin tələbatından daha çoxdur”.

İqtisadçı deyir ki, burada əsas məsələ mövsümlə bağlıdır: “Burada qiyməti əsasən bir neçə iri broyler təsərrüfatı formalaşdırır. Yaxşı olardı ki, İstehlak Bazarına Nəzarət Antiinhisar Dövlət Agentliyi burada razılaşdırılmış qiymət davranışlarının olub-olmamasına nəzarət etsin. Yumurta sıradan hansısa xidmət və ya restoran menyusu deyil ki, öz-özünə bazar mexanizmi ilə tənzimlənsin. Bu sahədə istehsalçılar və distribyutorlar aktiv rol oynadığı üçün onların qiymət siyasətinə də diqqət yetirilməlidir. Bu ehtimallardan biridir.

Ümumən, payız dövrü gələnə qədər təsərrüfatlar yay aylarının saxlama və planlaşdırma problemlərini həll ediblər. Hazırda məhsulu daha gəlirli qiymətə sata bilirlər. Bununla yanaşı, dabaq xəstəliyi ilə əlaqədar əhalinin tələbatın artması, qırmızı ətin bahalaşması əhalinin alternativ zülal mənbəyi kimi quş ətinə, yumurtaya yönəlməsinə səbəb ola bilər. Bütün bunlar qısa müddətli təsirlərdir və hələ yekun fikir bildirmək çətindir. Statistik rəqəmlər isə ümumi mənzərədə istehsalın kifayət qədər olduğunu göstərir”.

Afaq Mirayiq,
Musavat.com

Избранный
48
musavat.com

1Источники