"Football-plus.az" xəbər verir ki, Rotterdam təmsilçisi son olaraq Avropa Liqasında evdə ''Seltik''ə məğlub oldu. Bu, ''Feyenoord''un bütün turnirləri nəzərə almaqla ardıcıl 4-cü məğlubiyyəti oldu. Komandanın sonuncu dəfə belə uğursuz seriyası 2016-cı ildə olmuşdu.
''Seltik''ə qarşı son oyunda Van Persinin həm də oğlu Şakili meydana buraxması diqqət çəkdi. 81-ci dəqiqədə oyuna daxil olan 19 yaşlı futbolçu böyük futbolda debüt etdi. Məhz onun meydana çıxmasından sonra ''Seltik'' 3-cü qolu vuraraq yekun nəticəni müəyyənləşdirdi. Van Persinin belə vacib məqamda təcrübəsiz oğlunu döyüşə atması fanatlar tərəfindən birmənalı qarşılanmadı.
42 yaşlı mütəxəssis oyundan sonra bu mövzudakı iradlara belə cavab verib:
''Bu qərarın duyğusallıqla heç bir əlaqəsi yoxdu. Qərarı verərkən bir ata kimi yox, baş məşqçi kimi davrandım. Tamamilə taktiki gediş idi. Çünki qola ehtiyacımız var idi. Şakil isə hər mövqedən qol vurmağı bacaran futbolçudu. Bu üzdən onu meydana buraxdım. Təbii ki, bir ata üçün oğlunu meydanda görmək hər zaman qürurvericidi. Ancaq mən bununla məşğul deyiləm. Şakil də mən də sadəcə işimizi görürük''.
Qeyd edək ki, 2006-cı il təvəllüdlü Şakil van Persi bu mövsüm ''Feyenoord''un gənclərdən ibarət komandasında 22 oyuna 21 qol vurub.