İtaliya A Seriyasının XIII turunda “Fiorentina” səfərdə “Atalanta”ya 0:2 hesabı ilə uduzub.
İdman.Biz xəbər verir ki, tarixinin ən zəif mövsüm startlarından birini edən florensiyalılar çempionatda 19-cu pilləyə yuvarlanıb və Konfrans Liqasında da nəticələr azarkeşləri qane etmir.
Matçın final fitindən sonra səfər tribunasında olan “Fiorentina” azarkeşləri komandanın futbolçularına sərt etiraz bildiriblər. Bu zaman komandanın ən təcrübəli futbolçularından olan Edin Ceko vəziyyəti sakitləşdirmək üçün meqafonu əlinə alaraq tribunaya müraciət edib. Lakin hücumçunun çıxışı azarkeşlər tərəfindən bir neçə dəfə yarıda kəsilib.
Ceko azarkeşlərdən dəstək istədiyini deyərək belə səslənib:
“Sizə ehtiyacımız var. Ayaqda qala bilmək üçün bir olmalıyıq”.
Təcrübəli hücumçunun yanında olmaq üçün kapitan Luka Ranieri və Rokko Mandraqora da tribunaya gedərək azarkeşlərlə dialoqa qatılıblar.
“Fiorentina”nın böhranı davam edir və azarkeşlər komandanın vəziyyətindən ciddi narazıdır.