RU

“Maklaren” komandasından səhv qərara izah

“Maklaren” rəhbəri Andrea Stella “Formula-1” üzrə Qətər Qran-prisində Oskar Piastri və Lando Norris üçün tətbiq olunan taktikanı şərh edib.

İdman.Biz xəbər verir ki, komanda təhlükəsizlik maşını trasda göründüyü anda pilotları boksa çağırmamağı seçib və bu qərar Piastrinin liderliyi, Norrisin isə üçüncülüyü itirməsi ilə nəticələnib.

Stella həmin epizodu belə izah edib:
“Biz pit-stop etməməyi seçdik. Açığı, bütün komandaların eyni anda dayanacağını gözləmirdik. Hamı boksa girən kimi bunun doğru addım olduğu ortaya çıxdı. Lider olduğun halda rəqiblərin nə edəcəyini düşünə bilmirsən. Landonu da içəri çağırsaydıq, ikili pit-stop zamanı itkilər ola bilərdi. Amma əsas səbəb, həqiqətən, hamının dayanacağını gözləməməyimiz idi. Bu, şüurlu qərar idi, sadəcə yanlış oldu”.

O, həmçinin qeyd edib ki, komanda bolidin sürətinə güvənərək fərq açmağı planlaşdırırmış:
“Biz düşünürdük ki, maşının tempi bizə fərq yaratmağa imkan verəcək. Amma təkərlərdə ciddi aşınma yox idi və sürəti maksimum istifadə edə bilmədik. Əlbəttə, belə nəticə istəmirdik. Təhlükəsizlik maşını epizodundakı qərarı yenidən təhlil edəcəyik”.

Beləliklə, “Maklaren” komandasının riskli strategiyası Qətərdə həm Piastrini, həm də Norisi podium imkanından məhrum edib.

İdman.Biz

Məqalədə:
Избранный
22
1
idman.biz

2Источники