RU

Məktəblilərarası Milli Hakatonun qalibləri mükafatlandırılıb

Bakı, 1 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin dəstəyi və “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkilatçılığı ilə keçirilən “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən Məkəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyət təminatı və nəzarət şöbəsinin müdiri Nilüfər Rəhimova bu il hakatonun olimpiada mərhələsinin mərkəzləşdirilmiş imtahan formatında təşkilinin yenilik olduğunu söyləyib. O bildirib ki, bu yanaşma şagirdlərin bilik və bacarıqlarının bütün bölgələrdə eyni meyarlarla qiymətləndirilməsinə və nəticələrin obyektivliyinin artırılmasına şərait yaradıb.

Daha sonra elm və təhsil nazirinin müavini Həsən Həsənli şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı sahəsində aparılan işlər barədə məlumat verib. Nazir müavini diqqətə çatdırıb ki, məktəblərdə rəqəmsal infrastruktur gücləndirilib, internet təminatı isə əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Hazırda ölkə üzrə 175 mərkəzdə kompüter əsaslı imtahan keçirmək imkanı mövcuddur.

Çıxışlardan sonra hakatonun gedişatını əks etdirən videoicmal nümayiş olunub. Sonra müxtəlif kateqoriyalar üzrə yarışların qaliblərinə mükafatlar təqdim olunub. Mükafatlandırma mərasimi bədii proqramla yekunlaşıb.

Sonda tədbir iştirakçıları üçün komandaların layihələri ilə tanışlıq məqsədilə infotur da təşkil edilib. Qeyd edək ki, müsabiqəyə ölkənin 63 regionundan 350 mindən çox məktəbli qatılıb. Onlardan 300-ü final mərhələsində iştirak edib. Finalda komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət və incəsənət sahələri üzrə hazırladıqları veb-sayt, mobil tətbiq və oyun formatlı layihələrlə çıxış ediblər.

“Məktəblilərarası Milli Hakaton – 2025”in əsas məqsədi şagirdlərdə proqramlaşdırma və rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, yaradıcı və istedadlı şagirdləri üzə çıxarmaq, onların gələcək inkişaf imkanlarını genişləndirməkdir.

Избранный
22
8
azertag.az

9Источники