RU

Əmək münasibətlərində yeni mərhələ:İslahatlar və qeyri-formal məşğulluğa qarşı mübarizə

İlqar Məmmədov: Əmək münasibətlərinin qanunauyğun və şəffaf prinsiplər əsasında qurulması həm vətəndaşların rifahı, həm də dövlətin dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır

Ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsi, işçi və işəgötürənlərin hüquqlarının müdafiəsi, istiqamətində son illərdə mühüm islahatlar həyata keçirilir. Əmək qanunvericiliyinə edilən dəyişikliklər və yeniliklər, qeyri-formal məşğulluğa qarşı gücləndirilmiş nəzarət mexanizmləri və rəqəmsallaşma prosesləri əmək bazarında yeni mərhələyə keçidi təmin edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədov qeyd olunan istiqamətlərlə bağlı qəzetimizə müsahibə verib.

-Əmək qanunvericiliyinə son dövrlərdə edilən əsas dəyişikliklər nələrdir və bu dəyişikliklərin işçi–işəgötürən münasibətlərinə hansı təsirləri var?

- Son dövrlərdə əmək qanunvericiliyinə edilən dəyişiklikləri bir cümlə ilə belə ifadə edə bilərik: İşçi və işəgötürənin hüquqi müdafiəsi gücləndirilib və əmək münasibətlərində şəffaflıq artırılıb. Bu dəyişikliklər əmək münasibətlərinin tənzimlənməsində müsbət nəticələr doğurur. Xüsusilə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə diqqət çəkmək istərdim. Əmək qanunvericiliyinin pozulmasına görə inzibati cərimənin şərti tətbiq olunduğu halların dairəsi genişləndirilib və bu halların sayı 11-ə çatdırılıb. Bu, o deməkdir ki, müəyyən kateqoriyalı xətalar üzrə işəgötürənə pozuntunu aradan qaldırmaq üçün vaxt verilir və həmin müddətdə xəta aradan qaldırılarsa, cərimə tətbiq edilmir. Bu yanaşma həm intizam, həm də maarifləndirici mexanizm kimi çıxış edir. Bu dairəyə artıq iki yeni hal da əlavə olunub: işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulması, əməkhaqqı, müavinət və digər ödənişlərin ödənilməməsi və ya tam ödənilməməsi halları. Bununla yanaşı, əvvəldən mövcud olan bəzi məsuliyyət mexanizmləri də dəqiqləşdirilərək genişləndirilib. Artıq işçilərin iş vaxtından artıq işlərə qanunsuz cəlb olunmasına görə məsuliyyət bütün hallarda daha aydın tətbiq olunacaq, istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirən işçilərin icbari sığorta olunmamasına görə isə ayrıca inzibati məsuliyyət tam şəkildə şamil ediləcək. Bu, hər bir işçinin həyat və sağlamlığına dəyən zərərə görə maddi təminata hüquqi zəmanəti gücləndirəcək. Digər mühüm yenilik Dövlət Əmək Müfəttişliyi Xidmətinin tələb etdiyi zəruri məlumatların təqdim edilməməsinə, yaxud natamam, səhv və ya gec təqdim edilməsinə görə inzibati məsuliyyətin müəyyən olunmasıdır ki, bu da işçi hüquqlarının müdafiəsində dövlət nəzarətinin çevikliyini və effektivliyini artırır. Eyni zamanda, əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçotu qaydalarının pozulmasına görə inzibati cəzaya cəlbetmə müddəti 1 ilədək uzadılıb. Bu dəyişiklik belə hallarda “müddətin keçməsi” ilə məsuliyyətdən yayınma imkanlarını xeyli məhdudlaşdırır. Paralel olaraq, əmək münasibətlərinin rəqəmsallaşdırılması istiqamətində də ciddi addımlar atılıb – əmək müqavilələrinin elektron qeydiyyatı, elektron əmək kitabçaları, elektron arayışlar və ƏMAS üzərindən proseslərin idarə olunması artıq praktik mexanizmə çevrilib. Nəticə etibarilə, bu dəyişikliklər işçilərin hüquqlarının real icrasına, işəgötürənlərin məsuliyyət hissinin artmasına və ümumilikdə əmək bazarında daha sağlam mühitin formalaşmasına xidmət edir.

-Əmək münasibətlərinin rəsmiləşdirilmədən həyata keçirilməsi qanunvericilikdə necə qiymətləndirilir, bunun yaranma səbəbləri nələrdir və belə hallarda işçiləri və işəgötürənləri hansı nəticələr gözləyir?

- Əmək qanunvericiliyinə əsasən, əmək müqavilələri sərbəst bağlanır və heç kəs əmək münasibətləri yaratmağa məcbur edilə bilməz. Lakin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolverilməzdir. İşəgötürən tərəfindən şəxslər işlərin yerinə yetirilməsinə cəlb edilirsə, ilk növbədə əmək müqaviləsi bağlanmalıdır. Müqavilə tərəflərin gücləndirilmiş elektron imzası ilə təsdiqləndiyi andan hüquqi qüvvəyə minir.

Əmək müqaviləsi olmadan işləyən şəxslər sonradan bir çox hüquqlarından məhrum olurlar: minimum əməkhaqqı, məzuniyyət, pensiya təminatı, əmək qabiliyyətinin itirilməsinə görə müavinət, bədbəxt hadisələrə və peşə xəstəliklərinə qarşı sığorta, təhlükəsiz əmək şəraiti və iş yerinin saxlanması kimi fundamental hüquqlar yalnız rəsmiləşdirilmiş əmək münasibətlərində təmin olunur.

Qeyri-formal məşğulluğun yaranmasının əsas səbəbləri isə üç istiqamət üzrə formalaşır:

Vergi və sosial ödənişlərdən yayınma meyli – bəzi işəgötürənlərin qısa müddətli “qənaət” məqsədilə öhdəliklərdən yayınması həm dövlət büdcəsinə, həm də işçinin sosial təminatına ciddi zərər vurur.

Əmək qanunvericiliyinin tələblərindən qaçmaq istəyi – iş və istirahət rejimi, məzuniyyət, təhlükəsizlik tədbirləri və digər öhdəliklərdən yayınmaq məqsədilə əmək münasibətləri rəsmiləşdirilmir.

İşçilərin hüquqi məlumatlılığının az olması – bəzi işçilər hüquqlarını bilmədiyi və ya işlərini itirmək qorxusu səbəbindən qeyri-formal işləməyə razı olurlar.

Qanunvericiliyə görə, əmək müqaviləsi olmadan işçi işlədilməsi ciddi inzibati məsuliyyət yaradır. Dövlət Əmək Müfəttişliyi Xidməti bu sahədə “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron sistemi vasitəsilə monitorinqlər aparır, müxtəlif dövlət informasiya bazaları ilə çarpaz yoxlamalar həyata keçirir. Uyğunsuzluq aşkarlananda işəgötürənə elektron bildiriş göndərilir və pozuntu aradan qaldırılmadıqda İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələr tətbiq olunur. Eyni zamanda, elektron protokol və ya elektron qərar real vaxt rejimində rəsmiləşdirilir.

Rəsmi əmək münasibətləri həm işçi, həm işəgötürən üçün mühüm üstünlüklər yaradır. Nəticədə işçinin sosial müdafiəsi güclənir, hüquqi təminat artır, işəgötürən cərimə və reputasiya risklərindən qorunur, əmək münasibətlərində şəffaflıq və davamlılıq təmin edilir. Bu, bütövlükdə sosial ədalətin və dayanıqlı iqtisadi inkişafın əsas şərtlərindən biridir.

Gələcək dövrdə qeyri-formal məşğulluğun azaldılması məqsədilə rəqəmsal nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, süni intellektə əsaslanan risk modellərinin tətbiqi, regionlarda maarifləndirici tədbirlərin genişləndirilməsi, işəgötürənlər üçün özünütəftiş (“self-inspection”) alətlərinin inkişaf etdirilməsi və hüquqi bazanın beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi nəzərdə tutulur.

-Əmək münasibətlərinin rəqəmsallaşmasının müsbət nəticələri hansılardır və bu dəyişikliklər işəgötürənlər, işçilər üçün hansı üstünlüklər yaradır?

- Son illər ölkəmizdə əmək münasibətlərinin rəqəmsallaşdırılması sahəsində ardıcıl islahatlar həyata keçirilir. 28 iyun 2024-cü il tarixli Qanun və Prezidentin 12 avqust 2024-cü il tarixli Fərmanı ilə artıq əmək müqavilələrinin bağlanması kağız üzərindən tamamilə elektron formata keçirilib. Necə deyərlər, kağız daşıyıcılar artıq tarixə qovuşub. Bu yanaşma həm işçi, həm də işəgötürən üçün prosedurları asanlaşdırır, şəffaflığı artırır və idarəetmədə operativlik yaradır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan xidmətlərdən artıq 90%-dən çoxu elektronlaşdırılıb, o cümlədən 52 xidmət proaktiv qaydada həyata keçirilir. Bu rəqəmsal transformasiyanın mərkəzində “Əmək və məşğulluq” altsistemi (ƏMAS) dayanır. ƏMAS əmək münasibətlərinin bütün mərhələlərini – işə qəbuldan tutmuş əməkhaqqının hesablanmasına, kadr uçotundan əməyin mühafizəsinə qədər – vahid platformada birləşdirir. Elektron müqavilələr, kadr sənədlərinin rəqəmsal idarə olunması, arayışların inteqrasiyası, iş vaxtı cədvəllərinin tərtibi, elektron yazışma və risk əsaslı nəzarət mexanizmləri sistemin əsas üstünlüklərindəndir.

Rəqəmsallaşma qeyri-formal məşğulluğun qarşısının alınmasına da mühüm təsir göstərir. 25 noyabr 2025-ci il tarixinə elektron əmək müqavilələrinin ümumi sayı 1 829 095 olub. Bunun 865 121-i dövlət, 963 974-ü özəl müəssisələrin payına düşür. Elektron müqavilələrin ümumi müqavilələrdə xüsusi çəkisi 95,98% təşkil edir. Bu il ərzində müqavilələrin sayında 578 225 artım qeydə alınıb. Keçidi tamamlamaqda gecikən işəgötürənlərə ƏMAS üzərindən bildirişlər və SMS xəbərdarlıqlar göndərilib. Uşaq əməyinə nəzarət də artıq sistem üzərindən avtomatik həyata keçirilir. ƏMAS 15 yaşdan aşağı şəxslərlə müqavilə bağlanmasına imkan vermir. 15–18 yaş arasında müqavilə yalnız valideyn və ya qəyyumun razılığı ilə rəsmiləşdirilir, zərərli və ağır iş yerlərinə isə 18 yaşdan aşağı şəxslərin qəbuluna sistem tərəfindən avtomatik məhdudiyyət tətbiq olunur. Həssas kateqoriyalar üçün qısaldılmış iş vaxtı norması da rəqəmsal şəkildə müəyyən edilir: 16 yaşınadək 24 saat, 16–18 yaş arası və bir sıra digər kateqoriyalar üçün həftədə 36 saatdan artıq olmamaqla. ƏMAS həmçinin iş yerlərinin zərərlilik attestasiyasının aparılması, əmək stajının avtomatik hesablanması və son yenilik olaraq əmək müqavilələrindən əlavə digər hüquqi sənədlərin də elektron imzalanması imkanını təqdim edir. Bütün bunlar işçi-müəssisə münasibətlərində hüquqi məsuliyyəti, şəffaflığı və idarəetmənin səmərəliliyini əhəmiyyətli dərəcədə gücləndirir. Nəticə etibarilə, ƏMAS ölkəmizdə əmək münasibətlərinin müasir tələblərə uyğun qurulmasına, rəqəmsal əmək mühitinin formalaşmasına və hər iki tərəf üçün təhlükəsiz, şəffaf, etibarlı əmək münasibətlərinin təmin edilməsinə xidmət edir.

-Bakıda, bölgələrimizdə, xüsusilə də işğaldan azad olunmuş ərazilərimizdəki müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı hansı maarifləndirmə tədbirləri görülür?

- Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər xüsusilə maarifləndirmə tədbirləri ilə daha da möhkəmləndirilir. Bu istiqamət üzrə fəaliyyət yalnız Bakıda deyil, həmçinin bölgələrdə, Naxçıvanda və işğaldan azad edilmiş ərazilərdə mütəmadi şəkildə həyata keçirilir. Xidmət tərəfindən əmək münasibətlərində dövlət nəzarətinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülür. Layiqli əməyin təmin edilməsi, əmək müqavilələrinin qanunvericiliyə uyğun şəkildə bağlanması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə bir sıra genişmiqyaslı maarifləndirmə işləri aparılır. Xidmət olaraq maarifləndirmə işlərinə xüsusi önəm veririk. Həm işəgötürənlər, həm də işçilər üçün müxtəlif görüşlər, seminarlar və təlimlər təşkil edirik. Eyni zamanda, uşaqların əmək hüquqları, gender bərabərliyi, təhlükəsizlik və insan alverinə qarşı mübarizə kimi mövzularda məlumatlandırıcı tədbirlər geniş şəkildə davam etdirilir.

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2025-ci il üçün təsdiq edilmiş Tədbirlər Planına əsasən, il ərzində işəgötürənlər və onların nümayəndələri üçün əmək münasibətləri sahəsində 59 maarifləndirmə tədbirinin keçirilməsi nəzərdə tutulmuşdu. Bu tədbirlər əmək qanunvericiliyinin düzgün tətbiqi, əməyin mühafizəsi, qeyri-formal məşğulluğa qarşı mübarizə, ƏMAS-dakı yeniliklərin tətbiqi və s. mövzuları əhatə edir. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə əmək hüquqlarının qorunması - işçilərin təhlükəsiz şəraitdə çalışmasının təmin edilməsi və əməyin mühafizəsi sahəsində nəzarət mexanizmlərinin qurulması əsas prioritetlərdəndir. Bu ərazilərdə fəaliyyət göstərən işəgötürənlər və ya onların nümayəndələrinin əmək qanunvericiliyi sahəsində maarifləndirilməsi, eləcə də rəqəmsal nəzarət alətləri vasitəsilə əmək münasibətlərinin şəffaf şəkildə tənzimlənməsi istiqamətində müvafiq işlər görülür. Bu istiqamətdə Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi də maarifləndirmə işlərini həyata keçirir. Müvafiq tədbirlər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təmin olunmasına göstərilən dövlət dəstəyinin davamı olaraq təşkil edilir. Qeyd edək ki, Xidmətin təşkilatçılığı ilə sosial tərəfdaşlarımız olan Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Dövlət Məşğulluq Agentliyi (DMA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə birgə işğaldan azad edilmiş ərazilərdə ənənəvi maarifləndirmə tədbirləri bu il də davam etdirilib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın məqsədlərinə uyğun olaraq təhlükəsiz yaşayışın təmin edilməsi, məskunlaşacaq əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, sosial xidmətlərin genişləndirilməsi və biznes mühitinin inkişafına dəstək məqsədilə keçirilən tədbirlərə dövlət və özəl sektor üzrə 135 işəgötürənin 5000-ə yaxın işçisi cəlb edilib. Görüşlər zamanı Mərkəz tərəfindən işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahəsində təqdim edilən xidmətlər barədə ətraflı məlumatlar verilir. Bununla yanaşı, əməyin mühafizəsi sahəsində təsdiq edilmiş yeni dövlət standartlarının tələbləri və tətbiq sahələri işəgötürənlərin diqqətinə çatdırılır.

Əmək münasibətlərinin qanunauyğun və şəffaf prinsiplər əsasında qurulması həm vətəndaşların rifahı, həm də dövlətin dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Qanunvericilikdə edilmiş yeniliklər, rəqəmsal nəzarət mexanizmləri və həyata keçirilən maarifləndirmə tədbirləri işçilərin hüquqlarının qorunduğu, işəgötürənlərin məsuliyyətli davranış sərgilədiyi və qeyri-formal məşğulluğun minimuma endirildiyi sağlam əmək bazarının formalaşmasına xidmət edir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Избранный
88
ikisahil.az

1Источники