RU

Milli kimliklərini itirən vətən xainləri - ŞƏRH

Və yaxud Ramiz Mehdiyev-Əli Kərimli tandeminin Azərbaycanı vassal ölkəyə çevirmək istəkləri…

Bəli, məhz bütün siyasi fəaliyyətini dövlətimizə  və xalqımıza qarşı düşmənçilik üzərində quran AXCP sədri Əli Kərimli həmişə ölkəmizə yönəlik ən sərt və antimilli mövqe sərgiləməkdən çəkinməyib. Əslində, Əli Kərimlinin qorxaq, cəsarətsiz, pula həris, öz mənafeyini milli maraqlardan üstün tutan, mənsub olduğu düşərgəni belə öz siyasi iddiaları naminə istismar edən birisi olduğu heç kimə sirr deyil. Son 20 ildə o, xarici fondlardan verilən pulları partiyasına deyil, məhz ailə problemlərinə xərclədiyi üçün partiyadan yüzlərlə üzv istefa vermişdir. Məhz belə bir xaraktersizin bu gün güclü və qüdrətli Azərbaycan dövlətinə və onun ali rəhbərinə qısqanclıqla yanaşması, ölkəmizə qarşı böhtan kampaniyaları aparması, hətta xarici qüvvələrə güvənərək ölkədə dövlət çevrilişlərinə cəhd etməsi bu antimilli ünsürün sosial şəbəkələrdəki statuslarından da aydın şəkildə görünürdü.

Birmənalı olaraq demək  mümkündür ki, Azərbaycan dövlətinə və onun konstitusiyon əsaslarına qarşı  çıxmaqda ona xarici ölkələrin casus şəbəkəsi də kömək edirdi. Çox təəssüf ki, həmin casus şəbəkəsi həm də uzun illər ərzində hakimiyyətdə yüksək vəzifəə tutmuş naxələflərin, satqınların idarəçiliyi altında reallaşırmış. Təbii ki, söhbət burada konkret olaraq Azərbaycan Respublikası Prezidentinin Adminstarsiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə Əli Kərimlinin işbirliyindən gedir. Diqqət edin Ramiz Mehdiyev və Əli Kərimli formal olaraq fərqli ideologiyaların təmsilçiləri kimi görünsələr də, ancaq Azərbaycana qarşı xəyanət və satqınçılıqda eyni dəst-xəttə malik olublar. Burada aydın görünən odur ki, Ramiz Mehdiyev Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrrdə AXCP-nin qaragürühçu fəaliyyətinə, mütəmadi olaraq  qanunsuz mitinq keçirməsinə  münbit  şərait yaradırmış.

Ən dəhşətlisi isə odur ki, birbaşa Rüsiyanın xüsusi xidmət orqanlarının nəzarətində olan və Azərbaycanın dağıdıcı müxalifətini idarə edən bir çox qrup və siyasi təşkilatlar məhz Ramiz Mehdiyevin göstərişləri və xəyanətkar tapşırıqları ilə maliyyələşirmiş. Diqqət edin: son 15 ildə Rusiyada yaradılan «Milyarderlər İttifaqı», həmçinin ölkə daxilində «İctimai Palata», «Ziyalılar Forumu», «Milli Şura» kimi bədnam layihələr  həmin dövrlərdə Azərbaycanda siyasi gərginliyi artırmağa, ölkəmizdə qardaş Türkiyənin deyil, məhz davamlı olaraq Ermənistana dəstək olan Rusiyanın mövqelərinin möhkəmlənməsinə xidmət edirdi.

Ramiz Mehdiyev həmin dövrdə AXCP və «Milli Şura»nın əsas siyasi rəhbərlik mərkəzi rolunu oynayıb. Radikal qrupların müxtəlif dövrlərdə dövlət obyektlərinə hücum cəhdləri, Milli Məclisə qarşı təşkil olunan təxribatlar, ölkənin təhlükəsizlik maraqlarına zidd çağırışlar Mehdiyev–Kərimli qaragüruhunun uzun illərdir davam etdirdiyi paralel siyasi koordinasiyanın elementləridir. Təbii ki, Azərbaycan dövləti bu dağıdıcı tandemdən azad olmasaydı gələcəkdə daha ciddi təhlükələrlə üzləşə bilərdi. Bu baxımdan hüquq-mühafizə orqanlarının son addımları cəmiyyət tərəfindən təhlükəsizlik tələbi kimi qəbul edilir.

Bəli, məhz Ramiz Mehdiyev -Əli Kərimli tandeminin son aylarda yenidən aktivləşməsi də təsadüfi deyil. Bu, regionda baş verən geosiyasi dəyişikliklərdən qaynaqlanan məsələdir. Yəni, onlar regional güclər arasında balansın dəyişməsi, xüsusilə də Rusiya–Ukrayna müharibəsinin postkonflikt mərhələsinə keçid etməsi fonunda Moskvanın bölgədə təsir dairələrini yenidən bərpa etmək cəhdlərinin güclənəcəyini  ehtimal edirdilər. Güman edirdilər ki, Rusiya ilə Azərbaycan arasında yaranan  gərginlikdən istifadə edərək, həm də məhz şimal qonşumuzun dəstəyi ilə ölkəmizdə dövlət çevrilişini reallaşdıra biləcəklər. Hətta Ramiz Mehdiyev və AXCP rəhbərliyi Xəzərdən Bakıya girəcək rus qoşunlarını da səbirsizliklə gözləyirmişlər.

Ən dəhşətlisi isə odur ki, Kremldəki bəzi ermənipərəst şəxslər bu xəyanətkar qüvvələrdən səmərəli istifadə etmək üçün  onların təkliflərini də dəyərləndirməli olublar. Belə ki, Ramiz Mehdiyevin Əli Kərimli ilə razılaşdırdığı 50 nəfərlik yeni «Dövlət Şura»sının nizamnaməsi gizli şəkildə Moskvaya da göndərilib. Noyabrın 29-da Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti tərəfindən AXCP sədrinin mənzilində aparılan axtarış zamanı Ramiz Mehdiyevin hazırladığı həmin sənədin əlyazması aşkar edilərək götürülüb. Açıq demək lazımdır ki, Ramiz Mehdiyev-Əli Kərimli birgə xəttində illərdir müşahidə edilən paralellər, onların siyasi davranış modelləri və bu davranışların xarici təsir tərəfindən idarə edilməsi artıq təkcə siyasi müzakirə məsələsi deyil, həm də dövlət təhlükəsizliyi məsələsidir.

Xatırladaq ki, Ramiz Mehdiyev bir sıra ağır və xüsusilə ağır cinayətlərdə -Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama), 274-cü (dövlətə xəyanət) və 193-cü (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Bu maddələr təkcə hüquqi deyil, həm də siyasi və mənəvi məsuliyyət doğuran ittihamlardır. Dövlətə xəyanət və hakimiyyətin zorla saxlanması ittihamı ölkənin təhlükəsizliyinə, konstitusion quruluşuna və milli iradəsinə yönəlmiş açıq hücumdur.

AXCP sədri Əli Kərimliyə qarşı isə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Çox güman ki, Əli Kərimlinin həbsinin olduqca ağır ittihamlarla reallaşmasında Ramiz Mehdiyevin istintaqa verdiyi etirafedici ifadələr də rol oynayıb.

Ölkə ictimaiyyəti ümid edir ki, Azərbaycan dövlətinə qarşı olan xəyanətin çərçivəsi, o cümlədən Ramiz Mehdiyev və Əli Kərimliyə hələ də gizli formada dəstək verən, xarici dövlətlərin tapşırığını hər an icra etməyə hazır olan şəxslərin dairəsi də qısa zamanda müəyyənləşərək haqlarında  zəruri hüquqi tədbirlər görüləcəkdir.

Elçin Zaman, “İki sahil”

Избранный
19
ikisahil.az

1Источники